
Bakının Yasamal rayonunda qəza nəticəsində su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
Məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
**09:18
“Bu gün səhər saatlarında "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib”.
Senzor.az bildirir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikası cəlb olunub: “Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.



**08:41
Bakıda magistral su xətti partlayıb.
Senzor.az bildirir ki, bu barədə KİV-ə ərazidə yaşayan vətəndaşlar tərəfindən məlumat verilib.
Hadisənin paytaxtın Yasamal rayonu ərazisində baş verdiyi deyilir. Əhaliyə içməli suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb: “Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür”.
Görüntüləri təqdim edirik: