Sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik davam edir. Tərəflər arasında atəşkəsin elan edildiyi bildirilsə də rəsmi İrəvan təxribatlara son vermir.
Prinsip etibarilə, hazırda cərəyan edənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir.
Bunu sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan tərəfinin zərbələr endirməsi və rəsmi İrəvanın dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT) müraciət etməsi də təsdiqləyir.
Ermənistan 2020-ci ildə olduğu kimi KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini əsas gətirib təşkilatı prosesə cəlb etməklə mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək istəyirdi. Maraqlıdır ki, rəsmi İrəvanın bu cəhdi də eynilə 2020-ci ildə olduğu kimi fiasko ilə yekunlaşdı. Belə ki, qurum Ermənistanın müraciəti əsasında videokonfrans formatında növbədənkənar iclas keçirdi və İrəvanın KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinin icra tələbini rədd etdi. Təşkilat Ermənistana sadəcə missiya göndərilməsi barədə qərar verdi.
KTMT-nin növbəti dəfə Ermənistanın tələbini rədd etməsinin bir neçə səbəbi var.
Birincisi, Ermənistanın təşkilatdan tələb etdiyi KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinin icrası üçün real əsas yoxdur. Məsələ ondadır ki, həmin bənd təşkilat üzvlərindən birinə kənar ölkənin müdaxiləsi zaman keçərlidir. Mövcud situasiya isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı sonrasında yaranıb.
Rəsmi Bakının təxribat sonrası davam edən unikal cavab əməliyyatı özünümüdafiə xarakterlidir və bu, beynəlxalq hüququn normalarına uyğundur.
İkincisi, KTMT üzv olan ölkələrin hər biri bu gün Azərbaycana Ermənistandan böyük önəm verir. Xüsusilə Qazaxıstan, Qırğızıstan və Tacikistan. Təsadüfi deyil ki, Ermənistanın müraciətinə hər üç ölkə xüsusilə etiraz edib və Azərbaycan əleyhinə veriləcək qərarı dəstəkləməyəcəklərini bildiriblər. Bundan sonra Mərkəzi Asiya dövlətlərinin fikri ortaq qərar kimi qəbul edilib.
Üçüncüsü, hazırda Ermənistan ilə Azərbaycan arasında nə yekun sülh müqaviləsi imzalanıb, nə də sərhədlər tam olaraq müəyyənləşib. Yəni hər iki ölkə real müharibə vəziyyətindədir. Sərhədlərin təyin edilməməsi ehtimal əməliyyatlar zamanı tərəflərin bir-birinin ərazisinə müdaxilə etməsi arqumentini cürüdür.
Dördüncüsü, Ermənistan KTMT üzvü olsa da, Azərbaycan da KTMT-nin üzvü və aparıcı ölkəsi Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannaməsi”ni imzalayıb. Nəzərə alsaq ki, təxribatı Ermənistan tərəfi başladıb rəsmi Bakı Moskva bəyannaməsini əsas gətirərək Rusiyadan dəstək istəyə bilər. Hesab edirəm, bunu KTMT üzvləri də bilir və məhz buna görə Azərbaycan əleyhinə qərar vermirlər.
Beşincisi, Azərbaycan tərəfi, Ermənistanın iddia etdiyi kimi, həqiqətən də ona hücum edibsə rəsmi İrəvan bunu isbat edəcək peyk görüntülərini KTMT və digər təşkilatlara təqdim edə bilər.
Turan Rzayev,
politoloq