Biz heç vaxt “İranın ağına da lənət, qarasına da!” deməmişik... - "BƏS TEHRAN İNDİ ÖZÜNÜ NİYƏ BİZİM LƏNƏT ÜNVANIMIZA ÇEVİRİR?"
MİR ŞAHİNDƏN NÖVBƏTİ MÖHTƏŞƏM ŞƏRH

“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, məşhur araşdırmaçı jurnalist Mir Şahin Ağayev Real TV-də müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişinin sonuncu buraxılışında da bir çox vacib məsələlərə və məqamlara toxunub. 

 

Senzor.az əlavə şərh vermədən həmin verilişin bir hissəsini öz oxucularına təqdim edir. Mütləq baxın. Baxın və… həm də düşünün… 

 

Verilişinin bu hissəsini İrana, oradakı  səlahiyyət sahiblərinə, onların əmmaməli-əllaməli siyasətinə, Azərbaycanla sərhəddə keçirdikləri hərbi təlimlərə, bir az da, necə deyərlər, bizim irançılarla həsr edən Mir Şahin deyir:

 

-Artıq yeni reallıqlar yaranıb. Dünənədək bizə bir şəkildə görünənlər indi özlərini başqa niqabda, başqa saqqalda, başqa hicabda göstərirlər. Nə oldu bəs? Kimlərsə imam övladları idilər. Nə əcəb korpusunun adını Həzrət Abbas qoyub pualarını Azərbaycana sarı ələm edib uçururlar?! Ya da Təbrizdəki Aşura qərargahından eyni məzhəbi paylaşan xalqın üzərinə Yezidvari reydlər edirlər?! Axı İranda yaxşı bilirlər ki, şiələrdə su çox həssas məsələdir. İmam Hüseynin müsibətini bizim camaat da yaxşı dərk edir. Suyla, nə olsun ki adı Arazdı, oynamazlar. Yəni İranda artıq unudublar ki, nə qədər kənardan təşviq və təhrik olsa da biz heç vaxt “İranın ağına da lənət, qarasına da!” deməmişik, əksinə şeytana lənət oxumuşuq. İndi İran ozünü niyə bizim lənət ünvanımıza çevirir? Nə təlimdi belə? Kim İrana təhdid yaradır? Bu bayatı əhvalatı kimin yadındadır?

 

Bir bəndlik bayatıya əsəbiləşən mərsiyəxanlar düşünmürlər ki, Araz üstündən körpü salmaqları göstərir ki, həmin bayatının müəllifliyində onların tarixi barmaqları var!?.

 

Bir əlində Paşinyanın, o biri əlində Həzrət Abbasın qolu Azərbaycanın üzərinə gəlir İran?! Nə xəbərdi, nə vacib düşüb ki, Qafanda konsul açırsız, balam?

Axı biz unutmağa çalışırdıq Sizin Yunis Səfərlini Hezbollahçı olaraq hazırlayaraq üzərimizə terrora göndərdiyinizi...

 

Axı biz unutmaq istəyirdik Tohid İbrahimbəyli kimi ana vətəninin əmcəyini kəsən fərariləri oralarda hansısa boşqabın üstündə otuzdurub üzü bizim tərəfə cinayət çağırışları ilə ssenariləşdirdiyinizi...

 

Axı biz unutmaq istəyirdik Nardaranda qara pərdələrlə, qara bayraqlar altında çıxardığınız hoqqalrı. İnsanlarımızın səmimi əhli-beyt sevgisini məkrlə istismar etməyinizi...

 

Axı biz unutmaq istəyirdik şəhidlərimizin dəfnini İran təziyədarlığına çevirdiyinizi!

 

Axı biz unutmaq istəyirdik, hələ 1992-ci ilin may ayında Şuşanın məhz Azərbaycan rəhbərliyinin Tehranda olarkən ermənilərin ələ keçirilməsini, o günlər özünüzü son dərəcə müəmmalı aparmağınızı!

