COP-ların tarixi: 28 TƏDBİR NƏ VAXT, HARADA KEÇİRİLİB VƏ...
NƏLƏR MÜZAKİRƏ OLUNUB?

1992-ci ildə Rio-de-Janeyroda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası imzalanıb. BMT-nin İqlim Dəyişikliyi Konfransı qurumun İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində keçirilən illik BMT konfransıdır. Konfransda qlobal iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə irəliləyişin qiymətləndirilməsi üçün konvensiyaya qatılan ölkələrin rəsmi görüşləri keçirilir.

 

2005-ci ildən sammit həm də Kioto Protokolunun tərəflərinin görüşü kimi çıxış edən Tərəflərin Konfransına ev sahibliyi edir. Ənənəvi olaraq sonda rəsmi yekun bəyanat dərc olunur. Onun BMT-nin tam hüquqlu paktına çevrilməsi üçün sammitdə iştirak edən bütün ölkələr onu imzalamalıdırlar. 

Tərəflər Konfransı Katibliyinin qərargahı Bonn şəhərindədir. Katiblik bu şəhərdəki "İqlim Qülləsi"ndə yerləşir.

 

Məlum olduğu kimi, bu il 29-cu konfrans (COP29) Azərbaycanda baş tutacaq.

 

Modern.az bu vaxta kimi keçirilən 28 konfransın hansı ölkələrdə baş tutduğunu və tədbirlərin gündəliyini araşdırıb.

 

BMT-nin İqlim Dəyişikliyi Konfransının ilk sessiyası - COP1 1995-ci ildə Berlində keçirilib. Tədbir martın 28-dən aprelin 7-dək Almaniyanın ev sahibliyində baş tutub. 

 

COP2 1996-cı il iyulun 8-dən 19-dək İsveçrədə - Cenevrədə 147 ölkədən 948 nümayəndə, müxtəlif QHT-lərin 533 nümayəndəsi və 155 müşahidəçi ilə keçirilib. Sessiyanın mühüm nailiyyəti inkişaf etməkdə olan ölkələr tərəfindən onların istixana qazları emissiyaları üçün kəmiyyət həddi müəyyən edilməsinin tanınması olub.

 

COP3 1997-ci il dekabrın 1-dən 11-dək Yaponiyanın Kyoto şəhərində keçirilib. Onun ən mühüm nəticəsi sənayesi ən inkişaf etmiş 37 ölkəni istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürən Kyoto Protokolunun imzalanması olub. Sənəd diferensiallaşdırılmış məsuliyyət prinsipləri əsasında yaradılıb.

 

COP4 1998-ci il noyabrın 2-dən 14-dək Argentinanın Buenos-Ayres şəhərində toplanıb. Sessiyada müvəqqəti tədbir olaraq, Kyoto Protokolunun həyata keçirilməsi üçün səyləri artırmaq və mexanizmləri inkişaf etdirmək üçün iki illik fəaliyyət planı qəbul edilib. COP4-ün mühüm hadisəsi Argentina və Qazaxıstanın istixana qazı emissiyalarını azaltmaq öhdəliyi götürdüklərini elan etmələri olub.

 

COP5 1999-cu il noyabrın 25-dən dekabrın 5-dək Bonnda 150 ölkədən 5 min nümayəndənin iştirakı ilə keçirilib. Bu sessiya texniki xarakter daşıyıb. 

 

COP6 2000-ci il noyabrın 13-dən 25-dək Haaqada baş tutub. Razılıq mümkün olmadığından COP6 prezidenti Yan Pronk yekun razılaşma olmadan sessiyanı bağlayıb və 2001-ci ilin iyulunda Bonnda əlavə alt sessiyanın keçirilməsi qərara alınıb. 2001-ci ilin iyulun 17-27-də Bonnda tədbirin əlavə hissəsi baş tutub.

 

COP7 2001-ci il oktyabrın 29-dan noyabrın 10-dək Mərakeşdə keçirilib. Bu sessiyada Buenos-Ayresdə hazırlanmış iki illik fəaliyyət planının nəticələrinə yekun vurulub. ABŞ sessiyada yalnız müşahidəçi qismində iştirakını davam etdirib. COP7-nin nəticəsi bir sıra mühüm qərarlar, o cümlədən  emissiya kvotalarının ticarəti mexanizminin və onun həyata keçirilməsi planının təsdiqi olub.

