
Dünən gecə Ermənistan Silahlı Qüvvələri ordumuzun mövqelərini növbəti dəfə atəşə tutub. Qarşı tərəf bu dəfə Kəlbəcər, Laçın və Tovuz istiqamətlərini hədəf seçib.
Bu, Avropa Şurasının sədri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşdən (Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə) sonra təkrarlanan növbəti provokasiyadır.
Ümumiyyətlə, sabotaj cəhdləri son vaxtlar intensivləşib. Demək olar, hər gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulur. Bu, şübhəsiz ki, etimad mühitinə zərbə vurur, Ermənistanın yekun sülh müqaviləsi ilə bağlı səmimiyyətini şübhə altına salır.
Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə göstərib ki, bizim səbrimiz sonsuz deyil. Ordumuz düşmənin istənilən təxribatına adekvat cavab verməyə hazırdır. 
Xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi hələ müəyyənləşməyib. İrəvan bu məsələyə isti yanaşmır. Nəticədə öz işini çətinləşdirmiş olur. Çünki biz düşmənin təxribatlarına cavab verərkən öz tarixi torpaqlarımızda da antiterror əməliyyatı keçirə bilərik. Və kimsə hansısa haqla bizə nəyisə irad tuta bilməz.
Yekun sülh müqavilsəi istiqamətində danışıqlar davam edir. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev müqavilənin bu ilin sonuna qədər bağlana biləcəyini demişdi. Həmçinin Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan da oxşar bəyanatla çıxış etmişdi.
Əvvəllər də dediyimiz kimi, Ermənistan iqtidarı yekun sülh müqaviləsinin imzalanmasında maraqlı görünür. Çünki bundan başqa yolu yoxdur. İrəvan Ankara ilə diplomatik münasibətləri bərpa etməyə, Bakı ilə əlaqələri normallaşdırmağa məcburdur.
Əlbəttə, Cənubi Qafqazda “suların durulmasını” istəməyən kifayət qədər qüvvə var. İran, Rusiya və Qərb dövlətləri regiondakı sabitlikdə maraqlı deyillər. Çünki onların bölgəmizlə bağlı maraqları ancaq münaqişə nəticəsində təmin oluna bilər. Rəsmi Parisin son zamanlar davam edən provokativ bəyanatları, həmçinin müxtəlif ölkələrdəki səfirliklərimizə hücum da bu aspektdən qiymətləndirilməlidir. 
İndi Ermənistan Baş naziri Nikol Paşinyandan ən çox tələb oluanan siyasi iradə və məntiqdir. O, hadisələri düzgün qiyməltəndirməli, reallıqları anlamalıdır. Hökumət başçısı bilməlidir ki, başqalarının sifarişlərini yerinə yetirdikcə öz işini çətinləşdirir, Ermənistanın gələcəyi üçün problemlər yaradır. Bu mənada rəsmi İrəvan əgər gələcəyi barədə düşünürsə, kənar təsirləri məhdudlaşdırmalıdır.
Sözsüz ki, Ermənistan daxilinində də Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələr var. Onlar müəyyən təsir gücünə malikdirlər. Amma provokasiyaları kimin törətməsindən asılı olmayaraq məsuliyyəti Paşinyan hökuməti daşıyır. Sərhəddəki istənilən gərginliyə görə həm də rəsmi İrəvan cavab verməlidir.
Paşinyan səmimiyyətini göstərməlidir. Və anlamalıdır ki, sabotaj cəhdlərinin təkrarlanması Azərbaycan Ordusunun istənilən tarixi torpaqlarımıza ayaq basması ilə nəticələnə bilər.
Kənan Novruzov,
siyasi ekspert