
Xəbər verdiyimiz kimi, ötən gün Əfqanıstanda ABŞ administrasiyasının Əşrəf Qani hökumətindən istefaya getməsi və hakimiyyəti “Taliban” qüvvələrinə təslim etməsi barədə söz-söhbət yayılmışdı. Şayiələr yayılar-yayılmaz “Taliban” qüvvələrinin hücumları artmış, bu da başqa Böyük Britaniya olmaqla, bir çox dövlətlər tərəfindən qınanmışdı. Hətta BMT-nin Baş katibi belə, “Taliban”a müraciətlə hakimiyyətin zorla devrilməsinin dünya tərəfindən dəstəklənməyəcəyi mesajını vermişdi.
Ovqat.com-un məlumatına görə, ötən gün Əfqanıstanı silkələyən bu şayiələrdən sonra bu gün ölkə Prezidenti Əşrəf Qani ortaya çıxaraq istefa verməyəcəyini və “Taliban”a qarşı kəskin mübarizə aparacağını bildirib.
Əfqanıstanın çox ciddi bir təhlükə ilə üzləşdiyini dilə gətirən Qani, bütün ölkədə baş verənlərdən xəbəri olduğunu da gizlətməyib.
O, qarşıdurmalarda həyatını itirənlərin yaxınlarına başsağlığı verib və silahlı qüvvələri yenidən səfərbər etməyin hökumətin əsas prioriteti olduğunu deyib.
Qeyri -sabitliyin, zorakılığın və insanların yerdəyişməsinin qarşısını almaq istədiyini dilə gətirən Qani Prezident kimi vəzifəsini yerinə yetirəcəyini, vətənini qorumağa, beynəlxalq tərəfdaşlar və siyasi liderlərlə danışıqları davam etdirəcəyini bəyan edib.
Müşahidəçilər Əşrəf Qaninin bu fikirlərini “gözlənilməz qərar” kimi qiymətləndiriblər. Hər kəs onun bu gün istefa verəcəyini düşünürdü.
Qeyd edək ki, “Taliban” avqustun əvvəlindən etibarən Əfqanıstanda əyalət mərkəzlərini nəzarətə götürməyə başlayıb. Dünənki məlumatlara görə, ölkənin 34 əyalət mərkəzindən 19 -u artıq “Taliban”ın nəzarətinə keçib. ABŞ-ın xüsusi kəşfiyyat orqanlarının mülahizələrinə görə, hərəkat 72 saatdan 1 həftəyə qədər vaxt ərzində paytaxt Kabulu mühasirəyə ala bilər.