SEPAH-a bağlı sosial media orqanlarının Azərbaycan tərəfinin 2 rus əsgərini vurması barədə dünən yaydığı məlumatlar, sözsüz ki, təxribat xarakterli idi. Məqsəd Azərbaycanla Rusiya arasındakı onsuz da gərgin olan münasibətləri öz məcrasından tamamilə çıxarmaq və ölkəmizi regionda 4 tərəfdən təzyiq altında saxlamaqdır.
Təxribatın zamanlaması da təsadüfi seçilməmişdi. Həmin gün Çin lideri ilə Rusiya Prezidenti Vladimir Putin görüşmüş və tərəflər iqtisadiyyatdan tutmuş hərbi əməkdaşlığa qədər bir çox sahələr üzrə önəmli müqavilələr bağlamış, Qərb ölkələrinə qarşı açıq tövr ortaya qoymuşdular. Elə həmin gün ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Laçın dəhlizindəki vəziyyətlə maraqlanmış və ölkə başçısı İlham Əliyev də öz növbəsində Laçın dəhlizində hər hansı blokadanın mövcud olmadığını, ermənilərin sadəcə bu məsələdə manipulyasiya etdiklərini və bunun sonucu olaraq üzərlərinə götürdükləri öhdəliklərindən boyun qaçırdıqlarını, Zəngəzur yolunu açmaq istəmədiklərini qarşı tərəfin nəzərinə çatdırmışdı. İlham Əliyevin bu fikirlərindən sonra Blinkenin Bakı ilə İrəvan arasında sülh sazişi bağlamağa çalışacaqlarını bildirməsi ABŞ-ın yaxın zamanlarda Cənubi Qafqaz siyasətini gücləndirəcəyindən xəbər verirdi. Nəzərə alsaq ki, Çin də Rusiya ilə münasibətlərini yaxınlaşdırmaq barədə qərar qəbul edib, bu durumda ABŞ yetkililərinin Cənubi Qafqaza yönəlməsi təəccüblü görünmür. Belə anlaşılır ki, Vaşinqton nəyin bahasına olursa-olsun regionu Çin-Rusiya-İran üçbucağının təsir dairəsindən uzaqlaşdırmağa çalışacaq. İranın Azərbaycana qarşı təxribatı məhz belə bir zamanda meydana gəldi və məqsəd regionun Qərb təsir dairəsinə girməyi əngəlləməkdir.
Bütün bunlar öz yerində. İranın bu təxribatçı xəbərlərinin SEPAH kimi ciddi bir qurum tərəfindən yayılması ağla bir çox suallar gətirir: həqiqətənmi Zəngəzurda rus “sülhməramlı”ları atəşə tutulmuş və iki rus əsgəri yaralanmışdı? Əgər bu təxribat baş vermişsə, bunu edən kimdir?
Məsələ burasındadır ki, İranın rəsmi qurumları tərəfindən yayılan həmin məlumat indiyədək Rusiya tərəfindən nə təsdiq, nə də təkzib olunub. Bu baxımdan iddiaların sadəcə feyk bir “informasiya”dan ibarət olması da inandırıcı görünmür. Mümkündür ki, ərazidə hansısa qüvvə həqiqətən də rus sülhməramlılarına atəş açıb. Atışma nəticəsində iki rus əsgərinin vurulması da istisna deyil. Amma bu atəşi kim açıb?
Azərbaycanın olduqca kritik bir zamanda səbirsiz davranmasına inanmaq çətindir. Çünki rəsmi Bakı nə qədər haqlı olmasına baxmayaraq, indiyədək bu cür təhlükəli addımlardan, sözün yaxşı mənasında “çəkinib”, Ermənistan və Rusiya ilə aramızdakı problemləri sülh və dialoq şəraitində həll etməyə çalışıb. Xüsusilə Rusiya ilə münasibətdə ehtiyatı əldən verməyib. Belə bir zamanda Azərbaycanın danışığa gələn rus “sülhməramlı”larına atəş açmasına nə ehtiyac vardı?
Üstəlik, rus “sülhməramlı”ları Azərbaycan rəsmiləri ilə görüşmək istəsə, bizə cəbhə xəttinin əks istiqamətindən yaxınlaşmazdılar. Qarabağın və ya Şərqi Zəngəzurun istənilən nöqtəsində bizimkilərlə təmasa keçər, öz ricalarını dilə gətirərdilər. Azərbaycandan müsbət və ya mənfi cavab alıb geri qayıdardılar.
