
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşləri olub.
Senzor.az Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinə istinadən bildirir ki, görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanın münaqişəsonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşləri barədə bəyanat yayıblar.
Bəyanatda deyilir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində baş tutub.Həmsədrlər Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda, həmçinin hər iki nazirin iştirakı ilə birgə görüşlər keçirdiklərini bildiriblər. Onlar hər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri keçirilən ilk görüşünü iki ölkənin bölgədə təhlükəsizliyə, sabitliyə və rifaha töhfə verməyi hədəfləyən birbaşa dialoq yolu ilə yenidən sülh prosesinə qayıtmaq əzminin əlaməti olaraq alqışlayıblar.
Qeyd olunur ki, həmsədrlər mandatlarına uyğun olaraq Qarabağla əlaqədar qalan və ya ondan irəli gələn məsələlərin hərtərəfli həllini tapması üçün tərəflərlə işləməyə davam etməyə sadiq qalırlar.
Bəyanatda vasitəçilərin vəziyyəti gərginləşdirməmək üçün görüləcək tədbirlər, eləcə də atılacaq addımlarla bağlı təkliflər irəli sürdüyü də vurğulanıb.