İnanclı insanları kim təhqir edir: İran, yoxsa Mir Şahin? - REAL TV RƏHBƏRİ MÖVZUYA BİR DƏ QAYITDI VƏ...
ONU LİNÇ ETMƏK İSTƏYƏNLƏRƏ NÖVBƏTİ HƏYAT-MƏNTİQ DƏRSİ KEÇDİ

Xəbər verdiyimiz kimi, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev Real TV-də müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişinin 23 oktyabr buraxılışında da bir çox vacib məsələlərə və məqamlara toxunmuşdu. 

 

Senzor.az xatırladır ki, M.Ağayev həmin verilişinin bir hissəsini İrana, oradakı   səlahiyyət sahiblərinə, onların əmmaməli-əllaməli siyasətinə, Azərbaycanla sərhəddə keçirdikləri hərbi təlimlərə, bir az da, necə deyərlər, bizim irançılarla həsr etmişdi. (bax: https://senzor.az/bas-yazi/13303-biz-hec-vaxt-iranin-agina-da-lenet-qarasina-da-dememisik-.html).

 

Olduqca obyektiv və məntiqli şərh idi. REAL TV rəhbəri təxminən 10-11 dəqiqəlik həmin şərhi ilə əslində İranın Azərbaycana yönəlik qeyri-səmimi siyasətini, təhdid xarakterli Arazqırağı təlimlərini   ideoloji baxımdan darmadağın etmişdi. 

 

Bu mənada həmin şərhin böyük rezonans doğuracağı gözlənilən idi. Elə də oldu. Amma həmişə olduğu kimi, bu dəfə də aparıcının dəmir məntiqi və əsaslı arqumentləri,  bir az sərt, amma haqlı tənqid etdiyi obyektlər qaldı bir kənarda, irançı qüvvələr Tehran rejiminin məkrli və qərəzli yanaşma tərzini pislədiyinə və qınadığına görə onun özünü linç hədəfinə çevirdilər. Məqsədyönlü şəkildə çıxışından parçalar yayaraq, onun guya dini inancları təhqir etdiyi barədə rəy formalaşdırmaq istədilər. 

 

Elə həmin günlərdə Mir Şahin Ağayev sosial şəbəkə hesabında status yazaraq bəyan etdi ki, növbəti verilişdə bu mövzuya yenidən qayıdacaq: “Görünür, daha bir açıqlamaya ehtiyac var!”.

 

O, dediyi kimi də etdi. Verilişinin oktyabrın 30-dakı buraxılışında məsələyə yenidən qayıtdı. Özü də daha daha ətraflı şəkildə.  

 

Senzor.az verilişin həmin həmin hissəsini təqdim edir: 



“Məsələn, elə son ayın ən həyəcanlı mövzusu olan İran–Azərbaycan sərhədlərində qonşularımızın Ermənistanın maraqları naminə Azərbaycana barmaq, lülə, dron silkələməsini götürək. İran İslam Respublikasının Azərbaycana qarşı son dərəcə kəskin davranışı ondan xəbər verir ki, yəqin bundan sonra daha heç vaxt Bakı–Tehran münasibətləri əvvəlki kimi olmayacaq. Uzun illər özünün əsl simasını niqab və saqqal altında gizlətməyi bacaran Molla rejimi öz iç üzünü açdı! İran İslam Respublikasından üzü qibləyə, halal yanaşma gözləyən məsum, sadədil azərbaycanlıların diqqətinə İran tərəfinin hazırladığı ən yeni klipi təqdim edirəm. Burada İran ordusunun şanı, şöhrəti, yerlə yeksan etməyə qadir gücü təbliğ olunur və Azərbaycana hədə-qorxu gəlinir. Diqqətlə qulaq asın, eşidəcəksiniz.

 

Baxdınız?! Onda Sizi Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin şəxsən məndən ötrü tarixi müsahibəsinə də baxmağa dəvət edirəm. Müsahibə tam şəkildə ilk dəfə efirə gedəcək. Baxırıq, sonra qayıdırıq. İran və İrani rəqsinə oynayanları mən belə asanlıqla əldən buraxan deyiləm. Danışacağıq. Müzakirə edəcəyik. Kimin əslində kim olduğunu göstərəcəyik. Azərbaycançı qüvvələrin üzərinə gələnlərin arxasından özünü göstərən qulaqları görəcəksiniz.

