
Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrdə barıt istehsalı üçün zəruri sayılan əsas komponentlərdən biri olan pambıq çatışmazlığı yaşanır.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.
Nəşrin bildirdiyinə görə, pambıq toxumlarının üzərindəki qısa liflərdən ibarət olan pambıq linterləri kimyəvi emaldan keçdikdən sonra piroksilin kimi də tanınan nitrotsellüloza çevrilir. Bu tez alışan maddədən artilleriya mərmiləri üçün barıtın hazırlanmasında istifadə edilir.
Qəzet qeyd edir ki, Birləşmiş Ştatlar özünü linterlərlə böyük ölçüdə təmin edir və piroksilin istehsalı potensialını daha da artırmaq niyyətindədir. Bildirilir ki, pambıq əkininin geniş yayılmadığı Avropa ölkələri indiyədək Çindən gələn linter tədarükündən və hazır piroksilin idxalından asılı olub. Hazırda isə Avropa dövlətləri öz nitrotsellüloz istehsalını genişləndirmək istəyir və linterlərə mümkün ola biləcək alternativləri araşdırırlar.