SÜLH İSTƏMƏYƏN KİMLƏRDİR?
ELÇİN ALIOĞLUNUN YAZISI

Dünən Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün yaxınlığında sərhədçilərimizin atəşə tutulması təsadüfi, yaxud spontan hadisə deyildi.

 

Zəngilan istiqamətində mövqelərimizin atəşə tutulması da dünənki olaylar arasındadır.

 

Bugün isə Qubadlı rayonundakı və Naxçıvanın Sədərək rayonundakı mövqelərimiz ermənilərin atəşinə məruz qalıb.

 

Azərbaycanla Ermənistan arasındakı yekun sülh sazişinn imzalanmasına yönəlmiş prosesdə hələlik kiçik sayılsa da, irəliləyişlərin mövcudluğunun artıq fakt olduğunu, həmçinin ABŞ, Avropa İttifaqı və Rusiyanın nizamlanma prosesində diametral əks də olsa, aktiv mövqe tutduqlarını nəzərə alsaq, Ermənistan Müdafiə Nazirliyinin belə qeyri-adekvat davranışı ən azı suallar doğurur.

 

Nə baş verir? Danışıqların aktivləşməsinə, nizamlanma prosesinin sürətlənməsinə ümidlərin artdığı bir zamanda ermənilər niyə hər gün mövqelərimizə atəş açırlar? Üstəlik, Ermənistan istiqaməti ilə yanaşı, Azərbaycanda, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdən separatçı rejimin silahlı dəstələri mövqelərimizi hədəfə alıblar.

 

İkinci Qarabağ Müharibəsindən sonra qarabağlı separatçıların silahlı qruplarının nisbi sakitlik içində uzun müddət qalmasından sonra onların sporadik hərbi təlimlər keçirməsi, yeni müdafiə mövqeləri inşa etmələri və bu mövqelərə silah-sursat daşımaları da səngimir.

 

Özü də daşımalar RSK-nın ayırdığı xüsusi hərbçi dəstələrin müşayiəti ilə həyata keçirilir və beləliklə, rusiyalı sülhməramlılar faktiki olaraq erməni separatçılarını qoruyurlar.

 

Rəsmi İrəvan isə ampluasına sadiq qalaraq, ağı qara, qaranı da bəyaz kimi qələmə verməyə və situasiyadan faydalanaraq danışıqlar prosesinin məcrasını dəyişməyə çalışır.  

Ermənistan hakimiyyətinin əsas məqsədi qarabağlı ermənilərin çoxdan tarixin zibilliyinə atılmış statusu məsələsini yenidən gündəmə gətirərək müzakirə mövzusuna döndərmək, habelə Bakı ilə İrəvan arasındakı diskussiyalarda qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliklərinin təminatı ilə bağlı beynəlxalq mexanizm adlı irreal şərtin subyekt halını almasına nail olmaqdır.

 

Ermənilər bu istiqamətdə aktiv fəaliyyətə başlayıblar. Məsələn, Ermənistan UNESCO-ya müraciət edərək Qarabağdakı “erməni mədəni-tarixi irsinin mühafizəsi üçün Dağlıq Qarabağa faktaraşdırıcı missiya”nın göndərilməsini istəyirlər.

 

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Qriqoryan təşkilatın Baş Assambleyasının iclasında belə “tələb”lə çıxış edib.

 

ABŞ Konqresinin Nümayəndələr Palatasında isə ermənipərəst konqresmenlər Tom Lantos adına insan hüquqları komissiyasında “Dağlıq Qarabağın erməni xalqının hüquqlarının və təhlükəsizliyinin təminatı ilə bağlı məsələlər”i müzakirə etməyə hazırlaşırlar. Keçiriləcək müzakirələrin preambulasından belə anlaşılır ki, məqsəd Laçın yolunda Azərbaycana məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin ləğvinə, Ermənistandan Xankəndiyə nəzarətsiz və xaotik hərəkətlə yükdaşımaların, həmçinin rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə yerləşən mədənlərlə yataqların istismar edilərək təbii resursların Ermənistana daşınmasının bərpasına nail olmaqdır.  

Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya aparılmadığından şərti olan dövlət sərhədinin az qala bütün perimetri boyunca ermənilər sürəkli olaraq mövqelərimizi atəşə tuturlar.

 

İlk baxışdan paradoksal vəziyyətdir: rəsmi İrəvan sülh sazişi imzalamağa hazır olduğunu vurğulayır, Ermənistanın baş naziri Qarabağın Azərbaycan ərazisi olduğunu və bununla bağlı hansısa müzakirələrin əsassızlığını bəyan edir — amma  Ermənistan Müdafiə Nazirliyinin birləşmələri mövqelərimizi sürəkli atəşə tuturlar.

 

Özü də son günlərdə ermənilər iriçaplı atıcı silahlarla yanaşı, artilleriya qurğularından və minaatanlardan da geniş miqyasda, aktiv şəkildə istifadə edirlər.

 

Halbuki Vaşinuqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın XİN başçılarının görüşündən sonrakı Brüssel, daha sonra isə Kişineu müzakirələrində yekun sülh sazişinin imzalanması ilə bağlı ciddi ümidlərin mövcudluğu vurğulanmışdı.

 

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk isə Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması və Zəngəzur dəhlizi layihəsinin gerçəkləşdirilməsi ilə bağlı gərgin müzakirələrin uğurla başa çatdığını bəyan etmişdi.

 

Rəsmi Bakı və İrəvan unison olaraq bildirmişdilər ki, iki dövlət arasında sülh sazişinin alternativi yoxdur.

 

Belədə, Laçında sərhədçilərimizin atəşə tutulması, daha sonra isə şərti dövlət sərhədinin perimetri boyunca mövqelərimizin hədəfə alınması qəribə təsir bağışlaya bilər.

 

Lakin ilk baxışda təəccüb hissi yaranır ki, o da hadisələrin məcrası ilə tanışlıqdan sonra yoxa çıxır.

 

Artıq aşkardır ki, sülh prosesinə zərbə vuran, danışıqları nəticəsiz qoymağa çalışan və yeni hərbi əməliyyatların, hətta müharibənin başlanması üçün şərtlər toplusu yaradan qüvvə var.

 

Həmin qüvvə birmənalı olaraq Azərbaycan deyil: rəsmi Bakı sülh gündəliyində maraqlıdır və danışıqların mümkün qədər tez, konstruktiv və əməli nəticələrlə başa çatmasını istəyir.

 

Təəccüblü görünə bilər, amma rəsmi İrəvan da situasiyanın ifrat gərginləşməsində maraqlı deyil: tam əksinə, baş nazir Nikol Paşinyan sülh sazişini tezliklə imzalamağa, qarabağlı ermənilərin problemlərinin həllini bütünlüklə Bakıya həvalə etməyə və bununla da Ermənistanı ballastdan qurtararaq normal inkişaf yoluna istiqamətləndirməyə tələsir.

 

Paşinyan və komandası anlayırlar ki, qarabağlı ermənilər, xüsusilə də Xankəndidəki separatçı xunta İrəvana fasiləsiz siyasi, iqtisadi, geosiyasi və s. müstəvilərdə təzyiqlər üçün bəlli qüvvələrin, yəni iri güclərin əllərində vasitə olaraq qalıblar.

 

Ermənistandakı daxili situasiyanın gərginlik həddinin azalmadığını, müxalifətlə hakimiyyətdəki qüvvələrə ABŞ, Rusiya, Fransa və İranın təsir imkanlarının az olmadığını xatırlasaq, mənzərə tamamlanır.

 

Digər oyunçulardan fərqli olaraq, Rusiyanı hazırda ən çox Zəngəzur dəhlizi layihəsinin reallaşması maraqlandırır. Yekun sülh sazişi, qarabağlı ermənilərin taleyi, Azərbaycanla Ermənistan arasındam şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası kimi məsələlər Moskva üçün hazırda geosiyasi baxımdan törəmə funksiya səciyyəsi daşıyır.

 

Yekun sülh sazişinin reallaşacağı təqdirdə isə, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli  anlaşma kağız parçasına çevriləcək.

 

Bölgədəki süni gərginliyin səbəbi də elə budur.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.