 

COP8 2002-ci il oktyabrın 23-dən noyabrın 1-dək Yeni Dehlidə olub. Sessiyanın əsas məsələlərindən biri Rusiyanın Kyoto Protokolunu ratifikasiya etməsi idi ki, sənədin hüquqi cəhətdən məcburi olması üçün qlobal emissiyaların 55%-dən çoxunu hasil edən ölkələrin ratifikasiyası tələb olunurdu. 

 

COP9 2003-cü il dekabrın 1-dən 12-dək Milanda keçirilib. Görüşdə tərəflər 2001-ci ildə yaradılmış Adaptasiya Fondundan ilk növbədə inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmasına kömək etmək, həmçinin fonddan texnologiya transferi üçün istifadə etmək barədə razılığa gəliblər.

 

COP10 2004-cü il dekabrın 6-dan 17-dək Buenos-Ayresdə baş tutub. Orada hazırlanmış fəaliyyət planında iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına və inkişaf etməkdə olan ölkələrin onlara uyğunlaşmasına kömək edilməsinə diqqət yetirilib. 

 

COP11 2005-ci il noyabrın 28-dən dekabrın 9-dək Monrealda keçirilib. 

 

COP12 6-17 noyabr 2006-cı il tarixlərində Nayrobidə olub. 

 

COP13 2007-ci ilin dekabrında Balidə olub. Burada 190 ölkədən 11 min iştirakçı iştirak edib. Konfransın nəticəsi Bali Fəaliyyət Planı olub ki, bu, Kyoto Protokolunu əvəz edəcək yeni sazişin hazırlanması üçün yol xəritəsi hesab olunur.

 

COP14 2008-ci il dekabrın 1-12-də Polşanın Poznan şəhərində baş tutub. Orada Bali Fəaliyyət Planını təşviq etmək üçün qərarlar qəbul edilib.

 

COP15 2009-cu il dekabrın 7-dən 18-dək Kopenhagendə keçirilib. Sessiyanın əsas məqsədi Kyoto Protokolunu əvəz etməli olan sazişin imzalanması idi. 

 

COP16 2010-cu il noyabrın 29-dan dekabrın 10-dək Kankun şəhərində baş tutub. Konfransın prezidenti Meksikanın ovaxtkı xarici işlər naziri Patrisiya Espinosa olub və onun sessiyada danışıqların uğurla nəticələnməsinə şəxsi töhfəsi yekun iclas iştirakçıları tərəfindən indiyədək heç bir ölkədə olmamış alqışlarla qeyd olunub. 

 

2011-ci ildə Durbanda keçirilən COP17 Durban Platformasının inkişafı ilə nəticələnib. Tərəflər tədbirdə razılaşıb ki, Bali Fəaliyyət Planı köhnəlib və istixana emissiyalarının lazımi azalmasına səbəb ola bilməz.

 

COP18 2012-ci il noyabrın 26-dan dekabrın 8-dək Dohada olub. Dohada Kyoto Protokolu ikinci dövr üçün uzadılıb - 2013-cü ildən 2020-ci ilə qədər inkişaf etmiş ölkələr üçün bu dövrdə emissiyaların azaldılması səviyyəsi 1990-cı il səviyyəsinin 18%-i səviyyəsində müəyyən olunub. 

 

COP19 11-23 noyabr 2013-cü il tarixlərində Varşavada Kyoto Protokolunun Tərəflərinin 9-cu Toplantısına paralel olaraq keçirilib. Sessiyanın ilkin məqsədi 2015-ci ilə qədər istixana qazı emissiyalarının azaldılmasına dair razılaşma idi, lakin konfransın ev sahibi Polşa da daxil olmaqla, bir çox ölkələr buna qarşı çıxıb.

 

COP20 1-12 dekabr 2014-cü il tarixlərində Limada keçirilib. Sessiyanın nəticəsi olaraq “Limanın İqlim Fəaliyyətinə Çağırışı” sənədi - gələcək Paris Sazişinin mətninin layihəsi qəbul edilib. 

