Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə baş insan hüquqları müşaviri Vladimir Şkolnikovu qəbul edib.
Ombudsman Aparatından Senzor.az-a verilən məlumata görə, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər və həyata keçirilən islahatlar barədə geniş məlumat verib. S.Əliyeva beynəlxalq insan hüquqları qurumları və xarici ölkələrin ombudsmanları ilə sıx əməkdaşlığa, təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiyini qonağın diqqətinə çatdırıb.
Müvəkkil, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq müqavilə qurumlarına paralel hesabatların təqdim olunduğunu qeyd edib.
Daha sonra Ombudsman qonağa Azərbaycanın azad edilmiş ərazilərində Ermənistanın mülki əhalini hədəf alan silahlı terror-təxribat əməlləri barədə məlumat verib. Çox sayda günahsız insanın həyatına son qoyan, regionda sülh və təhlükəsizlik üçün təhlükə yaradan bu kimi cinayət əməllərinin qarşısının alınması, insanların hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirlərinə toxunan Müvəkkil Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinə və hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirildiyini bildirib.
S.Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın həyata keçirdiyi mina terroru haqqında danışıb, mina partlayışı nəticəsində bu günədək 300-dən artıq mülki şəxsin və hərbi qulluqçularımızın mina qurbanına çevrildiyini qeyd edib.
Müvəkkil dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin hələ də ölkəmizə təqdim edilmədiyini bildirib, basdırılmış minaların bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinin, infrastruktur layihələrinin icrasına maneə yaratdığını, yüz minlərlə keçmiş məcburi köçkünün öz torpaqlarına qayıdışı prosesini ləngitdiyini qonağın diqqətinə çatdırıb.
Ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyinin indiyədək məlum olmadığını, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğuna görə məsuliyyət daşıdığını diqqətə çatdırıb. Müvəkkil Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş vətəndaşların ailə üzvləri ilə görüşlərin keçirildiyini, onların üzləşdiyi problemlərlə yaxından maraqlandığını vurğulayıb.
Görüşdə, həmçinin BMT ilə Ombudsman təsisatı arasında gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.