Azərbaycanın bu təxribatda maraqlı olmadığını nəzərə alsaq, ortaya başqa versiyalar çıxır. Mümkündür ki, baş verdiyi iddia olunan bu təxribatı İranın özü, ermənilər, Ermənistanla Azərbaycan sərhəddində monitorinq aparan Aİ qüvvələri törətsin. Üstəlik, bu təxribatda onların hər birinin öz maraqları da yox deyil.
İranın marağının nədən ibarət ola biləcəyini yuxarıda qeyd etmişik. Sadəcə onu əlavə etmək istərdik ki, son zamanlar daxili gərginliklərin yaşandığı cənub qonşumuzun diqqətləri iç problemlərdən yayındırmaq üçün xarici təhdidə ehtiyacı var. İran üçün ən təhlükəsiz xarici təhdid hədəfi isə, görünən budur ki, Azərbaycandır. Nəzərə alsaq ki, İran Çinin vasitəçiliyi nəticəsində ərəb dünyası ilə arasındakı problemi həll etdiyini düşünür, Azərbaycanı yalnız yaxalamağın xəyallarını da qurduğu ehtimalı yaranır. Üstəlik, Azərbaycan Türkiyəni Orta Asiyaya bağlayan geostrateji məntəqə olduğundan NATO qüvvələrinin bu körpü vasitəsilə sözügedən coğrafiyaya açıla biləcəyini, sabah Rusiya və Çinin gözlənilən müdaxilələrinə qarşı Orta Asiya türklərini silahla təchiz edəcəyini, ən əsası, müttəfiqlərini də bu arqumentə inandıracağını düşündüyündən Azərbaycanı hədəfə götürə bilər. Tehranın sabah onsuz da qarşılaşacağını düşündüyü sürprizi indi süni şəkildə yaradaraq Qərb dünyası ilə gözlənilən savaşda müttəfiqlərini yanına almaq istəməsi də mümkündür. İranın ərəb dünyası ilə xoş münasibətlərinin nazik sapdan asılı olduğunu və hər an kiçik bir qığılcıma qurban gedə biləcəyini hesaba qatsaq, onun hazırkı fürsətdən tələm-tələsik yararlanmağa çalışması da başadüşüləndir.
Ermənilərə gəlincə, sirr deyil ki, İrəvanın Azərbaycanla sülh sazişində Qərbə bağladığı ümidlər tam doğrulmadı. Qarabağ ermənilərinin “öz müqəddəratlarını təyin etmək hüququ” Qərb dövlətləri tərəfindən yaxına buraxılmadı. Bunun başlıca səbəbi, sözsüz ki, Rusiyanın həmin nümunəni əsas götürüb post-sovet məkanlarında öz separatçı siyasətinə haqq qazandırması ehtimalıdır. Ukraynanın işğal olunmuş ərazilərindən sonuncu rus əsgəri çıxana qədər sülh müqaviləsinin bağlanmayacağını əsas şərti kimi irəli sürən Qərb ölkələri digər post-sovet məkanlarındakı bənzər problemlərə də eyni nöqteyi-nəzərdən baxmağa məcburdurlar. Qarabağ da bu məsələdə istisna təşkil edə bilməz. Əks halda Qərbin prinsipiallığına kölgə düşər.
Digər tərəfdən, Azərbaycan rus enerji asılılığından xilas olmaq istəyən Avropa ölkələri üçün vazkeçilməz müttəfiqdir və erməni təcavüzünün əsl səbəbi də elə sərhədlərimizə bir atəşlik məsafədən keçən neft-qaz kəmərlərimizin fəaliyyətini dayandırmaqdır. Xüsusilə 2020-ci ilin yay aylarında ermənilərin Tovuz rayonuna hücumu zamanı da bu fakt öz təsdiqini tapıb. Belə bir vəziyyətdə Qərb dünyasının ermənilərin təcavüzkar siyasətinə haqq qazandırması, zənnimizcə, mümkün deyil.
