Ermənilər siyasi və hərbi diversiyalar hazırlayırlar - BAKININ CAVABI NƏ OLACAQ?
ELÇİN ALIOĞLU YAZIR

Ermənistan, qarabağlı erməni separatçılar və erməni diasporu son vaxtlar həddən ziyadə aqressivləşərək sonu uçurum olan yolla irəliləyirlər. Onlar sanki Azərbaycanın səbrinin hüdudlarını yoxlamaq qərarına gəliblər.

 

Qarabağlı erməni separatçılarının lideri Araik Arutyunyan bəyanatlarına, açıqlamalarına və zahiri siyasi "davranış"ına rəğmən, heç bir perspektivinin olmadığını anlayıb.

 

Erməni jurnalist, hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealda yaşayan Marat Yeganyanın dediyinə görə, A.Arutyunyan Ermənistanda yanacaqdoldurma stansiyaları almağa başlayıb.

 

"Araik indi Qarabağda olsa da, onun adamları Ermənistanda benzin və qaz yanacaqdoldurma stansiyalarını satın almaqla məşğuldur. Araik əslində kapitalını çoxdan Qarabağdan çıxarıb", - M.Yeganyan bildirib.

 

Araik Arutyunyan "milli müqəddəratı təyinetmə hüququ", "sonadək mübarizə", "son damla qanadək müqavimət" və s. kimi şüarları fasiləsiz söyləsə də, qarabağlı ermənilərin tam əksəriyyətindən fərqli olaraq həyatının bundan sonrakı hissəsini Xankəndidə görmür.

 

Rusiya Federasiyasında, Fransada, İtaliyada, ABŞ-da və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlaklar alan, otellərdən tutmuş, lüks apartamentlərədək ən müxtəlif "obyekt"lərə maliyyə yatıran A.Arutyunyan qarabağlı ermənilərin gələcəyinin çox müəmmalı ola biləcəyini dərk edir.

 

Bununla belə, Xankəndidəki separatçı rejim onillərdən bəri sadiq qaldığı siyasətə davam edir, merkantil məqsədlərə çatmaq üçün orta statistik qarabağlı erməniləri yalnız kortəbii şüurlu fərdlər sayaraq onlardan yararlanır.

 

Azərbaycan hakimiyyəti tərəfindən “sərt blokadaya məruz qaldıqları”nı, nəticədə “humanitar fəlakət” və “aclıq”la üzləşdiklərini vurğulayan separatçılar çox bəsit ssenarili oyunu davam etdirirlər.

 

RSK-nın yerləşdiyi arealda yaşayan ermənilər aclıq, qıtlıq, dərman preparatları və yanacaq yoxluğu ilə üzləşməyiblər.

 

Separatçıların rəhbərləri, habelə Rusiya Federasiyasındakı bəlli qüvvələr tərəfindən Xankəndiyə ezam edilmiş Ruben Vardanyan indi bütün vasitələr və imkanlarla dekonstruvizmdən ibarət addımlar atır, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına, Zərgəzur dəhlizi layihəsinin reallaşmasına və qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasına mane olmağa çalşırlar.  

Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən idarə olunan bu kamarilya bölgədə davamlı sülhün və dayanıqlı təhlükəsizliyin bərqərar olmasını istəməyən, revanşizm və hayizm qurbanı olan ermənilərin normal yaşama qovuşmalarına imkan vermək fikrində olmayan dəstələr Ermənistanda da aktivləşiblər.

 

Ermənistanın baş naziri Nikol Paşinyana və onun administrasiyasına güclü təzyiq göstərən revanşistlər müxtəlif ölkələrdəki, xüsusilə də ABŞ və Fransadakı diaspor təşkilatlarını işə salaraq sülh gündəliyini tamamilə pozmağa, bölgədə yeni hərbi əməliyyatların başlanmasına təkan verməyə çalışırlar.

 

Paşinyan və komandası da həmin ermənilərin nəzərində xəyanətkar qruplaşma təsiri bağışlamamaq, habelə Fransa, İran və Rusiyadan alınan göstərişlərlə təlimatları tam yerinə yetirmək məqsədilə yeni oyunlara başlayıb.

 

Rəsmi İrəvanın məqsədi aydındır: Paşinyan və komandası hakimiyyətinin zəifləməsinə imkan verməməyə, adi ermənilərin antipatiyasının maksimal həddə çatmasına rəvac verməməyə və yaranmış situasiyadan öz maraqları üçün bəhrələnməyə meyilləniblər.

 

Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Laçın rayonunda yaradılmış sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra Ermənistan, qarabağlı erməni separatçılar və erməni diaspor təşkilatları genişmiqyaslı, isterika təsiri bağışlayan təbliğat kampaniyasına start vermişdilər.

