![]()
Ukraynanın işğal olunmuş dörd vilayətində hərbi vəziyyət elan olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Təhlükəsizlik Şurasının bu gün keçirdiyi iclasında məlumat verib.
Bildirilir ki, Putin işğal olunmuş və saxta referendumla Rusiyaya birləşdirilmiş Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərində hərbi vəziyyət elan olunduğunu açıqlayıb.
Putinin imzaladığı fərmana əsasən, regionlarda ərazi müdafiə qərargahları yaradılacaq, subyektlərin rəhbərlərinə təhlükəsizliyin təmin edilməsi üçün əlavə səlahiyyətlər veriləcək.
Hərbi vəziyyət barədə fərman oktyabrın 20-də gecə yarısından etibarən qüvvəyə minəcək.
Putin, həmçinin bildirib ki, xüsusi əməliyyatın təchizatı məsələlərinin həlli üçün hökumətdə Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şurasına Rusiyanın Baş naziri Mixail Mişustin rəhbərlik edəcək.
Hərbi vəziyyətə bunlar daxildir:
▪️Vətəndaşların ölkədən çıxışına qadağa;
▪️İqtisadi, sosial və mədəni obyektlərin boşaldılması, habelə sakinlərin təhlükəsiz ərazilərə müvəqqəti köçürülməsi;
▪️Əraziyə xüsusi giriş-çıxış rejiminin tətbiqi, habelə orada hərəkət azadlığının məhdudlaşdırılması;
▪️Müdafiə ehtiyacları üçün işlərin görülməsinə vətəndaşların cəlb edilməsi, düşmənin silahdan istifadəsinin nəticələrinin aradan qaldırılması, təsərrüfat obyektlərinin bərpası;
▪️Təşkilatlardan və vətəndaşlardan müdafiə ehtiyacları üçün zəruri olan əmlakın sonradan dəyəri dövlət tərəfindən ödənilməklə götürülməsi;
▪️Rabitə sahəsinə hərbi senzuranın tətbiqi, o cümlədən telefon danışıqlarına nəzarət.