 

Əvvəla ona aydınlıq gətirim ki, niyə Şeyximizin müsahibəsini tarixi hesab edirəm: Ona görə ki, bu müsahibədə biz Müstəqil Azərbaycan Dövlətinin dini liderinin-təmsil etdiyi düşərgənin TAM MÜSTƏQİLLİK bəyanatını eşitdik. Bu bəyanatda hər hansı şübhəli ayətollahdan, siyasiləşmiş müctəhiddən asılı olmaq, kiməsə, nəyəsə təqlid etmək kimi İrandan qalma irs ləğv edildi. Bu, müstəqil Azərbaycan İslamının müstəqil Azərbaycan dövlətini daha da güclü etməsi üçün elan olunan bitkin bir konsepsiya idi. İndiyədək bütün dünyada multikulturallıq təbliğ edən, bütün dinlərin özünü öz evindəki, öz məbədindəki kimi rahat hiss etdiyi Azərbaycan nəhayət ki, orta əsrlərin mühitini, ev tikmək üçün icad edilən krandan ev yıxmaq üçün istifadə edən, barmaq kəsən, göz çıxaran ölkənin feodal prinsiplərini rədd etməli idi və etdi. Biz gördük ki, azanı yaxşı gələnlərin oxuduğu heç də Quran olmadı, Yıxan oldu... Və Hacı Allahşükür Paşazadə bu müsahibəsi ilə Quranı seçdi! Yıxanı yox! Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın dini-mənəvi büütövlüyünün də bərpa olunması xəbərini çatdırdı. Deməli, İran İslam Respublikası ətrafında danışacağıq. Burada iki məsələ var. Var İran: Dövlət. Respublika. Öz siyasi maraqları olan qədim bir ölkə. İkinci məsələ isə onun İslam adını öz adına əlavə etməsi və bununla da bir İslam monopolisti kimi davranmasıdır. Əlbəttə, bizə suallar olduğu kimi, bizim də suallarımız ola bilər. 