 

COP21 2015-ci il noyabrın 30-dan dekabrın 12-dək Le Burjedə baş tutub. 21-ci sessiyanın nəticəsi iqlim dəyişikliyi ilə mübarizədə hazırkı əsas sənəd olan Paris sazişi olub. Razılaşmanın bir hissəsi olaraq 197 ölkə qlobal temperaturun artımını 2 dərəcədən, mümkün olduqda isə 1,5 dərəcədən aşağı saxlamaq üçün səy göstərməyə razılaşıb.

 

COP22 7-18 noyabr 2016-cı il tarixlərində Mərakeşdə baş tutub. Gündəliyin əsas mövzularından biri də inkişaf etməkdə olan ölkələrdə xüsusilə aktual olan içməli su çatışmazlığı problemi, onun saflığı və su ehtiyatlarının dayanıqlılığı məsələləri olub. Digər mərkəzi məsələ istixana emissiyalarının azaldılması və aşağı karbonlu enerji mənbələrindən istifadə zərurəti idi. 

 

COP23 6-17 noyabr 2017-ci il tarixlərində Bonn şəhərində toplanıb. Konfransa iqlim dəyişikliyinə ən həssas olan ölkələrdən biri olan Fici sədrlik edib. Sammitin iştirakçıları və müşahidəçiləri arasında Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron, Hollivud aktyorları Leonardo Dikaprio və Arnold Şvartsneqer də olub.

 

COP24 2018-ci il dekabrın 2-dən 14-dək Polşanın Katovits şəhərində olub. Süssiyanın əsas məqsədi Paris Sazişinin məqsədlərinə nail olmaq üçün effektiv tədbirlərin müzakirəsi və qəbulunu təmin etməkdən ibarət idi. Konfransın nəticəsi olaraq “Sileziya Həmrəylik və Ədalətli Keçid Bəyannaməsi” imzalanıb. 

 

COP25 Braziliyada keçirilməli idi, lakin ölkənin həmin vaxt prezidenti olan Jair Bolsonaro konfransa ev sahibliyi etməkdən imtina etdiyi üçün konfrans Çilinin Santyaqo şəhərində keçirilməsi planlaşdırıldı. 2019-cu ilin oktyabr ayının sonunda Çili prezidenti Sebastyan Pinyera da ölkədə hökumət əleyhinə kütləvi etirazlar olduğu üçün sessiyanı keçirməkdən imtina etdi. Nəticədə İspaniya ev sahibi oldu; tədbir 2-13 dekabr 2019-cu il tarixlərində Madriddə Çili hökumətinin sədrliyi ilə keçirildi.

 

COVID-19 pandemiyası səbəbindən tərəflərin konfransı 2020-ci ildə baş tutmayıb və 2021-ci ilə təxirə salınıb. COP26 31 oktyabr - 12 noyabr 2021-ci il tarixlərində Qlazqoda baş tutub. Burada 200 ölkədən 40 mindən çox qeydiyyatdan keçmiş iştirakçı iştirak edirdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama da tədbirə qatılmışdı.

 

COP27 6-20 noyabr 2022-ci il tarixlərində Şarm əl-Şeyxdə baş tutub. Sammit yekun akt üzrə son dərəcə çətin danışıqlara görə planlaşdırıldığından iki gün daha çox davam edib. Lakin iştirakçılar bir sıra əsas məsələlərdə razılığa gələ bilməyiblər. Bütün qalıq enerji ehtiyatlarından tədricən imtina haqqında müddəa konfransın yekun aktına daxil edilmədi, çünki İran, Çin və Səudiyyə Ərəbistanı buna qarşı çıxdı. COP27-nin nailiyyətlərindən biri ABŞ və Çin arasında Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra kəsilən iqlim dialoqunun bərpası oldu.

 

COP28 2023-cü ilin noyabrın 30-dan dekabrın 12-dək Dubayda baş tutub. Böyük neft və qaz ehtiyatlarına malik olan, sammitə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirlikləri adambaşı hesablamada dünyanın ən çirkli ölkələrindən biri hesab olunur. Tədbirdə Davamlı kənd təsərrüfatı, qida istehsalı sistemləri və iqlim fəaliyyətinə dair bəyannamə imzalanıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.