Xüsusilə Münxendə ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə baş tutan son görüşdə Azərbaycan və Ermənistan liderləri iki ölkə arasındakı sülh razılaşmasının ümumi prinsipləri üzərində ortaq məxrəcə gəldilər. Əldə edilən razılığa görə, Azərbaycan və Ermənistan arasındakı kommunikasiya əlaqələri “yol-yol” formatında açılacaq və sülh sazişi ölkələrin torpaq bütövlüyü əsasında bağlanacaqdı.
Ermənistan baş naziri Nikol Paşinyan isə hər zaman olduğu kimi, Münxen görüşündə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdə acizlik göstərir. Sözsüz ki, bu acizlikdə Rusiya və İranın Ermənistana basqıları da öz sözünü deyir. Türk düşmənçiliyi üzərində qurulmuş və bu düşmənçilikdən qidalanan erməni millətçiliyi bu prinsipləri qəbul edə bilmir, nəticədə iki dövlət arasında gərginlik çözülməmiş qalır. Bu durumda Paşinyan hakimiyyətinə yeni bəhanələr və müttəfiqlər lazımdır.
Görünür, məhz bu səbəbdən bir müddət əvvəl Avropa ilə flort etmək eşqinə düşmək naminə Rusiya ilə müttəfiqlikdən az qala imtina edən rəsmi İrəvan son zamanlar yenidən Kremlin qucağına qayırmağa qərar verdi. Dünən Moskvada həmkarı Sergey Lavrovla görüşən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanın imzalamaqdan imtina etdiyi KTMT bəyannaməsini yenidən gözdən keçirəcəyi və rus ordusunun Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilə biləcəyi siqnalını verdi. Faktiki olaraq ABŞ və Avropa İttifaqı qarşısında verdiyi sözlərə xilaf çıxan İrəvana indi yaxşı bir bəhanə lazımdır. Mümkündür ki, erməni kəşfiyyatı Azərbaycan mövqelərinə yaxın ərazilərdən rus “sülhməramlılarını” atəşə tutub, günahı bizim üstümüzə atsın. O da mümkündür ki, rus “sülhməramlı”larının guya axtardığı erməni zabiti ümumiyyətlə bizimkilərə əsir düşməsin, haradasa gizlədilib, “itkinliyə” əsir düşmə süsü verilsin. Ermənistan Müdafiə Nazirliyinin bu gün yaydığı xəbərdə erməni hərbçisinin tapıldığının bildirilməsi bu ehtimalı təsdiqləyir. Zira həmin erməni zabiti əsir düşsəydi, bu qədər az vaxtda erməni tərəfinə qaytarılmazdı. Yeri gəlmişkən, İran SEPAH-ının və Ermənistan sosial mediasının böyük həvəslə yaydığı təxribat xəbərinə Rusiyadan hələ də heç bir cavab gəlməməsi Moskvanın da bu işdə maraqlı olduğunu göstərir.
Aİ-nin Ermənistandakı monitorinq qrupunun bu təxribatda maraqlı ola biləcəyi ehtimalı az da olsa mövcuddur. Çünki Rusiyaya qarşı ikinci cəbhənin açılması Ukraynada sıxışan Qərb dövlətlərinin də işinə yarayır və bunu heç gizlətmirlər də. ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə keçmiş xüsusi nümayəndəsi Filip Rikorun keçən il bölgəyə səfəri zamanı ikinci cəbhə məsələsini gündəmə gətirdiyi Gürcüstanın hakim partiyasının sədri İrakli Kobaxidze tərəfindən bir növ etiraf olunmuşdu. Baxmayaraq ki,, Kobaxidze Ukraynadan bunu tələb edənin Ukrayna rəsmiləri olduğunu söyləmişdi.
Bütün bu sadalananları bir yerə topladıqda aydın olur ki, Zəngəzurda rus “sülhməramlı”larına həqiqətən atəş açılıbsa, bunu edən qətiyyət Azərbaycan əsgəri deyil və ola da bilməz. Çünki indiki zamanda bu, Rusiyaya qarşı ikinci cəbhə açılması anlamına gəlir və rəsmi Bakı belə bir çətin vəziyyətdə sözügedən təxribata getməz. İndiki halda təxribat əsasən ermənilərin və İranın işinə yarayır.
Heydər Oğuz,
Ovqat.com-un baş redaktoru