Fransa Senatı Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Layihənin lehinə 295, əleyhinə isə 1 səs verilib.
Qətnamə layihəsində, həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və ermənilərin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur.
Qətnamənin məğzi
Prinsip etibarilə Fransa Senatı ilk dəfə deyil ki, Azərbaycan əleyhinə qətnamə qəbul edir. Bununla belə, qətnamənin adı və nəzərdə tutduğu sanksiya diqqət çəkir.
Birincisi, qətnamədə Azərbaycanın Qarabağa “hücumu” pislənir. Ümumiyyətlə, bu məqamın qətnaməyə salınması həm beynəlxalq hüququn pozulması, həm də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. BMT TŞ-nin Qarabağın işğalına dair 4 qətnaməsi vardı. Yəni işğal faktı bu qətnamələrlə beynəlxalq səviyyədə tanınıb. Azərbaycanın Qarabağı hərbi yolla işğaldan azad etməsi heç bir halda qanunsuz ola bilməz. Əksinə, bu faktı qanunsuz hesab etmək özlüyündə qanunsuz əməldir. Fransa başda olmaqla əksər ölkələr Qarabağı Azərbaycanın ərazi bütövlüyü olaraq rəsmi səviyyədə tanıyır. Parisin belə bir qətnamə qəbul etməsi həm də bu baxımdan əsassızdır.
İkincisi, qətnaməyə Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdləri müddəası da salınıb. Ümumiyyətlə, Azərbaycan bu günə qədər Ermənistanın ərazi bütövlüyünü pozacaq addım atmayıb. Hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanın döyüş zonasından xeyli aralı ərazilərinə ballistik raketlər atarkən belə rəsmi Bakı yalnız zərbələrin endirildiyi hərbi təyinatlı məntəqələri sıradan çıxarmaqla kifayətlənmişdi. Yəni rəsmi Bakının Ermənistan ərazilərini işğal etmək kimi bir düşüncəsi yoxdur.
Düzdür, rəsmilər səviyyəsində qeyd olunur ki, bugünkü Ermənistan əraziləri tarixi Azərbaycan torpağıdır. Hətta Paris sülh konfransı zamanı Fransa başda olmaqla dövrün Avropa ölkələri Cənubi Qafqazın siyasi xəritəsini tanıyıb. Və həmin xəritələrdə Qərbi Zəngəzur, Göyçə mahalı ADR-in parçası kimi təsdiq edilib. Bununla belə, rəsmi Bakı məsələyə tarixi metadologiya aspektindən yanaşmır.
Üçüncüsü, qətnamədə Ermənistan əhalisinin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur. Ermənistan əhalisi deyərkən böyük ehtimalla Qarabağ ermənilərindən söhbət gedir.
Ümumiyyətlə, Azərbaycan Qarabağ ermənilərini qovmayıb. Lokal antiterror əməliyyatlarından sonra Qarabağ erməniləri Azərbaycanı öz istəkləri ilə tərk ediblər. Hətta qalmalarına dair konkret çağırış edilsə də, çox az qisim erməni Qarabağda qalıb. Rəsmi Bakının təklifi bu gün də keçərlidir. Ermənilər Azərbaycan Konstitusiyasına tabe olub vətəndaşlığı qəbul etsələr, Qarabağda yaşaya bilərlər. Fransa isə məsələyə gülünc yanaşma sərgiləyir.
Dördüncüsü, qətnamə layihəsində diqqətçəkən digər bir məqam da Fransanın Azərbaycana qarşı sanksiyalar tətbiq etməsidir. Ümumiyyətlə, iki ölkə arasında iqtisadi münasibətlər mövcuddur. Lakin bu, həyati əhəmiyyət kəsb edəcək və ya iqtisadiyyata ciddi zərbə vuracaq qədər geniş deyil. Fransa region olaraq Azərbaycana çox uzaqdır. Bu ölkənin nəzarət etdiyi strateji bir nöqtə və ya boğaz da yoxdur. Parisin sanksiya addımı Bakını narahat etmir. Lakin Azərbaycan Fransanın da daxil olduğu Aİ-nin alternativ enerji təminatçısıdır. İttifaq ölkələrinin bir çoxu ilə mavi qazın nəqlinə dair sazişləri var. Yəni müqayisə etdikdə Bakının iqtisadi sahədə təzyiq rıçaqları daha çoxdur.
Fransanın aqressiyası
Bəs Fransanın Azərbaycana aqressiyasının səbəbi nədir? Əvvəlcə qeyd edək ki, rəsmi Bakının Parislə heç vaxt problemi olmayıb. İki ölkənin münasibətlərində yaşanan gərginlik və prosesin hazırkı mərhələyə gəlməsinin səbəbkarı Fransadır.
Parisin anti-Azərbaycan mövqeyi və Ermənistana, habelə separatçılara dəstək siyasəti iki ölkəni qarşı-qarşıya gətirir. Fransa özünü fövqəltəbii ölkə saydığı kimi Azərbaycanı da Qərbi Afrikadakı keçmiş müstəmləkəsi olan ölkələrlə səhv saldı. Bakı son zamanlar Fransanın sərgilədiyi mövqeyə adekvat və tutarlı cavablar verir. Misal üçün, 2023-cü il oktyabrın 20-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransa Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin dəvət edilməsi, bunun öncəsində Qoşulmama Hərəkatında Fransa əleyhinə çıxışların edilməsi və nəhayət, bir müddət öncə Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələrinin Fransa agenturasın vurduğu zərbə Parisin aqressiyasının nədən qaynaqlandığını göstərir.