Paşinyanın oyunları... ERMƏNİLƏRƏ BAHA BAŞA GƏLƏCƏK
ELÇİN ALIOĞLUNUN YAZISI

Rusiyanın Ermənistandakı mövqelərini itirməsi hələ mümkün olmasa da, İrəvan bu istiqamətdə sürəkli addımlar atır. Avropa İttifaqı müşahidəçilərinin Ermənistanda, Azərbaycanla sərhəddə yerləşmələri üç il əvvəl irreal təsir bağışlasa da, artıq faktdır. Üstəlik, İrəvan KTMT-də iştirakını dondurub. Bütün bunlar Cənubi Qafqaza nə vəd edir?

 

Fransa prezidenti Emmanuel Makron "sadiq dostu", yəni bütün göstərişlərini yerinə yetirən köləsinə çevirdiyi Ermənistanın baş naziri Nikol Paşinyanı tərifləyib. Makronun sözlərinə görə, rəsmi İrəvanın Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfərlərini faktiki olaraq məhdudlaşdıran qərarı, yəni Roma statutunu ratifikasiya etməsi "təqdirəlayiq qərar"dır.

 

"Bu qərarı qəbul etmək asan deyildi. Cəsarət gərəkdi", - İnsan Hüquqları Bəyannaməsinin yubileyinə həsr olunmuş tədbirdə çıxış edərkən E.Makron deyib.

 

Rusiya ilə Ermənistan arasındakı münasibətlərin indi həddən ziyadə gərgin olduğunu E.Makron əla bilsə də, İrəvan-Moskva marşrutundakı emosiyaları tarıma çəkmək üçün o, az qala bütün vasitələrdən istifadə edir.

 

Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən o, Ermənistanın Moskvadan asılılığını azaltmaq, Moskvanın İrəvana təsir imkanlarını minimallaşdırmağa çalışıb. 

44 günlük İkinci Qarabağ Müharibəsindən sonrakı üç ildə N.Paşinyan hakimiyyəti fasiləsiz olaraq Rusiyanı xəyanətdə, müttəfiqlik öhdəliklərinə əməl etməməkdə və s. suçlayıb. Xankəndidəki separatçı rejimin mövcudluğuna son qoyulandan və qarabağlı ermənilər kütləvi şəkildə Ermənistana köç edəndən sonra isə ümumiyyətlə, Paşinyan hakimiyyəti ölkədə az qala anti-Rusiya təbliğatına start verdi.

 

İrəvandakı hakimiyyət dəstəsində elə bir fiqur yoxdur ki, Ermənistanla Rusiya arasındakı əlaqələrin inkişafı bir yana - münasibətlərin indiki səviyyədə qalmasını dəstəkləsin və ya belə çağırışlarla çıxış etsin.

 

Fransanın "təklif" kimi səsləndirdiyi tələbləri əsasında Ermənistanın təhlükəsizliyin təminatı sahəsində Qərblə əlaqələrini sürətlə intensivləşdirməsi Rusiyanıi qıcıqlandıran ən ciddi amillər arasındadır.

 

Cənubi Qafqazın Rusiya üçün hansı önəmi kəsb etdiyi, Moskvanın postsovet məkanındakı həmsərhəd dövlətləri və onlarla əlaqələri hansı müstəvidə gördüyünü Nikol Paşinyan administrasiyası hələ də anlaya bilmir.

 

İrəvanın siyasi elitaları dərk etmirlər ki, postsovet ölkələri Rusiyanın geosiyasi planlarında və milli təhlükəsizlik konsepsiyasında prioritet yer tutur.

 

Ermənistan rəhbərliyi Rusiyanın Orta Asiyada davranışını və yürütdüyü siyasəti xatırlarsa, İrəvan bundan sonra özü üçün fəlakətli addımlardan çəkinə bilərdi.

 

ABŞ Orta Asiyadakı proseslərə təsir imkanlarına yiyələnmək üçün Qırğızıstandakı Manas aerodromunu aviabazaya çevirmək, Özbəkistanda isə böyük hərbi baza yaratmaq istəyirdi. Vaşinqtonun planlarında sonradan Qazaxıstan və Tacikistanda da bazaların təsis edilməsi vardı.

 

Lakin Rusiya bu planların reallaşmasının qarşısını aldı, Birləşmiş Ştatların taktikasını yarımçıq qoyaraq Vaşinqtonu təəssüflənməyə vadar etdi.

 

Ermənistan rəhbərliyi sanki Rusiyanın səbrini sınağa çəkməyi qarşısına məqsəd qoyub: ABŞ ilə birgə hərbi təlim keçirilir, Avropa İttifaqının müşahidə və monitorinq missiyası (EUMM) ölkədə fəaliyyət göstərir, Fransa və Hindistandan silahla hərbi texnika alınır, Britaniya ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalanır, Frasa səfirliyində hərbi attaşe postu yaradılır və konsulluq təsis olunur. Bütün bunlarla yanaşı, erməni siyasətçilər və dövlət adamları cəmiyyətdə anti-Rusiya narrativlərinin sayı ilə miqyasını artırırlar.

