
Sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Xatırladaq ki, ABŞ dövlət katibi sentyabrın 13-də də Azərbaycan Prezidentinə zəng etmişdi.
Həmin telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə etmişdi.
Prezident İlham Əliyev bildirmişdi ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd etmişdi.
Dövlət başçısı Azərbaycanın sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini bildirmişdi.