PAŞİNYAN BAKIDAN NİYƏ İKİ İL VAXT İSTƏYİR?
ELÇİN ALIOĞLUNUN YAZISI

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıdan vaxt istəyərək 2026-cı il parlament seçkilərindən sonra Ermənistan Konstitusiyasını dəyişdirməyə başlayacağını bildirib.

 

İrəvanda nəşr olunan "Hraparak" qəzeti iqtidardakı "Mülki Müqavilə" partiyasındakı mənbələrinə istinadən belə məlumat yayıb.

 

Qəzet bildirib ki, İrəvan Bakıdan iki il vaxt istəyərək, bundan sonra Azərbaycanın bütün tələblərini yerinə yetirəcəyinə söz verib. "Bəlkə də elə buna görə baş nazir Konstitusiya islahatları üzrə komissiyaya yeni Konstitusiya konsepsiyasını 2026-cı ilin dekabrında keçiriləcək parlament seçkilərindən sonra təqdim etməyi tapşırıb," – deyə nəşr qeyd edir.

 

Nəşr yazır ki, Paşinyanın arqumenti, guya, erməni xalqının səbrinin tükənə biləcəyi və Konstitusiyanı dəyişdirmək tələbinə görə üsyan edə biləcəyi ehtimalı idi, bu halda isə konstitusiya referendumu uğursuz olacaq və revanşistlər hakimiyyətə gələcək.

 

"Hraparak"ın iddiası, yəni Nikol Paşinyanın konstitusional dəyişikliklər üçün vaxt istəməsi, bu gərginliklərin həllində yeni bir mərhələnin başlaya biləcəyi ehtimalını ortaya qoyur.

 

Ermənistan və Azərbaycan arasındakı münasibətlər, əsasən Dağlıq Qarabağ münaqişəsi ilə müəyyənləşib. Bu münaqişə, 1988-ci ildə SSRİ-nin dağılması ilə başlayaraq 1994-cü ildə atəşkəs sazişi ilə bitən silahlı toqquşmalarla nəticələndi. Lakin, bu atəşkəs davamlı sülhə nail ola bilmədi və münaqişə dövrü olaraq yenidən alovlandı, ən son 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ Müharibəsi ilə yenidən gündəmə gəldi. Bu münaqişələr nəticəsində, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini işğal etdi və bu işğal 30 il davam etdi.

 

Ermənistanın Dövlət Müstəqillik Bəyannaməsi 1990-cı ildə qəbul edilib və bu bəyannamədə keçmiş “Dağlıq Qarabağ”ın Ermənistanın bir hissəsi olduğu iddia edilir. Bu bəyannamə, Ermənistanın milli kimliyini və dövlətçilik prinsiplərini müəyyən edən əsas sənəd hesab olunur. Konstitusiyada bu ərazi iddiaları daha dolğun şəkildə ifadə olunub. 1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyasının preambulasında və digər maddələrində Azərbaycanın Qarabağ bölgəsinə dair iddialar yer alır.

 

Nikol Paşinyanın 2018-ci ildə baş nazir vəzifəsinə gəlməsi ilə Ermənistanın daxili siyasi arenasında ciddi dəyişikliklər baş verdi. Paşinyan, korrupsiyaya qarşı mübarizə və demokratik islahatlar vədləri ilə hakimiyyətə gəldi. 2020-ci il müharibəsinin nəticələri və Azərbaycanın qələbəsi Paşinyanın daxili nüfuzunu zəiflətdi. Ermənistan cəmiyyətində sülh prosesinə və Azərbaycanın tələblərinə uyğun olaraq konstitusional dəyişikliklərə qarşı böyük bir müqavimət mövcuddur. Paşinyan, daxili siyasi sabitliyi təmin etmək və konstitusional dəyişikliklərə dair müqaviməti azaltmaq üçün daha çox vaxta ehtiyac duyur.

