
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomagistral yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədir.
Ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika, 21 motopompa və 116 nəfərdən ibarət şəxsi heyəti suçəkmə və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işlərinə cəlb olunub.
**12:19

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
FHN-dən Senzor.az-a bildirilib ki, hazırda nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.
Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.
**09:32

Kür-Bakı magistral su kəmərində qəza baş verib, nəticədə Bakı-Qazax avtomagistralını su basıb.
Senzor.az bildirir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub.
Məlumatda o da bildirilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görürlər.