Aİ-nin mülki missiyasının Ermənistanın Azərbaycanla sərhədində fəaliyyətə başladığı ilk günlərdən mülki işçi heyətinin təxminən 100 nəfərdən ibarət olacağı, onların 50-yə yaxınının silahsız müşahidəçi qismində iştirak edəcəyi açıqlamasından artıq bəlli idi ki, Avropa İttifaqının məqsədi heç də məhz sərhəddə monitorinqlə məşğul olmaq, iki ölkə arasında sabitliyin təmin olunmasında pay sahibi olmaq deyil.
Bunu geridə qalan 4 ay müddətində daha aydın gördük. Bu zamana kimi Ermənistanla Azərbaycan sərhədi boyunca fəaliyyətləri zamanı bir dəfə də olsun Ermənistan tərəfinin demək olar ki, hər gün törətdiyi təxribatlara bir kəlmə də olsun hesabatında yer ayırmayan bu missiyanın məqsədinin əslində Qərbin maraqları çərçivəsində Ermənistanı Rusiyanın təsirindən çıxarmaq və gələcəkdə bu ərazilərə beynəlxalq hərbi qüvvələrini yerləşdirmək üçün bir test olduğu hər halından bəllidir.
Aİ-nin Ermənistandakı missiyası indi də utanmaz-utanmaz növbəti elanla onsuz da Bakıda özünə qarşı olmayan etimadını daha da zədələdi, beynəlxalq missiya statusunu yenidən zərbə altına aldı. Belə ki, Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyi (EUMA) elan edib ki, Missiya Ofisinin Rəhbəri, Aparat Baş İdarəsinin rəisi, Əməliyyatlar, Təhlükəsizlik və qayğıkeşlik vəzifəsi və Missiyaya Dəstək Departamentində 23 yeni vəzifə açılıb, bu vəzidfələrə işçi qəbulu keçirilir. Bu isə missiyanın Azərbaycan sərhədində sülh, sabitlik üçün yox, gərgin vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır.
Çünkü 2025-ci ilin fevral ayına qədər müəyyən müddətli müqavilə ilə işə qəbul ediləcək bu şəxslər yerli əhalinin (ermənilərin) arasından seçiləcək. Əksər vəzifələrin Yeqegnadzorda, həmçinin Cermuk, Martoni (Xocavənd), Gorus, İcəvan və Qafanda növbətçi məntəqələri var. Elandan da bəllidir ki, Aİ-nin bu missiyası Ermənistan daxilində yox, Azərbaycanla 50-100 metrlik məsafədə fəaliyyət göstərdiyi halda, sıralarına erməniləri cəlb etməklə təxribatların daha da artmasında maraqlı olduqlarını nümayiş etdirirlər. Çünkü heç bir halda Azərbaycana qarşı hələ də revanş hissi ilə yaşayan bir erməni özünü beynəlxalq missiya adlandıran bir qurumun tərkibində haqqın-ədalətin tərəfində olmayacaq. Bunu Aİ-də də yaxşı bilirlər. Demək ki, bu qərar məqsədli şəkildə atılan addımdır, demək ki, bunun gələcəkdə bölgədə hansı fəsadlara yol açacağından da xəbərdardırlar.
Öncədən də bəlli idi ki, yeni sərhəd missiyası sülhə qarşıdır. Oktyabrda Praqada dördtərəfli görüş zamanı Prezident İlham Əliyevin Nikol Paşinyandan fərqli olaraq bu missiyanın Azərbaycan sərhədləri daxilində fəaliyyəti təklifini rədd etməsi səbəblərindən biri də elə məhz bu idi. Azərbaycan liderinə Aİ-nin sülh missiyasının məqsədinin heç də sülhə töhvə vermək olmadığı çox yaxşı bəlli idi. Hətta həmin vaxt bu qərarı Aİ Azərbaycanla razılaşdırmalı olsa da, rəsmi Bakının mövqeyini öyrənmədən sərhədlərimizə öz "missiyasını" yerləşdirdi.
Onu da qeyd edək ki, ötən il Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin dörd görüşü olub. Bu görüşlər zamanı tərəflər arasında yekun sülh sazişinin imzalanması, sülh gündəminin irəli aparılması istiqamətində ciddi müzakirələr aparılıb. Müzakirələr tez bir zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı təsəvvürünü yaradırdı. Ancaq Avropada sonuncu Praqa görüşü hər şeyi dəyişdirdi. Sanki Ermənistana dəstək elementi təqdim olundu.
Dəstək məhz Avropa İttifaqının 40 nəfərdən ibarət müşahidə missiyasının Ermənistan ərazisinə göndərilməsi haqqında qərarın qəbul olunması idi. Azərbaycan belə bir missiyasının ərazisinə göndərilməsinə icazə vermədi. Ancaq sülh naminə lazım bildiyi bir çərçivədə əməkdaşlığa razı olduğunu bəyan etdi. Ötən il dekabrın 19-da göndərilmiş müşahidə missiyasının müddəti başa çatdı. Müşahidə missiyasının hansısa hesabat və yaxud təsəvvürləri mövcud deyil. Bunun ardınca daha geniş tərkibdə və daha uzunmüddətli missiya Ermənistana göndərildi. Hazırda missiyanın tərkibini böyütməkvə onların ermənilərin arasından seçilməsini təmin etməyə çalışmaq Qərbin hələ də Fransanın təsiri altında olan dairələrinin bölgədə sülhə mane olmaq istiqamətində növbəti ciddi maneəsi kimi qəbul edilə bilər.
Azərbaycan iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün 5 maddədən ibarət şərtlərini irəli sürüb. Həm Avropada aparılan müzakirələr zamanı, eləcə də Vaşinqton və Moskvada erməni rəsmilərin sərgilədiyi mövqelər bu şərtlərin məqbul və ədalətli olduğunu aydın şəkildə göstərdiyi halda Ermənistan hərbi-siyasi rəhbərliyinin son günlər ritorikasında qəfil geridönüş etməsində də məhz üçüncü - kənar qüvvələrin "əməyi" qeyd edilməlidir. Görünür, sırf diplomatik masada Bakıya mane olmağın mümkünsüz olduğunu anlayan kənar qüvvələr bölgədə eskalasiya riskini artırmaq üçün fiziki müdaxilələri çoxaltmaq, praktiki gedişlər etmək niyyətindədirlər.
Onsuz da bu istiqamətdə Ermənistanın hərbiləşdirilməsinə Fransa və İranın nümayiş etdirdiyi canfəşanlıq göz önündədir. Ermənistan şərtləri qəbul etdiyini desə də, son günlər yekun sülh müqaviləsindən yayınmağa çalışması bir daha bölgədə gərginliyin yenidən pik həddə çatacağı ehtimallarlının da yüksək olduğundan xəbər verir.
İki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın kifayət qədər real şərtləri var. Avropa İttifaqı bu şərtlərdən çıxış etsə, daha optimal mövqe sərgiləyə bilər. Aİ həmçinin Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində səmimi addım atmaq niyyətini nümayiş etdirə bilərdi. Amma Aİ-nin bu son qərarı Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətindəki fəaliyyətinin səmimiliyinə növbəti dəfə şübhə yaradır.