 

Halbuki rəsmi Moskva indiyədək dəfələrlə bəyan edib ki, EUMM-un və ümumiyyətlə, NATO ilə bağlı olan strukturların Cənubi Qafqazda, xüsusilə də Ermənistanda fəaliyyətinə qətiyyətlə etiraz edir.

 

Nikol Paşinyan bütün bunlara rəğmən, regionda geosiyasi riskləri artırır və Ermənistanın dövlət, habelə milli təhlükəsizliyini təmin etmək üçün kollektiv Qərblə tərəfdaşlığını daha da fəallaşdırmaq niyyətində olduğunu vurğulayır. O, Rusiya ilə münasibətləri geri dönüşün mümkün olmadığı mərhələyə çatanda Fransanın və Avropa İttifaqının ermənilərə dəstək verərək arxa duracaqlarını düşünür. 

Qərbdəki bir sıra analitiklərlə ekspertlər də məhz bu məqama istinad edərək vurğulayırlar ki, Paşinyan isteblişmentindən qisas almaq və onu geri çəkilməyə vadar etmək üçün Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmasına Rusiya imkan verməyəcək.

 

Halbuki, belə deyil.

 

Əvvəla, Cənubi Qafqaz bölgəsində Rusiya əvvəlki, ənənəvi geosiyasi, iqtisadi, hərbi, siyasi və s. təsir imkanlarını itirərək əsas oyunçu statusundan məhrum olub. Bölgədə əsas aktorlar sırasında ABŞ, Türkiyə, İran və Avropa İttifaqı var. Təbii, bu sıraya Fransa, hətta Hindistan da qatılmaq istəsələr də, Parislə Dehlinin cəhdləri nəticə vermir.

 

Rusiyanın separatçı rejimlər tərəfindən idarə olunan Abxaziya və Cənubi Osetiyada hərbi kontingenti, Ermənistanınn Gümrü şəhərində 102-ci hərbi bazası olsa da, Moskva bölgədəki proseslərə təsir imkanlarının effektivliyi və miqyası baxımından Türkiyədən xeyli geridədir.

 

Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrildiyindən Rusiya indi Cənubi Qafqazda geosiyasi oyunçulardan sadəcə, biridir.

 

Mövcud reallıqlara uyğunlaşmaq məcburiyyətində qalan Rusiya regionda qalmaq və kollektiv Qərbin ciddi pressinqi qarşısında geri çəkilmək istəmirsə, rəsmi Bakının maraqlarını mütləq şəkildə diqqətə almalıdır.

 

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin məhz Moskvada, yaxud ölkənin hər hansı başqa şəhərində imzalanmasını arzuladığını dəfələrlə vurğulamış Rusiya isteblişmenti bölgədəki yeni status-kvonun təminatçısı olmaq niyyətindədir.

 

Sadalanan nüansları və vəziyyətin Rusiyanın təşəbbüsü ilə üçtərəfli bəyanatın imzalandığı 2020-ci ildən köklü şəkildə fərqləndiyini nəzərə alsaq, Moskva indi Bakı ilə anlaşmaq, mövqeləri dəqiqləşdirmək məcburiyyətindədir.

 

Əks müstəvidə, antoqonist davranış üçün Moskvanın arqumentləri yoxdur.

 

Amma bütün bunlara rəğmən, Ermənistanın Rusiya ilə münasibətləri ifrat dərəcədə sərinləşdirəcəyi halda nə ABŞ, nə də Avropa İttifaqı İrəvana təhlükəsizliyin təminatı ilə bağlı dəstək və ya real alternativlər təklif edə bilməyəcəklər.

 

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması da Moskvanın maraqları çərçivəsindədir. Ölkəmizlə strateji tərəfdaşlıq müqaviləsi imzalamış Rusiya Qərbin ağır təzyiqlərinə və sanksiyalarına məruz qalan, Ukraynada apardığı hərbi əməliyyatlardan dolayı sərt obstruksiya ilə qarşılaşmış ölkədir.

 

Azərbaycan isə Moskvaya ikitərəfli əlaqələrin inkişafını, maraqların qarşılıqlı şəkildə təminatını və mehriban qonşuluq münasibətlərini təklif edib.

 

Ölkəmiz bölgənin real lideri, geosiyasi proseslərin danılmaz amilidir və bütün dövlətlər, regional geosiyasi oyunçularla Cənubi Qafqazda kiçik də olsa, təsir mexanizmlərinə yiyələnmək istəyən istənilən ölkə bunu nəzərə almalıdır.

 

Mütləq şəkildə.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.