 

Ermənistanın beynəlxalq səviyyədə tək qalması və Azərbaycanın regional güclər, xüsusilə də Türkiyə və Rusiyanın dəstəyini qazanması, İrəvanın mövqeyini zəiflətdi. Bu səbəbdən, N.Paşinyan beynəlxalq ictimaiyyətin dəstəyi ilə Azərbaycanın tələblərinə uyğun hərəkət etməyə məcbur qaldı. Prosesin tələsik həyata keçirilməsi Ermənistanın daxili siyasətində və cəmiyyətində böyük problemlərə səbəb ola bilər.

 

Cənubi Qafqaz regionunda geosiyasi dinamikalar sürətlə dəyişir. Azərbaycanın iqtisadi və hərbi gücü artmaqda davam edir, bu da Ermənistanın mövqeyini daha da zəiflədir. Eyni zamanda, regionda yeni enerji və nəqliyyat layihələri həyata keçirilir ki, bu da Azərbaycanın strateji əhəmiyyətini artırır. Bu şəraitdə, Paşinyan regional sabitliyi təmin etmək və Ermənistanın maraqlarını qorumaq üçün Azərbaycanın tələblərinə uyğun olaraq hərəkət etməyə məcburdur.

 

Ermənistanın Konstitusiyasında dəyişikliklərin həyata keçirilməsi, Azərbaycanın tələblərinə cavab vermək və regionda uzunmüddətli sülhün təmin edilməsi üçün vacibdir. Bu dəyişikliklər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini və beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmət etməsini təmin edəcək.

 

N.Paşinyan daxili siyasi sabitliyi təmin etmək üçün geniş miqyaslı islahatlar həyata keçirməlidir. Bu islahatlar korrupsiyaya qarşı mübarizə, demokratik institutların gücləndirilməsi və iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində olmalıdır və onlar cəmiyyətin dəstəyini qazanmaq və konstitusional dəyişikliklərin həyata keçirilməsini asanlaşdırmaq üçün vacibdir.

 

Ermənistan beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün daha fəal diplomatik siyasət həyata keçirməlidir. Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək Ermənistanın mövqeyini beynəlxalq arenada gücləndirəcək və Azərbaycanın tələblərinə uyğun hərəkət etmək üçün daha geniş bir dəstək bazası yaradacaq.

 

Ermənistanın Konstitusiyasında və Dövlət Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının yer alması Cənubi Qafqaz regionunda uzun müddətdir davam edən münaqişələrin və siyasi gərginliklərin əsas səbəblərindən biridir.

 

...Ermənistanın Konstitusiyasında və Dövlət Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları Cənubi Qafqaz regionunda uzun müddətdir davam edən siyasi gərginliklərə və münaqişələrə səbəb olub və indi də belədir.

 

Hazırkı Ermənistan Konstitusiyası Azərbaycanla sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında bunu açıq və qəti söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

 

Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var.

 

Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.

 

12 bənddən ibarət olan sənədin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

 

Ermənistanda bir neçə dəfə Konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

 

1998-ci ildə Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Koçaryanın prezident seçkisindəki namizədliyini konstitusiyanın bu maddəsinə istinad edərək təsdiq etmişdi.

 

Ermənistan Konstitusiyasına görə, prezident seçkilərində namizəd olmaq üçün Ermənistan vətəndaşı olmaq və son on ildə burda yaşamaq lazımdır. Koçaryan isə Qarabağda anadan olmuşdu və yalnız 1997-ci ildə Ermənistana köçmüşdü. Ona görə də o, prezidentliyə namizəd olmaq üçün bu iki şərtə uyğun deyildi.

 

Nikol Paşinyan bu ilin fevral ayının əvvəlində Ermənistan ictimai radiosunda çıxışı zamanı Müstəqillik Bəyannaməsini tənqid edib: “Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”.

 

Amma o, eyni zamanda başqa çıxışlarının birində vurğulayıb ki, Ermənistan konstitusiyası ölkənin daxili işidir və bu onlara hər hansı xarici öhdəliyi yerinə yetirməyə mane olmur.

 

Halbuki rəsmi Bakının tələbi və ya şərti, yəni Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilməsi istəyi tam normaldır, beynəlxalq hüquq çərçivəsindədir.

 

Rəsmi Bakı gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyindən və ya Cənubi Qafqaz bölgəsində hər hansı formada - yaxud formatda - geosiyasi konyukturun mümkün dəyişikliklərindən asılı olmayacaq yekun sülh sazişinin imzalanmasını istəyir.

