İran HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin öldürülməsi məsələsinin nəzərdən keçirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili müşavirəsini çağırıb.
Haniyənin ölümü ilə nəticələnən raket zərbəsi avqustun 31-də İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra baş verib. Bundan sonra İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri bildirib ki, İslam Respublikası "cinayətkar sionistlər" adlandırdığı şəxslərə qarşı cavab tədbirləri görmək üçün özünün "ayrılmaz və qanuni hüququndan" istifadə edəcək.
Yüksək səviyyəli görüş təklifi Tehranın qətl hadisəsinə cavab olaraq islam həmrəyliyindən istifadəyə strateji yanaşmasını önə çəkir. Görünür, İran baş verənlərə görə islam dünyasının kollektiv məsuliyyətini formalaşdırmağa çalışır. İƏT ölkələrinin siyasi mövqelərindəki dissonansı nəzərə alaraq, güman etmək olar ki, Haniyənin qətlinin siyasi qınanmasından başqa digər ciddi addımlar atılmayacaq. Bu, İrana İsrailin təxribatları şəraitində öz simasını saxlamağa imkan verir. Qətlin vaxtı və İranın sonrakı diplomatik səyləri nüanslı (incə və mürəkkəb) reaksiyanı göstərir. İddialı ritorikaya baxmayaraq, Tehranın bəyanatları nəzərəçarpacaq dərəcədə ehtiyatlı olub. Bu qətiyyətsizlik eskalasiyadan qaçmaq üçün strateji hesablamadan xəbər verə bilər.
Pezeşkianın əsasən dövlət qulluğu, rifah və ədalət mühakiməsi kimi daxili məsələlərə yönəlmiş inauqurasiya nitqi xarici siyasətlə bağlı birbaşa müzakirələrdən xeyli uzaq olub. Bu daxili fokus ali lider Əli Xameneinin regional əməkdaşlığı və Aİ-yə qarşı ehtiyatlı mövqeyi vurğulamaqla və İsrailə tənqidi baxışı saxlamaqla beynəlxalq münasibətlərə dair inauqurasiya müraciətilə kəskin ziddiyyət təşkil edir.
Xameneinin çıxışı İsrailə qarşı düşmənçiliyi təsdiqləsə də, ritorikanın əhəmiyyətli dərəcədə artmasına səbəb olmayıb, müqavimət çağırışlarına auditoriyanın soyuq reaksiyası isə İranın mövqeyinin yenidən kalibrlənməsinin mümkünlüyünü nəzərdə tutur. Liderin ABŞ-ın ünvanına birbaşa tənqiddən diplomatik şəkildə çəkinməsi qarşıdurma əvəzinə deeskalasiyanın xeyrinə strategiyada potensial dəyişikliyə işarə edir.
Pezeşkianın daxili fokusu və Xameneinin təmkinli xarici siyasi ritorikası arasındakı fərq İran rəhbərliyinin Qərb gücləri və onların müttəfiqlərilə deeskalasiya strategiyasına doğru manevr etdiyini göstərir. Özünün seçkiqabağı kampaniyası zamanı Pezeşkian antiimperialist mövqedən daha çox konstruktiv xarici siyasi yanaşmaya keçidə tərəfdar olub. Onun inauqurasiya nitqi İranın beynəlxalq vəziyyətinin möhkəmlənməsinə və siyasi təcridinin azalmasına yönəlmiş bu dəyişikliyə sadiq olduğunu göstərir.
İƏT görüşünün keçirilməsinə təkidli çağırışa baxmayaraq, Haniyənin ölümü ilə əlaqədar İranın rəsm KİV-i tərəfindən ardıcıl və aqressiv hücumların olmaması daxili və xarici təzyiqləri balanslaşdırmaq üçün qəsdən bir cəhdin olduğunu göstərir. Görünür, Tehran özünün mühüm regional oyunçu rolunu qorumaq üçün yol axtarır, eyni zamanda gələcək təcrid və ya münaqişə risklərini yüngülləşdirməyə çalışır.
Müşahidələr göstərir ki, İranın Haniyənin ölümünə reaksiyası və İƏT çərçivəsindəki diplomatik addımları daxili prioritetlərin və xarici strategiyaların mürəkkəb qarşılıqlı əlaqəsini əks etdirir. Kollektiv islami fəaliyyətə çağırış Tehranın regional siyasətdə öz çəkisini saxlamaq istəyinə işarə etsə də, cavab tədbirlərinə və Qərblə münasibətlərə ehtiyatlı, ölçülüb-biçilmiş yanaşma deeskalasiya yönündə strateji dəyişiklikdən xəbər verir.