
Rusiyadan Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına köçdüyünü deyən milyarder Ruben Vardanyan “Xankəndi ətrafını” gəzməyə başlayıb.
Bu barədə sosial şəbəkə hesabında R.Vardanyan özü yazıb.
O bu dəfə "xeyli uzaqlaşıb" və Ağdərə şəhərinə (hazırda Tərtər rayonunun inzibati ərazisinə daxildir) gəldiyini bildirib: “Ağdərə Xankəndidən xeyli uzaqdır, buna görə də bura heç də tez-tez gəlmirlər. Məlum oldu ki, əhali ilə açıq və təmiz ünsiyyət lazımdır.
İnsanlar burda ağır şərtlər altında yaşayırlar. Ancaq onlar öz şəraitləri ilə bağlı deyil, gələcək taleləri haqda, təhsil və perspektivlər barədə maraqlanırdılar”.
Axar.az xatırladır ki, Ağdərə Xankəndidən 62 km məsafədə yerləşir. Hazırda Tərtər rayonunun, Ağdərə şəhəri də daxil olmaqla, 18 yaşayış məntəqəsi rus sülhməramlıların məsuliyyət zonasındadır.
Onu da qeyd edək ki, R.Vardanyan 1 noyabrdan separatçıların “dövlət naziri” olmağa hazırlaşır.