Ermənistanın hakimiyyət dairələri nə etdiklərini və ən pisi, nə edəcəklərini anlamırlar. İrəvan gün keçdikcə Cənubi Qafqazda gərginliyin, risklərin və yeni təhlükəli çağırışların əsas səbəbinə çevrilməkdədir.
Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesi çox çətinliklə və mikroskopik sürətlə olsa da, irəliləməkdədir. Bölgədə sülhlə stabilliyin bərqərar olmasında artıq bir çox güclər maraqlı olduqlarını bəyan ediblər.
ABŞ, Avropa İttifaqı, Fransa, Türkiyə, Britaniya, İran və Rusiya ilə yanaşı, BMT və Çin də sülh sazişinin mümkün qədər tez imzalanması üçün gərəkli addımların atılmasını vacib saydıqlarını vurğulayırlar.
Məqsəd sadəcə Bakı və İrəvan arasında sülh sazişinin əldə edilməsi yox, həm də Cənubi Qafqazda potensial münaqişəyə son qoyaraq stabilliyə nail olmaqdır.
Bölgəmiz kiçikdir, dünyanın böyük geosiyasi məkanlarından və geostrateji qüvvələr qarşıdurmasının olduğu regionlarından kənardır.
Böyük dövlətlər, daha doğrusu, qlobal dünya siyasətinin qütblərinə çevrilmiş qüvvələr anlayırlar ki, həll edilməmiş münaqişələr indiki vəziyyətdə qalmağa davam edərsə, bir müddət sonra onlar kiçik qığılcımdan partlayacaq barıt çəlləyinə çevriləcək və yeni toqquşmalara təkan verəcək.
Bu isə inkişaf etmiş dövlətlərin maraqları ilə kəskin ziddiyyət təşkil edir.
Səbəb sadədir: çağdaş dünyada əsas enerjidaşıyıcıları olan xam neftlə təbii qazın hasilatı və nəqli marşrutlarının coğrafiyası ilə yanaşı, transmilli və transregional, həmçinin subregional nəqliyyat-loqistika kommunikasiyaları ilə marşrutları həddən ziyadə əhəmiyyət kəsb edir.
Bariz misal Yəməndəki "Ənsərullah" hərəkatına qarşı aparılan əməliyyatlardır.
"Ənsərullah" və ya "husilər" illər boyu Yəməndə hakimiyyət mübarizəsi apararaq İranın proksi qüvvələrindən biri kimi qarşısına qoyulmuş tapşırıqları icra edirdi. Lakin husilər Avropa ilə Asiya arasında əsas nəqliyyat marşrutu olan, Qırmızı dəniz, Süveyş kanalı və Bab əl Məndəb boğazından keçən gəmidaşımalarına təhlükə yaratmağa başlayanda kollektiv Qərbin səbri tükəndi.
Bu daşımaların qlobal miqyasda illik həcmi 4 trilyon dollara yaxındır və dünyadakı gəmidaşımalarının 12 faizi məhz Qırmızı dənizdən keçir.
Ənənəvi marşrutla, yəni Qırmızı dənizdən keçməklə yüklər Hollandiyadan Çinə 25 sutkaya daşınır: husilər gəmiləri hədəfə almağa başlayandan sonra gəmilər Afrika qitəsini dövrə vurmaq məcburiyyətində qaldı və nəticədə daşımaların müddəti 34 sutka təşkil etdi.
Proseslərin sonucu məlumdur: ABŞ-ın yaratdığı, Britaniyanın ikinci yerdə olduğu beynəlxalq koalisiya Yəməndə "Ənsərullah"ın mövqelərinə raket-bomba zərbələri endirir.
Ermənistanın Cənubi Qafqazda Yəmənə çevrilməsini və daşımalarla marşrutlara mümkün gərginlik təhdidi olmasını Qərblə yanaşı, Çin də istəmir.
Ukraynada hərbi əməliyyatlar aparan və Qərbə qarşı müqavimət göstərdiyini bəyan edən Rusiya belə, Ermənistana təzyiqlər göstərərək baş nazir Nikol Paşinyan administrasiyasını sülh sazişini mümkün qədər tez imzalamağa sövq etməyə çalışır.
Heç bir qlobal güc və rasional siyasət yürütməyə çalışan böyük dövlət Ukrayna və İsrail-Fələstin əməliyyatlarından sonra Cənubi Qafqazda da silahlı toqquşmaların yenidən alovlanmasını istəmir.
