
Ağsu rayonunda ağır yol qəzası baş verib.
"Report" bildirir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
Belə ki, "BYD" markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.
Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Kamran Cəfərov və 22 yaşlı Səid Asif oğlu Qasımov hadisə yerində həlak olublar.
Digər iki sərnişin - 21 yaşlı İsmayıl Etibar oğlu Baxışov və 20 yaşlı Şahvələt Asəf oğlu Şəfaqətov ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.
**
DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, qəza ilə bağlı cinayət işi başlanılıb.