 

Axı. Axı. Axı... Nə qədər axını unutmalıymışıq biz... Soğan yeməmisinizsə içiniz niyə göynəyir, ay bizim əmmamə-əllamə qonşularımız? Siz niyə əl-ayağa düşmüsüz? Biz ki özümüzə məxsus olanın davasın döyürük. Sizə nə olub? Erməni təəssübkeşliyinizin dozası artıb? Belə çıxır ki, Ayətollah Xomeyninin hazırlanmasında müəyyən rolu olan Fransa indi də Tehranla yeni izdivac bağlayır. Yoxsa fikirləriniz belə üst-üstə düşə bilməzdi axı. Məgər 12-ci imamın, adını xüsusi korpuslara verdiyiniz İmam Zamanın-Mehdinin anası Fransada yox İtaliyada doğulmayıb?! Bəlkə öz ağrılı başınızın dəsmalını bizim salamat başımıza sarımaq, oz daxili problemlərinizdən xalqınızın diqqətini yayındırmaq üçün bizi bəhanə seçmisiz?!

 

Bir az da bizim İrançılarla danışaq:

 

Başlayıram Azərbaycanın adı ilə. Budur təəssübkeşliyini çəkdiyiniz, başınızın üstünə şəkillərini vurduğunuz Xomeyni siyasəti! İndi başa düşürsünüz Ermənistanı 30 il ayaq üstdə saxlayan, yıxılmağa qoymayan məhz İranın dəstəyi idi?! İndi maskalar yırtılıb, saqqallar qırxılıb, hər şey açıqdır, həm də bütün eybəcərliyi, bütün çılpaqlığı ilə. Bir tərəfdə Ərdoğan və Əliyev Zəngəzuru abadlıq və quruculuq məkanına çevirir, digər tərəfdə İranın Xarici işlər naziri və Qafandakı konsulu deyir ki, biz burda Ermənistanı qorumaq məqsədilə dayanmışıq. Nədən qorumaq, abadlıq və quruculuqdan qorumaq məqsədilə? Əziz-giramı iranpərvərlərimiz, yaxşı baxın, tanıyın, İranda Məşhəddə, Qumda din adı altında beyninizi yuyub sizi anti-Azərbaycan təbliğatına cəlb etmək istəyənlərin əsil siması budur. Onlar əhli-beytin yox, əhli-İrəvanın müttəfiqləridir. İran ayətollahının əlini öpən hər bir kəs dodağını busəyi-şərifə yaxınlaşdıranda bir anlıq düşünsün ki, altda Paşinyanın, Koçaryanın, Sarqsyanın qana batmış əl izləri də var və onılar bu dırnaqarası ləbuşirin ləbiləri də öpmüş olurlar. İran İslam respublikası qan qardaşlarımızı, dil və din qardaşlarımızı, oradakı azərbaycanlılarımızın hüquqlarını, ana dilində məktəb, təhsil arzularını boğur. Onlar üçün dərsliklər nəşr edilmir. Türk dili İran ərazisində öz evində mənzil və mətbəx dilinə çevrilib. Bu ona görə edilir ki, millət itsin, ərisin. İran azərbaycanlıları oralarda zorakı yolla assimlyasiyaya cəlb edilirlər. Niyə? Ona örə ki, Azərbaycanın güclənməsi İrana lazım deyil, əksinə mane olur. Ona görə ki, mərsiyəxan rejimi yaxşı bilir ki, 20-ci əsrdə İranda 4 inqilab baş verib. Hamısı İran Azərbaycanından başlayıb. Səttarxanla, Xiyabani ilə, Pişəvəri ilə. 1979-cu il inqilabının da mərkəzi Təbriz olub! Bunu heç kim unutmamalıdır. O cümlədən, Qasim Süleymaninin qisasını almaq üçün göyə tolazlananda öz sərnişin təyyarəsini vurub nə qədər dinc insanı qətlə yetirən İran da. Budəfəki təlimlərə də, Allah qorusun, yenə qəzəbnak çıxıblar, atəş hazırlığı tapşırığını yerinə yetirərkən orda da vurub özününkülərdən neçəsini o dünyaya göndəribllər. Hirslənməyin, həmşərilər, hirsli başda ağıl olmaz. Odu e,  100 tank çıxarmısız yürüşə, 30-u ilişib qalıb yarı yolda. Mütəxəssislərin rəyi belədir ki, vitrinə çıxardıqlarınız 60-cı illərin texnologiyası idi. Bilmirəm, bəlkə qəsdən belə eləmisiz ki,əsil imkanlarınız hərbi sirr qalsın. Day onda təlimi niyə keçirirsiz? Budu Qüdrətli İran?