Məsələn, izin verin soruşaq: Biz imam Əli Əleyhissalamı, İmam Hüseyni tanıyanda, o müqəddəs nəslə hörmət və ehtiram göstərəndə İran haradaydı? Azərbaycanda tarix boyu elə məscid olmayıb ki, içərisində İmam Əli, imam Hüseyn sözü yazılmasın. İran isə apardığı siyasətlə islam dinini parçalamaq kimi təhlükəli əməllərə mürtəkib olub. Öz siyasi maraqlarını, fars şahənşahlığını başqa ad altında yaşatma niyyətini qorumaq naminə islamın müqəddəsliyini belə qurban verib. Bu tarix boyu İranın oynadığı ənənəvi oyunlardan biri olub. Baxmayaraq ki, İslam Dini İranın mülkiyyəti deyil. O özünü İslamın inhisarçısı tək apara bilməz. İslamın gerçək simasının Azərbaycan nümunəsi var. İslamın adından danışmağa İranın heç bir mənəvi haqqı çatmır. Bəli, İran İslam Respublikasının timsalında İslam dini gözdən salınır. Və bunda sadə iranlının günahı yoxdur. İslamın cəhalətlə, mövhumatla eyniləşdirilməsi məhz İrandakı molla rejiminin baş kursudur. Ona görə də bu ökədə narkotik vasitələr çiçəklənir, onun ixracına şərait yaradılır. Çünki insanların beyni məhv edilir, onların dərk etmək imkanları azalır. Bu zaman idarə etmək, yönəltmək daha asan olur. İslam dini İranda fars şovinizmini pərdələmək üçün bir vasitəyə çevrilib. İran və islam anlayışlarını təhlil etməyə çalışaq. Yadımıza salaq: Sovet ittifaqı və kommunist ideologiyası necə yanaşı yaşayırdı və bir-birini necə bəsləyirdi? Kommunizmin arxasında rus imperializmi və şovinizmi necə gizlənmişdi? Guya bütün xalqlar bir-birinə dost idi, qardaş idi və s. Bəs əsl mahiyyətdə nə var idi? Sadəcə İmperializm! İmperiya maraqları! İranda da eyni xətdir. İslam dininin ali dəyərləri, o cümlədən də Əhli-Beyt, Həzrət Əli, İmam Hüseyn və sair kimi müqəddəslərdən fars şahənşahlığının inkişaf etdirilməsi naminə istifadə edilir. Təkrar edirəm, burada söhbət sadə dini inanclı insanlardan getmir. Biz İrandakı rejimin mahiyyətindən danışırıq. Boş vaxtınız olanda bir tutuşdurun. Kommunizm və iran şiəçiliyi. Axı şiəliyə görə müəllif hüquqlarını kim irana verib? Azərbaycandakı şiəlik konsepsiya olaraq İran şiəliyindən qat-qat fərqlidir. İran şiələyini qoy o ölkənin alimləri araşdırsın. Hər nədir Təbatabainin ruhu bilər, İran bilər. Amma bizim Azərbaycandakı şiəliyin öz fəlsəfəsi, vahid İslami Dəyərləri özündə əks etdirən kökü, irsi var. İranın islamçılığı, daha doğrusu, şiəliyi sırf təbliğat səciyyəsi daşıyır. Ona görə də Azərbaycan inanclılarının səmimiyyətindən ustalıqla anti-Azərbaycan məqsədi üçün istifadə edir. Ermənistana, deməli, Xocalı qatillərinə, 30 il torpaqlarımızı işğal altında saxlayan düşmənə, məscidlərimizə donuz ötürənlərə, otaranlara əl uzadaraq qardaşlıq elan etmiş İran İslam Respublikasının Azərbaycandakı rəğbətliləri İrəvan-Tehran qohumluğunu, Qafanda açılmış İran, Təbrizdə açılması planlaşdırılan Ermənistan Konsulluğu mövzusunu, bu islam respublikasının Azərbaycanı həmlə ilə hədələməsini arxa plana keçirmək, Arazın üzərindən Azərbaycana təhdid yürüşünə çıxan molla rejiminin təhdidini gizlətmək məqsədilə Azərbaycançı qüvvələri hədəfə alır. Guya Mir Şahin İmam Hüseyni, əhli-beyti təhqir edib. Əslində, bir əlində Paşinyanın əlini, o biri əlində Həzrət Abbasın qolunu tutaraq Azərbaycan üzərinə gəlməyi məşq edən İran təhqir edib əhli-beyti, qail olduğu islamı. İran təhqir edib Həzrət Abbası Paşinyanın əli ilə. Azərbaycana qarşı hərbi təlimin planlaşdırıldığı qərargahın adını Həzrət Abbas qoymaqla İslamı, peyğəmbər ailəsini İran təhqir edib. İmam Hüseynin adını terror təşkilatına qoyaraq cinayətkar qrupu “Hüseyniyyə” adlandıranlar təhqir edib əhli-beyti. Çünki İmam Hüseyn terrorçu olmayıb. Mömin olub. Ona görə məzlum adlanıb ki, öz məzlumluğu ilə qələbə çalıb. İran İslam Respublikasının hərbi təlimlərinin keyfiyyətinə, istifadə etdiyi alət və avadanlıqların səviyyəsinə bədii tərzdə münasibət bildirmək təhqir deyil. Mən “özfəaliyyətiniz elə bundan ibarətdir, yoxsa İmamhüseynova bacıları öz məharətini göstərəcək” dedikdə Ermənistanın qardaşı, himayədarı kimi davranan İran islam Respublikasının mahiyyətini göstərmək istəmişəm. Dırnaqarası “İmamhüseynova bacıları” ifadəsi İranın Azərbaycan sərhədində təlim keçən, bizi düşmən hesab edən hərbiyyəsinə aiddir. Onlar İmam Hüseynçi ola bilməzlər. Əsl İmam Hüseynçilər bizik. İmam Hüseyndən sədaqət öyrənmişik. İranın hərəkəti isə indiki halda əsl Kufəlilikdir. Bir neçə gündür ki, məndən bizim inanclılardan üzr istəməyimi tələb edirlər. Təkrar edirəm, məqsəd budur ki, İranın Ermənistanla birləşərək Azərbaycana qarşı çıxması tək antimənəviyyat hərəkəti arxa plana keçsin. Yaddan çıxsın. Əslində, mən tələb edirəm. İran İslam Respublikası Azərbaycandan üzr istəsin. Bizim inanclıların ruhunu, imanını, gümanını təhqir etdiyinə görə. İran İslam Respublikası Ermənistan (qeyri-islam) Respublikasını öz milli maraqlarının tərkib hissəsi tək müdafiə etməsi, onun sərhədlərini özünün qırmızı xətti sayması, srağagünədək Qardaş dediyi Azərbaycana sarı silah tuşlayaraq, dron qaldıraraq, Araza mobil körpü salaraq hərbi texnikası ilə üzərimizə yürüş imitasiyası yaratması, Nikol Paşinyan başda olmaqla, Ermənistanı müdafiə etməklə Xocalı soyqırımı müəlliflərinin yanında olduğunu nümayiş etdirməsinə görə üzr istəməlidir! 

