
"Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq".
Senzor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
"İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə bağlı, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda bizim niyyətimiz bundan ibarətdir və beş əsas prinsipdən ibarət biz öz təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq.
Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək. Eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaq", - dövlət başçısı bildirib.
**14:16

"Mən doğrudan da özümü evimdəki kimi hiss edirəm".
Senzor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
"Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük", - dövlət başçısı bildirib.
**14:07
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edirlər.
Senzor.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
**14:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar.
Senzor.az xəbər verir ki, sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib.

Qeyd edək ki, sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üç simli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur.

Müəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabda isə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb. Bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb.

Çox nadir mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək.
Qeyd edək ki, kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.

**12:57

Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb.
Senzor.az-ın xəbərinə görə, Gürcüstanın Baş naziri dövlət başçısını qarşılayıb.
Sonra rəsmi foto çəkdirilib.

**11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.
Senzor.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

**10:58
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Görüş Tbilisidən çox da uzaq olmayan Baqration-Muxranskilərin malikanəsi Şato Muxranidə keçiriləcək.
Görüşdən sonra elə orada İrakli Qaribaşvili və İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.