
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistanda səfərdədir. Səfər çərçivəsində amerikalı Palata sədrinin səsləndirdiyi bəyanatlara keçməzdən əvvəl onun Tayvana səfərini xatırlamaq yerinə düşər. Çünki onları mahiyyətcə eyniləşdirmək olar. Bu səfər avqustun əvvəllərində reallaşmışdı. Nensi Pelosinin Tayvan ziyarəti Çin tərəfindən ciddi etirazla qarşılanmışdı və Pekin ABŞ-ı Tayvan separatizmini dəstəkləməkdə günahlandırmışdı. Bu dəfə isə Nensi Pelosi İrəvana səfər etdi və Ermənistan paytaxtında da separatçılığı dəstəkləyən bəyanatlarla, Azərbaycana qarşı ittihamlarla çıxış etdi.
Halbuki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu il sentyabrın 12-dən 13-nə keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib. Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsinə və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Onu da qeyd edək ki, N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib. Halbuki konqresmen kimi 1998-ci ildə Nensi Pelosi Azərbaycana səfər etmiş, çadır düşərgələrində yaşayan azərbaycanlı məcburi köçkünlərin acınacaqlı vəziyyətini öz gözləri ilə görmüşdü.
24 il sonra-bölgədə yeni reallıqların mövcud olduğu bir dövrdə İrəvana səfər edən Nensi Pelosinin sülh cəhdlərinə zərbə vuran, uzun illərdən sonra ədalətin məhz Azərbaycan tərəfindən təkbaşına bərpa edildiyi bir şəraitdə prosesləri əngəlləməyə çalışan bəyanatlar verməsi diplomatik çərçivələrin aşılmasıdır.
N.Pelosinin şəxsiyyətinə gəlincə, o, ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir.
ABŞ Nümayəndələr Palatası spikerinin davranışları səlibçi təfəkkürün nümunəsidir. Onun qondarma “soyqırımı” abidəsi önündə tökdüyü göz yaşı da bayaq qeyd etdiyimiz kimi, seçki tryukudur və Amerika ermənilərinin səslərini qazanmağa xidmət edir.