
Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sessiyasında Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyana sərt cavab verib.
Senzor.az-ın məlumatına görə, A.Lukaşenko iclas zamanı N.Paşinyanın sualına cavabında deyib ki, KTMT-nin ayrı-ayrı ölkələrini Azərbaycanla üz-üzə qoymaq lazım deyil, problemi həll etmək vacibdir.
A.Lukaşenko hər iki ölkəni dost adlandırıb və bütün məsələləri Azərbaycanın hazırkı rəhbərliyi ilə həll etməyə çağırıb: “Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdən KTMT-nin, digər tərəfdən isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Bəli, onlar həqiqətən bir dövlətdə idilər. Amma bundan da çox, biz MDB-nin üzvüyük. Azərbaycan və Ermənistanla birlikdə. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var. Bu, KTMT-nin digər üzvləri, o cümlədən 30 milyon müsəlmanın olduğu Rusiya Federasiyası üçün xüsusilə həssasdır. Yəni bütün nüanslar, bütün amillər nəzərə alınmalıdır”. 
A.Lukaşenkonun fikrincə, Azərbaycan KTMT-də heç kimə düşmən deyil: “Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox. Prezident Putinin dediyini təsdiq edirəm ki, həm Ermənistan, həm də Azərbaycan bizim doğma dövlətlərimizdir. Vəziyyətin özəlliyi də budur. Biz bunu gözardı edə bilmərik. Ona görə də bir tərəfdən KTMT-də “Bizimləsiniz ya yox?” sualını qaldırmaq, digər tərəfdən isə Azərbaycan – olmaz”.
O, tərəfləri yekdil fikrə nail olmağa səsləyib və bu yekdil fikri “baxmadan” dəstəkləyəcəyini vurğulayıb.
“Siz bizim qarşımıza iki sual qoyursunuz: hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi. Siz tələb etdiniz ki, biz öz mövqeyimizi bildirək. Bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik.
İkinci məsələ, "mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi təqdim edin" deyirsiniz. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya Prezidentindən soruşun, qərar verin. Bu gün qəbul etməsəniz, daha pis olacaq, bunu özünüz başa düşürsünüz. Biz bu münaqişəni istəmirik”, - deyə Lukaşenko Paşinyanı, necə deyərlər, yerinə oturdub.