 

Ermənistan Konstitusiyasına dəyişikliklər edilmədən sülh müqaviləsinin imzalanacağı təqdirdə proses arzuolunmaz istiqamətə yön alacaq. Erməni parlamentində hakimiyyətə müxalif qüvvələr, yəni sabiq prezidentlər Robert Koçaryanla Serj Sarqsyanın rəhbərlik etdikləri "Ermənistan" və "Şərəfim var" fraksiyaları sənədi ölkənin mövcud Konstitusiyasına zidd elan edəcək, Konstitusiya məhkəməsindən sazişlə bağlı qərar verməsini tələb edəcəklər.

 

2009-cü ildəki "Sürix prosesi" zamanı Türkiyə və Ermənistan arasındakı protokollarla bağlı situasiyada olduğu kimi, Konstitusiya Məhkəməsinin sülh sazişi ilə bağlı da mücərrəd qərar verəcəyi istisna deyil.

 

Baş verənlər gələcəkdə Ermənistanda revanşistlərin aktivləşməsinə, yeni müharibə çağırışlarını səslənməsinə, Azərbaycana qarşı ərazi iddialarının gündəmə qayıtmasına səbəb olacaq.

 

Təbii ki, bəhs olunan perspektiv Bakının maraqlarına cavab verə bilməz. N.Paşinyan iqtidarı vaxt uzatmağa çalışır, konstitusion dəyişikliklər etməmək üçün ən müxtəlif bəhanələr və uydurma şərtləri gündəmə gətirir.

 

Son vaxtlar İrəvan rəsmilərinin və siyasətçilərinin refren kimi təkrarladıqları yeni bəhanə isə “maraqlı”dır. Sən demə, rəsmi Bakının şərtləri Ermənistan hakimiyyətinin sülh gündəliyini “pozur”. Paşinyan administrasiyasının funksionerlərinin dediklərinə görə, “Konstitusiya dəyişikliyi tələbləri kənardan diktə edilmiş kimi göründüyündən prosesə kömək etmir və ermənilər “bu cür dəyişiklikləri yalnız Bakının tələbi kimi görərlərsə, bunun əleyhinə səs verəcəklər: hətta seçici passivliyi olarsa, bu, referendumun uğursuzluğa düçar olması demək olacaq”.

 

Ermənistan Konstitusiyasına görə, siyahıya alınmış seçicilərin, yəni təqribən 2,49 milyon nəfərin ən azı 25 faizi və seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir. İrəvanın hesablamalarına görə, ölkənin 648 mindən artıq vətəndaşı Konstitusiyaya dəyişiklikləri dəstəkləyərsə, ölkənin əsas qanununun mətni dəyişə bilər.

 

Azərbaycanı Ermənistanla tələsik sülh müqaviləsi imzalamağa çağıran ABŞ, Fransa və Avropa İttifaqı eyni taktikanı ölkəmizin ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 ildə nümayiş etdirmişdilər. Laqeydlik, işğalçı ilə işğala məruz qalanın bərabər tutulması, beynəlxalq hüququn prinsipləri və normalarının qulaqardına vurulması - bütün bunları gördük.

 

İndi Bakıdan az qala tələb olunur ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasına zəruri dəyişikliklər edilmədən sülh müqaviləsini imzalasın.

 

Halbuki Azərbaycan real, konkret, işlək sülh müqaviləsi və Ermənistanın yeni işğal, yeni müharibə fikrinə düşməyəcəyinə təminat gərəkdir.

 

Unutmayaq ki, məhz Ermənistanın Müstəqillik Bəyannaməsi qəbul ediləndən sonra həmin sənədə “əsaslanan” ermənilər işğala başlamışdılar.

 

Ermənistan Konstitusiyasındakı ərazi iddialarının ləğvini nəzərdə tutan dəyişikliklər olmasa, sülh müqaviləsi imzalanmayacaq.

 

Bu, Azərbaycanın bir mikron belə, geri çəkilməyəcəyi “qırmızı cizgi”ləridir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.