
Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti bərpa olunub.
TASS xəbər verir ki, bunu yarımadanın rəhbəri Sergey Aksenov deyib.
O bildirib ki, hazırda nəqliyyat vasitələri prosedur yoxlamalardan keçərək körpüdə hərəkət edə bilirlər.
**17:30

Krım körpüsündə baş verən partlayış nəticəsində, ilkin məlumata görə, 3 nəfərin öldüyü məlum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir
“İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.
Müstəntiqlər yük maşını və onun sahibi haqqında da məlumat əldə ediblər. Onun Krasnodar diyarının sakini olduğu üzə çıxıb və yaşadığı ünvanda araşdırmalara başlanılıb.
**10:00
Krım körpüsündə yük qatarında yanacaq çəni partlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Krım Dəmir Yolları (KDY) hadisə ilə bağlı məlumat yayıb.
Şirkətdən bildirilir ki, yanğın qatarın quyruq hissəsində başlayıb: “Lokomotiv vaqonların bir hissəsi ilə stansiyaya gətirilib. Hazırda yanğının söndürülməsi üçün işlər aparılır. Hadisənin səbəbləri araşdırılır”.
Həmçinin vurğulanır ki, naviqasiya tağlarına ziyan dəyməyib. Krım körpüsü nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.
RBK isə Milli Antiterror Komitəsinə istinadən bildirir ki, Krım körpüsündə yanğın yük avtomobilinin partlaması nəticəsində baş verib.
Yanğın daha sonra yanacaq dolu çənlərə keçib.
Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.