
Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə raket hücumu nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb.
Ukrayna KİV-i bildirir ki, bu barədə Ukrayna Milli Polis İdarəsindən məlumat verilib.
**13:45
Rusiyanın atdığı 83 raketdən 43-ü Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
“RBK-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Həri Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.
Onun sözlərinə görə, İran istehsalı olan 12 PUA-dan 9-u zərərsizləşdirilib.
Y.İqnat bildirib ki, Rusiya Ukraynaya Xəzər dənizi bölgəsindən “X-101” və “X-555” yüksək dəqiqlikli raketlər buraxıb: “Habelə “Kalibr”, “İskander”, “S-300” və “Tornodo” reaktiv yaylım atəşi sistemindən raketlər atıb”.
**12:06

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb.
“Ukrinform” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir.
Son məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib ki, Rusiyanın atdığı 75 raketdən 41-i havada vurulub.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oliksiy Arestoviç isə Teleqram-da yazıb ki, durum müharibənin başladığı gün-fevralın 24-də olduğu kimi qorxulu deyil: “Savaş Ukraynanın qələbəsi ilə bitəcək”.
**10:41
Yerli KİV yazır ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub.
Eyni zamanda, Odessaya bir neçə raketin atıldığı bildirilib.
Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.
Bir az əvvəl isə Ukraynanın şərqində yerləşən Dnepr və qərbindəki Lvov vilayətlərinin də raket atəşinə tutulduğu barədə məlumat yayılıb.
Fövqəladə Hallar üzrə Ukrayna Dövlət Xidməti hadisələr zamanı ölənlərin və yaralananların olduğunu açıqlayıb.
O da qeyd olunur ki, Kiyevdə qırmızı metro xətti ilə hərəkətdə olan qatarların fəaliyyəti dayandırılıb.
Şəhər administrasiyasından bildirilib ki, bütün yeraltı stansiyalar sığınacaq kimi fəaliyyət göstərəcək.
**09:52
Rusiya qoşunları bu dəqiqələrdə Ukraynanın paytaxtını ağır raket atəşinə məruz qoyurlar.
İNİAN bildirir ki, məlumatı Kiyev şəhərinin meri Vitali Kliçko da təsdiq edib.
Lakin Kliçko hələlik dağıntılar və xəsarət alanlar barədə məlumata malik olmadıqlarını bildirib.





