Sülh müqaviləsi ikinci plana keçir - REGİONAL SİYASƏT: QAFQAZ
MEHMAN ƏLİYEVİN YAZISI

Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini pozur. Belə ki, oktyabrın 6-da Praqada hər iki ölkə ilkin şərt qoymadan kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyası və demarkasiyasını, Qarabağ məsələsinin həllini işləyib hazırlamaq və sülh müqaviləsini imzalamaq öhdəliyi götürüb.

 

Oktyabrın 28-də Ermənistan-Azərbaycan münaqişəsinin həllilə bağlı KTMT dövlət başçılarının videoformatda keçirilən görüşündə Rusiya prezidenti Vladimir Putin sülh müqaviləsini prosesin son məqsədi kimi müəyyən edib, kommunikasiyaların açılmasını, delimitasiya və demarkasiyanı, humanitar əlaqələri ön plana çıxarıb. 

 

“Şübhəsiz ki, sülhə aparan yeganə mümkün və real yol, tərəflərin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına ciddi əməl etməsindən keçir”, - Putin “üçlüyün” bəyanatı kimi tanınan 9-10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatları nəzərdə tutaraq deyib. 

“Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar məsələlərin həlli yolunda bu sazişlərin ardıcıl icrası sayəsində   Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı normallaşmasına nail olmaq mümkündür... Gələcəkdə bu, həm də sülh müqaviləsinə çıxmağa imkan verəcək”, - Rusiya prezidenti vurğulayıb.

 

Beləliklə, Putin həm “üçlüyün razılaşmaları”nı, həm də oktyabrın 6-da Praqada təsdiqlənmiş Ermənistanla Azərbaycan arasında sülh sazişinin (keçmiş SSRİ məkanında yeni dövlətlərin tanınmasını müəyyən edən 1991-ci il tarixli beynəlxalq müqavilələrin əsasında) imzalanması barədə Avropa təşəbbüsünü öz komandası, eləcə də bütün erməni siyasi elitası tərəfindən pozmaq üçün hər cür səy göstərən Paşinyana dəstək verib.  

 

Oktyabrın 31-də Soçidə keçiriləcək görüşdə Dağlıq Qarabağda sülhün və sabitliyin təminatından tutmuş bir çox məsələlər müzakirə olunacaq. Bu barədə oktyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib. 

Bununla belə, o əlavə edib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını səmimi olaraq istəyir. “Bu, nə dərəcədə realdır? Mən və hökumət bunun reallaşması üçün hər cür səy göstərəcəyik. Ancaq nüanslar var. İmzalanmadan öncə sərhədin delimitasiyasının aparılması vacibdir. Nəzərə alsaq ki,  Praqada biz bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyi barədə razılığa gəlmişik, o zaman bu, realdır, çünki bu sərhədlər məlumdur. Bundan əlavə, Azərbaycanla Dağlıq Qarabağ arasında beynəlxalq danışıqlar vacibdir. Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin edən mexanizmlər olmalıdır”. Paşinyanın bu qarışıq bəyanatı onun Putinin Valday çıxışında çəkdiyi nizamlanma xəttinə uyğun addımlar atacağından xəbər verir.

 

2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Yerevanın günahı ucbatından Azərbaycan və Ermənistan “üçlüyün razılaşmaları”nın yerinə yetirilməsi istiqamətində bir addım belə irəliləməyiblər. Yerevanın bütün güzəştləri, o cümlədən Laçın dəhlizinin Azərbaycana verilməsi, Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması Bakının hərbi təzyiqi altında baş verib, “üçlüyün bəyanatları”na uyğun olaraq könüllü şəkildə yox. Ermənilər regionun geosiyasətinin dəyişəcəyi və yenidən kiməsə qarşı hansısa forpost qismində lazım ola biləcəkləri   ümidilə “üçlüyün razılaşmaları”nın icrasını yubadırlar.

 

Putinin bəyanatı faktiki olaraq  son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin həllində dağıdıcı rol oynamaqla bağlı Qərbin və Rusiyanın qarşılıqlı ittihamlarının səbəbini ortaya qoyub, bunun mahiyyəti regionda birincilik uğrunda mübarizədən yox, “üçlüyün razılaşmaları”nın və ya sülh müqaviləsinin birinciliyi və ikinciliyindən ibarətdir.

 

Biirnci və ya ikinci olan nədir - sülh müqaviləsi, yoxsa "üçlüyün razılaşmaları"nın reallaşması məsələsində Qərbin və Rusiyanın fikirlərinin fərqli olduğuna aldanmağa dəyməz. 

“Valday klubu” ərəfəsində Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalında çıxış edərkən bildirib ki, son aylar Moskva gərginliyi Azərbaycanın xeyrinə artırıb: “Son iki ildə sərhəddə nələr baş verir... Guya 5000 rusiyalı əsgər sərhədi qoruyur, amma ruslar bu çoxəsrlik münaqişədən sui-istifadə edərək, türklərin şərikliyilə Azərbaycan oyunu oynadı və bir zamanlar ona (Rusiyaya) yaxın olan Ermənistanı yenidən  zəiflətməyə başladı. Görürsünüz, nələr baş verir? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir. O, bizim hamımızın  sabitliyini pozmaq üçün Qafqazda iğtişaşlar yaratmaq istəyir”.

 

Putin Vaşinqtonun Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınmasına dair “plan” təklif etdiyini söylədikdən sonra Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin birinciliyi barədə Praqa təşəbbüsündən operativ şəkildə uzaqlaşıb.

 

Oktyabrın 28-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Soçidə keçiriləcək üçtərəfli danışıqlarla bağlı Turan-ın sualını cavablandırarkən deyib ki, Ermənistan və Azərbaycan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərnə qərar verməlidirlər.

 

Rusiya meydançasında Paşinyan və Əliyev hansı yanaşmanı seçə bilər? Demək olar ki, artıq öncədən həll qərara alınıb - Ermənistan-Azərbaycan münasibətlərinin sonrakı “tənzimləməsi” Putinin təklif etdiyi və faktiki olaraq Qərb tərəfindən dəstəklənən “üçlüyün razılaşmaları” əsasında baş tutacaq. Sülh müqaviləsi çoxillik “Qarabağ nizamlanması” epopeyasının səhnəsindən süst hərəkətlə arxa plana keçir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.