Fransa istisnadır. Bu ölkədəki erməni icmasının diaspor təşkilatlarının rəhbərlərinin “Manvel” adlandırdıqları Fransa prezidenti Emmanuel Makron baş nazir postuna erməni daşnakların ən yaxın dostlarından biri, homoseksualist Qabriel Attalı təyin edəndə ermənilərlə Ermənstan rəhbərliyi sevindilər. Attal da sonradan “əri” Stefan Sejurneni xarici işlər naziri təyin edəndə isə erməni diasporu ilə İrəvan ümumiyyətlə, paroksizmə qapıldılar.
Fransanın hakimiyyəti yekcins deyil, rəsmi Parisin Bakı ilə bağlı yürütdyü siyasət də bir çox məşhur fransız siyasətçiləri narazı salıb.
Fransanın yeni mədəniyyət naziri, müsəlman ərəb Rəşidə Dati də həmin siyasətçilər arasında yer alır.
Xatırladaq ki, 2016-cı ildə, Aprel Döyüşlərindən sonra Rəşidə Dati senatorlar Jan-Mari Bokel, Natali Qule, Andre Reyhardt, Silvi Qoy-Şavan, Jeron Binyon, Kristian Nami, habelə Fransa parlamentinin deputatları Jan-Lük Raytser, Jerom Lamber və Jan-Fransua Mansellə birlikdə həmin dönəmdə Fransa prezidenti Fransua Ollanda açıq məktubla müraciət edərək Ermənistanın işğalçı siyasət yürütdüyünü, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinin icrasından boyun qaçırdığını vurğulamışdılar.
Ermənistanı tam və total şəkildə dəstəkləyən Fransa bölgədə yeni gərginliyin yaşanmasına, bu minvalla ABŞ-ın və Avropa İttifaqının Cənubi Qafqazdakı təsir imkanlarının azalmasına, Rusiyanın isə bölgəni ümumiyyətlə, tərk etməsinə çalışır.
Fransada hazırda aşkar şəkildə anti-ABŞ və anti-Aİ mövqeləri güclənməkdədir. Belə şəraitdə Emmanuel Makron bu il ölkədə keçiriləcək seçkilərdə yerli ermənilərin dəstəyini qazanmaq üçün İrəvana istənilən vədləri vermək niyyətindədir.
2024-cü il Avropa Parlamentinə seçkilər, Avropa İttifaqının rəhbərliyinin yeniləcəyi ildir. Makron və ya Fransadakı ermənilərin “Manvel” dedikləri prezident də mövqelərini möhkəmləndirmək üçün Cənubi Qafqazda yeni eskalasiyanı gözə alaraq Ermənistanı sürətlə silahlandırmağa, həmçinin Nikol Paşinyanı kontrolda saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
Nikol Paşinyan uzaq Fransadan verilən vədlərə, dəstək və total yardım messiclərinə inana bilər. Xəyallara da qapılaraq sülh sazişinin imzalanmasını gecikdirə bilər.
Onun bəyanatları və açıqlamaları ilə reallıq arasında kəskin fərqlər var.
N.Paşinyanın sözdə anti-Rusiya isteriyasına rəğmən, Moskva ilə əlaqələri minimuma endirmək İrəvanın gücündə deyil. Ermənilərin hazırda olduğu situasiyaya baxaq: Azərbaycanla sülh müqaviləsi imzalanmadığından şərti dövlət sərhədi bağlıdır, Türkiyə ilə sərhədlər açılmayıb, sərhədlərin açıq olduğu İran Qərbin sərt sanksiyaları altındadır və bu səbəbdən Tehranla təmaslar bəlli məhdudiyyətlərlə üzləşəcək.
Avropa İttifaqı ermənilərin vəziyyətini qismən yüngülləşdirə bilər, amma bunun üçün Brüssel erməniləri Türkiyə ilə normal münasibətlərə, ərazi iddialarından və revanşizmdən əl çəkməyə məcbur etməlidir. Ermənistan cəmiyyətinin və müxtəlif ölkələrdəki erməni diasporunun mövqelərini nəzərə alsaq, Brüssel çətin bu məqsədə nail olsun.
Məhz bu səbəbdən Nikol Paşinyan və komandası vaxt uzatmağa davam edir, ik güc mərkəzi arasında barraj vuraraq hər iki tərəfdən mənfəət əldə etməyə çalışır.
Bu isə təbii ki, gərginliyi artırır və bölgədə stabillikdə maraqlı olan güclərin səbr kasasını daşdırır.
İrəvan oyun oynayır, amma oyunu yaxın vaxtlarda məğlubiyyətlə bitə bilər.