İnanclı insanlarımızın hisslərini İran İslam Respublikası işğal altındakı məscidlərimizdə donuz saxlayanlara – Ermənistana susmaqla təhqir edib, mən yox!

 

İnanclı insanlarımızı İrandan gələn azana Azərbaycanın səmimiyyətlə səcdə edən şiə camaatının etibarını ermənilərin ayağına verənlər təhqir edib, mən yox! 

Təkrar edirəm: mən seyidəm, ruhani ailəsində doğulmuşam, İmam Hüseynin də, Həzrət Abbasın da qədrini, dəyərini bir ovuc irançıdan daha yaxşı bilirəm! Mən açıqlama verdim. Real-ın qapısına bir-iki gəlinbacını göndərmək də lazım deyil. İmamaşı bişirən vaxtlarıdır. Allah qəbul eləsin! Amma İran İslam Respublikasının açıqlamasına olan ehtiyac daha böyükdür! Niyə Ermənistanın tərəfinə keçmək qərarına gəldi və ədalətli, öz tarixi haqqını bərpa etmiş Azərbaycanın yox, işğalçıların, Xocalı qatillərinin yanını seçdi? Bu suallara cavab versin! Mənim İmam Hüseyn həzrətlərinə, Həzrət Abbasa münasibətim hər bir səmimi Azərbaycan şiəsinin münasibətilə eynidir. Böhtanla, iftira ilə diqqəti əsas mətləbdən yayındırmaq cəhdlərini yığışdırmaq, Azərbaycanın Qələbəsini həzm edə bilməmələrinin səbəbini izah etmək lazımdır! Azərbaycanı satıb İrana qaçan, orada hansısa Kərimə dövləti yaratmaqla bizi təhdid edən dırnaqarası “soydaşlarımıza” görə cavab vermək lazımdır!

 

İmam Hüseyn, Həzrət Abbas kimi dəyərlərə isə toxunmasınlar! Onları ucuz siyasi məqsədlərinə alət etməsinlər! Mövzu bu deyil! Mövzu İranın Ermənistana hər növ dəstəyidir! Pislənilməli, məhkum edilməli məsələ budur! Mənim və bizim İrandan üzr istəməyə heç bir səbəbimiz yoxdur. Bir azərbaycanlı kimi mən bu çıxışımla həm də imam Hüseyni fars şovinizmindən və onların Azərbaycandakı qövmündən qoruyuram. Ünvanıma göndərilən təhdid və edam anonslu mesajları isə hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm. Profil şəkilləri onlar haqqında hər şeyi deyir. İran əsəbidir. Başa düşürəm. Ölkə milli azadlıq hərəkatına hamilədir. Onu bətnində boğmaq istəyi alınmır. Cənubi Azərbaycan cümhuriyyətinin addım səsləri eşidilir. Yeni Pişəvəri hərəkatı doğur. Molla rejimi başa düşür ki, tarixi zəmin yetişib. “Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!” deyən Şəhriyardan, “Gülüstan” poeması əkib becərən Bəxtiyar Vahabzadədən, “Dağdağan” şeiri ilə vətəni vətənə birləşdirən Şahmar Əkbərzadədən, “Təbrizim!” deyə-deyə dünyadan köçən Süleyman Rüstəmdən cücərən Azadlıq kökləri artıq torpağı qılınc kimi yarıb bayıra çıxır. Böyük bir xalqın intizarının rəmzi kimi Araz qırağında əkilən söyüdümüzün böyüdüyünü, hər iki sahilə salam verdiyinin şahidi olmaqdayıq. Nəriman Həsənzadənin əfsanəvi şeiri ilə mənəvi-mədəni həyatımızın yeni erasını açıq elan edirəm:

 

Yazıçılar Birliyinin Qurultayı da oldu. Yəqin ki, bundan sonra Böyük Azərbaycan haqqında yeni əsərlər işıq üzü görər. İşıq üzü üçün ilk növbədə, işıq lazımdır. 

Elə bu işıq qibləsinə, “Söyüd” şeirinin üstündən bir mahnıya da qulaq asaq. Gəlin hesab edək ki, hamımız oxuyuruq! Dünyanın hər yerində. Və hesab etməyək! Oxuyaq! Mahnı Azərbaycan haqqındadır! İfa edir Təbriz xoru! Oxuyanlar İrandakı qardaşlarımız, bacılarımız, soydaşlarımız! Birlikdə oxuyaq! 

Salamat qalın!”






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.