ABŞ Prezidenti demokrat Cozef Bayden qarşıdan gələn noyabr seçkilərindəki rəqibi, Pensilvaniyada seçki kampaniyası zamanı açılan atəş nəticəsində yaralanan respublikaçı Donald Trampla şənbə günü axşam telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə Ağ Evin sözçüsü məlumat verib.
“Bu axşam prezident keçmiş prezident Trampla danışıb”, – Ağ Ev sözçüsü deyib. O, söhbətin təfərrüatlarını açıqlamayıb.
Rəsminin sözlərinə görə, Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Trampın mitinqinin keçirildiyi Batler şəhərinin meri Bob Dendoy ilə də danışıb.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı ona atəş açılıb.
**04:21
ABŞ Prezidenti Cozef Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Amerika liderinin Ağ Ev tərəfindən yayılan bəyanatında belə deyilir.
“Pensilvaniyada Donald Trampın mitinqindəki atəşaçma ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.
Dövlət başçısı “Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların “bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.