Kanada, Böyük Britaniya və Avstraliya Fələstin dövlətini rəsmən tanıyıblar.
Senzor.az bildirir ki, bu barədə adıçəkilən ölkələrin baş nazirləri məlumat veriblər.
“1947-ci ildən bəri hər bir Kanada hökumətinin siyasəti Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll yolunu dəstəkləməkdən ibarətdir. Bu, suveren, demokratik yaşaya bilən Fələstin Dövlətinin yaradılmasını şərtləndirirdi”, - Kanada Baş naziri Mark Karni bildirib.
“Bu gün fələstinlilər və israillilər üçün sülh və iki dövlətli həll ümidini bərpa etməyə görə Böyük Britaniya Fələstin Dövlətini rəsmən tanıyır”, - Kir Starmer “X” sosial media səhifəsində yazıb.
Avstraliyanın Baş naziri Antoni Albanese də xarici işlər naziri Penny Vong ilə birgə yaydığı bəyanatda vurğulayıb: “Avstraliya müstəqil və suveren Fələstin Dövlətini tanıyır”.
İsrailin Xarici İşlər Nazirliyi (XİN) və Baş naziri Banyamin Netanyahu bu qərarlara sərt reaksiya veriblər.
"İsrail Böyük Britaniya və bəzi digər ölkələrin Fələstin dövlətinin tanınması ilə bağlı birtərəfli bəyanatlarını qəti şəkildə rədd edir. Bu bəyanatlar sülhə töhfə vermir, əksinə, regionda sabitliyi daha da pozur və gələcəkdə sülh yolu ilə həllə nail olmaq şanslarını sarsıdır", - XİN-in bəyanatında deyilir.
XİN vurğulayıb ki, İsrail onu Fələstin dövlətinin əsassız sərhədlərini tanımağa məcbur etməyə yönəlmiş, reallıqdan uzaq və uydurulmuş heç bir mətni qəbul etməyəcək.
Bəyanatda həmçinin deyilir ki, daxildəki seçicilərə yönəlmiş siyasi jestlər yalnız Yaxın Şərqə ziyan vurur və heç bir fayda gətirmir.
Nazirliyin fikrincə, bu bəyanatları imzalayan ölkələr həqiqətən bölgəni sabitləşdirmək istəyirlərsə, dərhal girovları azad etmək və radikalları tərksilah etmək üçün HƏMAS-a təzyiq göstərməlidirlər.
Baş nazir Benyamin Netanyahu isə Nazirlər Kabinetinin həftəlik iclasında deyib ki, İsrail bütün siyasi meydanlarda, o cümlədən BMT-də Fələstin dövlətinin tanınmasına qarşı mübarizə aparacaq.
"Biz (İsrail - red.) həm BMT-də, həm də bütün digər forumlarda bizə qarşı yönəldilmiş böhtan xarakterli təbliğata və mövcudluğumuza təhlükə yaradan, terrorizm üçün absurd mükafata çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq", - Baş nazirin Dəftərxanası onun sözlərini sitat gətirib.
Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək və Prezident Donald Trampla görüşmək üçün gələn həftənin ortalarında ABŞ-a gedəcəyini də təsdiqləyib: "Mən BMT Baş Assambleyasında iştirak edəcəyəm və bundan sonra dostumuz, Prezident Trampla görüşəcəyəm. BMT-də mən həqiqəti təqdim edəcəyəm, bu, İsrailin həqiqətidir, lakin bu həm də şər qüvvələrə qarşı ədalətli mübarizəmizlə bağlı obyektiv həqiqətdir. Mən həm də həqiqi sülh, gücdən gələn sülh baxışımızı təqdim edəcəyəm".
Xatırladaq ki, bu gün Kanada, Böyük Britaniya və Avstraliya Fələstin dövlətini tanıdıqlarını bəyan ediblər. Bununla da Fələstinin müstəqilliyini tanıyan ölkələrin ümumi sayı 150-yə çatıb.