
Ermənistan ilin sonuna kimi Azərbaycanın ərazi bütövlüyünü tanımasa, Bakı bütün Qarabağ üzərində öz suverenliyini bərpa etməli olacaq.
Senzor.az bildirir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev moderator.az-a müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin “Valday klubu”ndakı qalmaqallı bəyanatını şərh edərkən deyib.
“Hesab edirəm ki, Ermənistan ilin sonuna qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamasa Azərbaycan Respublikasının Prezidenti Qarabağ üzərində suverenliyimizi bərpa etmək üçün haqqa-ədalətə, beynəlxalq hüquqa əsaslanan belə bir qərar qəbul etməli olacaq”, - deyə millət vəkili bildirib.
Əks halda, deputatın fikrincə, Qarabağdan gözümüzü çəkməli, artıq ərazi bütövlüyümüzü tanımadığı və onu parçalamaq istədiyi üçün düşmən deyə biləcəyimiz ölkənin ordusunun Azərbaycanda yerləşməsi ilə barışmalı olacağıq.
“Mən əvvəllər də söyləyirdim ki, regionda marağı olan Rusiya münaqişyə son qoyulmasında, digər güclər isə Türkiyə istisna olmaqla, münaqişənin ədalətli həllində maraqlı deyillər. 10 noyabr 2022-ci il sazişi də elə tərtib olunub ki, gələcəkdə bir çox məsələlər barədə razılığa gəlmək mümkün olmasın. Məsələn, yazıla bilərdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olacaq, amma yox, fərqli ifadələr işlətməklə Ermənistana manipulyasiyalar üçün yer qoyulub. Yaxud, üçtərəfli Bəyannamənin birinci bəndində yazılmalı idi ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır. Vətən müharibəsi dövründə dəfələrlə mətbuata verdiyim açıqlamalarda qeyd edirdim ki, biz Ermənistanla Azərbaycanın ərazi bütövlüyünün tanınmadığı heç bir sənədə imza atmamalıyıq. Amma bəzən güc faktorundan doğan acı reallıqlarla barışmalı oluruq. Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi. Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından çox asanlıqla qaça bilir. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir. O cümlədən, Azərbaycanla 22 fevral 2022-ci ildə Moskvada imzalanmış müttəfiqlik münasibətlərinə dair Bəyannamə də”, - deyə Q.Həsənquliyev vurğulayıb.
Deputatın sözlərinə görə, 44 günlük müharibədə bitərəf mövqe tutan Rusiyanın yeganə məqsədi Ermənistanın Qərbyönlü baş naziri Nikol Paşinyanı devirmək idi: “Rusiya həmin mərhələdə Paşinyanı devirə bilməsə də, onu həm işğalı müdafiə etməməklə cəzalandırdı, həm də Qarabağa-torpaqlarımıza öz əsgərlərini gətirdi. Hazırda görünən odur ki, Rusiya Qarabağı, Qarabağla birlikdə isə Azərbaycanı daima öz nəzarətində saxlamağı düşünür, sülh sazişinin imzalanmasından, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından son dərəcə narahatdır. Putin bu açıqlaması ilə ondan imtina etmiş sivil dünyanın, ermənipərəst Qərb dairələrinin də diqqətini özünə cəlb etmək istəyir. Görünür, həmin dairələrin dəstəyinə Türkiyə-Azərbaycan münasibətlərindən daha çox dəyər verir. Bəlkə də ermənilərin vasitəsilə Qərb liderlərinə təsir edib Ukrayna bataqlığından çıxmaq üçün onlarla bir masa arxasında əyləşmək istəyir. Hamımız bilirik ki, ABŞ və Fransada güclü erməni diasporası var. İnanmıram ki, o, son açıqlaması ilə Paşinyanın devrilə biləcəyini düşünür”.
Deputat Q.Həsənquliyev hesab edir ki, Azərbaycan Prezidenti Putinin ikitərəfli münasibətlərə xələl gətirən qəbuledilməz təklifləri ilə bağlı Rusiyaya yəqin ki, etirazını bildirəcək: “Paşinyan bəyan etdi ki, Putinin təkliflərini qəbul edir və ümid edir ki, Putin Soçidə sözünün üstündə duracaq. Bu isə əvvəl əldə olunmuş razılaşmalardan faktiki imtina deməkdir. Belə vəziyyətdə başqa nə edə bilərik?
Rusiya ilə işləməkdə davam etməli, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə, digər dost ölkələrlə məsləhətləşmələrə başlamalı, silahlanmaya və peşəkar ordu quruculuğuna böyük pullar xərcləməliyik”.
Xatırladaq ki, sabah - oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçiriləcəyi gözlənilir.