"İstənilən sülh razılaşmasına nail olmaq olduqca çətindir".
Bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib:
“Müharibənin mirası inanılmaz dərəcədə bölücüdür və mən deyərdim ki, müəyyən səviyyədə etibar tərəflər arasında əsas məsələdir. Fikrimcə, indiki administrasiyalar yaxşı ünsiyyət və güclü iş əlaqələri qura biliblər".
Ceyms O’Brayn qeyd edib ki, son sərhəd tənzimləməsi, hər iki tərəfin demarkasiyanın əsasını təsdiqləməsi əhəmiyyətli, irəliyə doğru bir addım idi.
“Artıq qeyd etdiyim kimi, Ermənistan açıq-aşkar Azərbaycan ərazisində olan dörd kəndi geri qaytarmaq addımını atdı ki, bu da cəsarətli addımlar atmağa hazır olduğunu göstərir. Hətta ölkə daxilində bəzi siyasi bədəllər bahasına olsa belə, bu hərəkətlər inam yaratdı və bu addımları atmaq vacibdir. Mən bilirəm ki, Ermənistan və Azərbaycan cəmiyyətləri yetkindir, hər iki cəmiyyət şimaldan böyük dövlətin onların normallaşma prosesinə münasibət bildirməməsi ilə bağlı qərarlarını çox aydın ifadə ediblər. Sülhlə bağlı qərarı özünüz verin, amma bu çox uzanarsa, Rusiyaya regionda problem yaratmağa cəhd etmək imkanı verir. Ona görə deyərdim ki, hazırda etibarın yaradılması, tərəflərin sürətlə irəliləməsi vacibdir. Sürətlə gedin, amma tələsməyin, diqqətli olun”, - o deyib.
**17:30
Azərbaycan Avropaya qaz tədarükünü şaxələndirən mühüm təchizatçıdır.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
“Bu, hazırda Rusiyadan asılılığını azaltmağa və ya aradan qaldırmağa, o cümlədən tədarükləri şaxələndirməyə çalışan Avropa ölkələri üçün çox vacibdir”, - o vurğulayıb.
“Azərbaycan Avropa üçün çox mühüm təbii qaz tədarükçüsüdür. O, səkkiz ölkəyə qaz nəql edir və yaxın gələcəkdə daha dörd dövlətə qaz tədarük etməyi planlaşdırır. Bu, vacib buferdir. Avropa ölkələri Rusiya qazından imtina ediblər. Bir çox ölkələrdə Rusiyadan qaz tədarükünün faizinin sıfıra endiyini görürük. Gözləyirəm ki, gələn il Rusiyadan Moldovaya uzanan cənub boru kəmərlərindən biri Rusiya qazının tranzitini dayandırdıqda, tədarük daha da azalacaq”, - o qeyd edib.
Onun sözlərinə görə, bu, Rusiyanı Avropa üzərində mühüm siyasi təsir rıçaqlarından məhrum edir: “Azərbaycan mayeləşdirilmiş təbii qaz tədarük edən ABŞ, Qətər və digər ölkələrlə birlikdə bu keçidi həyata keçirmək üçün Avropanın ehtiyac duyduğu dayanıqlığın təmin edilməsində əsas rol oynayır”.
**
ABŞ və Azərbaycan bir çox sahələrdə tərəfdaşlıq qurub.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib.
“Bugünkü görüşləri keçirməkdən məmnun olduq. Bir çox sahələrdə güclü, səmərəli tərəfdaşlığımız var. Müzakirələrimizin əksəriyyəti regiondakı vəziyyətə həsr olunub. Biz Prezident İlham Əliyevlə bir neçə konkret məsələni, o cümlədən regiondakı vəziyyəti müzakirə etdik”, - o bildirib.
**
ABŞ Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu keçirilməsində dəstəkləyir.
Yerli KİV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
“ABŞ Azərbaycanın bu razılaşmada oynadığı rolu qətiyyətlə dəstəkləyib. İmkanlarımız daxilində konsultasiya və texniki dəstək verdik. Hesab edirik ki, iqlim dəyişikliyi dünya üçün əsas problemdir. COP29 isə bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi və iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması üçün vacib olan bəzi məsələlər üzrə real irəliləyiş əldə etmək imkanı verir. Buna görə də Azərbaycanın bu istiqamətdə irəliləməsi bizi ruhlandırır”, - o vurğulayıb.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.