 

İndi isə Ermənistan BMT Təhlükəsizlik Şurasından yararlanmaq istəyir.

 

Ötən ilin dekabrında da ermənilər bu tribunadan yararlanaraq Azərbaycana qarşı sanksiyalara və təzyiqlərə nail olmaq istəmiş, lakin uğursuzluğa düçar olmuşdular.

 

Ermənilər bu dəfə də siyasi, hərbi və informasiya manipulyasiyalarında BMT TŞ-dən vasitə qismində yararlanmaq niyyətindədirlər. Halbuki onlar Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladıqları 30 il ərzində BMT TŞ-nin 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymamışdılar.

 

Rəsmi Bakı hesab edir ki Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir.

 

Səbəblər məlumdur - son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib. 

Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib.

 

Azərbaycan XİN yaydığı bəyanatda da vurğulayıb ki, bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi.

 

Birinci məsələ üzrə, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər.

 

İkinci məsələ üzrə isə, Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu.

 

Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı.

 

Başqa sözlə, Ermənistanın bütövlükdə beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurasından tələb etdiklərinə, bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin dəstəyi nəticəsində həqiqətən nail olmaq mümkün idi. Bu, yalnız Ermənistanın özünün imtina etməsi səbəbindən baş vermədi.

 

Əgər Ermənistan və onun tabeliyindəki qondarma “qurum” razılaşmaya əməl etsəydi, məsələ avqustun əvvəlində, Qarabağ bölgəsinin sakinlərinə humanitar yüklərin çatdırılması, habelə insanların, malların və nəqliyyat vasitələrinin keçməsi üçün marşrutların asanlaşdırılması ilə bağlı məqbul çərçivənin təmin edilməsi ilə həll olunardı.

 

Bu səbəbdən, Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə bu vəziyyətdən çıxış yolları axtarmaq üçün apardığı intensiv qarşılıqlı fəaliyyətinə baxmayaraq, Ermənistanın bu diplomatik səylərə qəsdən mane olması heç bir şübhə doğurmamalıdır.

 

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti bu kampaniyanın bir hissəsidir və bu baxımdan, iştirak edən tərəflərin, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur.

 

Bu gedişatla yanaşı, son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib.

 

Bütün bunlar öz yerində.

 

RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə guya aclıq və humanitar fəlakətlə üzləşmiş qarabağlı erməni separatçılar sanki müharibəyə hazırlaşırmış kimi aqressiv davranır, yeni mövqelər hazırlayır, silah-sursat və hərbi texnika daşımaları ilə məşğul olur, Azərbaycan Ordusuna qarşı sürəkli təxribatlar reallaşdırırlar.

 

Məsələn, RSK-nın olduğu ərazilərdə qarabağlı ermənilər radioelektron mübarizə vasitələrindən istifadə edərək Azərbaycanın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin  aviaşirkətlərinin təyyarələrinin həmin ərazilər üzərindən uçuşlarına maneələr yaratmağa, radioelektron müdaxilələrlə GPS-naviqasiya sistemlərində fasilələrə nail olmağa can atırlar. Bu isə çox ciddi problem olduğundan təxirəsalınmaz, təcili həllini tələb edir.

 

Qarabağlı erməni separatçılar yeni səngərlər qazır, kaponirlər və uzunmüddətli müdafiə mövqeləri ilə məntəqələri inşa edirlər.

 

Bütün bunlarla yanaşı, Ermənistanla şərti dövlət sərhədimiz boyunca artilleriya, raket qurğuları yığılır, şəxsi heyət və hərbi texnika yeni mövqelərə daşınır. 

Ermənilər, göründüyü kimi, özlərini təkrarlayırlar.

 

Çünki 1993-cü ildən 2020-ci ilədək onlar sülh danışıqlarının imitasiyası ilə məşğul olaraq vədlərdən və öhdəliklərdən yayınmağı, dəqiq və səbatlı qərarlar verməkdən boyun qaçırmağı, danışıqlarda azacıq irəliləyiş yaranan kimi hərbi təxribatlar törətməyi siyasi kursa çevirmişdilər.

 

O kurs indi də davam edir.

 

Görünən budur ki, rəsmi İrəvan və ümumiyyətlə, ermənilər Nikol Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir” bəyanatına rəğmən aqressiv revanşizm, separatizm, ərazi iddiaları və müharibəyə hazırlıq siyasətindən əl çəkməyiblər.

 

Ermənilər Azərbaycanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına və suverenliyinə qəsdlər hazırlayır, bölgədə yeni gərginlik yaratmağa çalışırlar.

 

Bütün bunları görürük və təbii ki, cavab tədbirləri ermənilərin düşündüklərindən də sərt olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.