
Cənubi Azərbaycandan olan 26 yaşlı Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, hazırda İsveç hökumətində təmsil olunan ən gənc nazirdir.
Qeyd edək ki, R.Purmuxtari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində anadan olub. Upsala Universitetini bitirib. 2019-cu ildən Liberallar Partiyası İdarə Heyətinin həmsədridir. 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa namizəd olub. Seçkilərdə yaxşı nəticə göstərən gənc liberal qalib gəlib.
Ruminənin atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib, bir neçə il əvvəl dünyasını dəyişib.
Ruminə Purmuxtari həm də bir hekayələr toplusu kitabının müəllifidir.
Onu da xatırladaq ki, bundan əvvəl İsveçin ən gənc naziri 27 yaşlı Aida Hacialiç hesab olunurdu. Amma orta təhsil naziri olan Aida içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, 2016-cı ildə istefaya göndərilib.