 

"Bəxtiyar" filmindən:

 

Özfəaliyyətiniz elə bundan ibarət idi?

 

Yoxsa imam Hüseynova bacıları öz məharətlərini hələ gözstərəcəklər? Makedoniyalı İskəndər Əhəminilərə gil ayaqlı nəhəng dediyi kimi sizin də Azərbaycan sərhədlərində təlimə çıxardığınız nəhəngin ayağı çox yumşaqdı, lap baldırğan kimi... Baldırınızı gizlədin yaxşısı budur. Üstəlik də çirkil qan axır... Yox barədarlar, belə kustar primitivizmnən Azərbaycan-Türkiyə qətiyyətini və qüdrətini heç kim sarsıda bilməz. Bu regionda real güc Azərbaycan-Türkiyə qardaşlığı və ordusu, əzmi, qətiyyətidir. Əlbəttə, bizim heç kimlə müharibə etmək niyyətimiz yoxdur. Bunu hələ 2020-ci il, dekabr ayının 1-də demişik.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Artıq müharibə arxada qaldı. Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

 

Biz Araz üzərindən körpü atıb tankla, zirehli maşınlarla kərəzdənmirik. Biz tunellər inşa edirik, yollar açırıq... Hava Limanları tikirik. Dünyaya müraciət edirik ki, gəlin birgə quraq, birgə çalışaq. Bu gün Türkiyə yanımızdadır. Daha doğrusu, Azərbaycan Türkiyəyə, Türkiyə Azərbaycana dönüb. Birik.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların, - yolların bir hissəsi artıq hazır vəziyyətdədir, - dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görülən və görüləcək işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik!..”.

 

Hə. Biz yenilənmiş milli ideya ətrafında birləşmişik.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır”.

 

Və siz indiyədək asdığınız niqabı çıxararaq düşmən tərəfə keçmisiz. Əslində həmişə onlarla bir yerdə olmusuz. Bizə Fatimeyi-Zəhra mövzusunda nağıllar, onlara isə aykanuş üçün lavaşla silah göndərmisiz. İndi isə lap açıb qoymusunuz. Amma bunu da heç kim yaddan çıxarmamalıdır ki, kimsə bizimlə başqa dildə danışarsa, cavabını layiqincə verməyə hazırıq. Ona görə də hər kəs öz daxili işləriylə məşğul olsa yaxşıdı. Ola bilsin ki, siz də haranısa qırmızı xəttiniz saya bilərsiz. Amma bu qırmızı xətt bizim qırmızı xətlərimizlə üst-üst düşməməlidir. Bizim sərhədlərimiz, bizim daxili işimizdir və Azərbaycanın daxili işlərinə, bizim qırmızı xəttimizə heç kim toxunmamalıdır. Azərbaycanın dövlət müstəqilliyi tariximizin həlledici zamanında məsələlər məsələsidir! Bundan o yanası yoxdur. Bayrağımıza təhdid yaradanların üzərinə GÖYDƏN GƏLƏCƏYİK!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.