
Bu gün Şuşanın azad olunmasından 2 il ötdü. Sözügedən tarixi qələbə İkinci Qarabağ müharibəsinin gedişatında həm hərbi, həm də siyasi baxımdan həlledici rol oynamışdı.
Məlumdur ki, Şuşa əməliyyatı ordumuz üçün asan başa gəlməyib. Kifayət qədər şəhid və yaralımız olub. Silahlı Qüvvələrimiz bu istiqamətdə xüsusi şücaət göstərib. Əsgər və zabitlərimiz, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrimiz sıldırım qayalıqları keçib, yüksək hündürlükləri fəth ediblər. Şuşa əməliyyatında yeni strategiyalardan, taktikalardan istifadə olunub. Küçə döyüşləri isə bu əməliyyatın kulminasiya nöqtəsini təşkil edir. Təsadüfi deyil ki, Şuşa döyüşləri artq dünya hərb tarixinə düşüb. Müxtəlif hərbi məktəblərdə bu əməliyyatın sirləri tədris edilir. Bəzi məqamların hələ də açıqlanmamasına rəğmən, bu döyüşlərin əhəmiyyəti və dəf edilən çətinlikləri çoxlarına məlumdur.
Düşmən Azərbaycan Ordusunun Şuşaya girə biləcəyini və oranın azad ediləcəyini gözləmirdi. Qarşı tərəf xüsusilə çoxillik Ohanyan səddinə güvənirdi. Lakin Silahlı Qüvvələrimiz həmin səddi darmadağən etdi. 
Ordumuzun Şuşanı azad etməsi Rusiya üçün də gözlənilməz oldu. Rəsmi Moskva noyabrın 8-nə, yəni Şuşa əməliyyatınadək proseslərə qismən neytral yanaşır, səssiz qalırdı. Bunun əsas səbəbi Rusiya Prezidenti Vladimir Putinin Qərbpərəst mövqeyinə görə Ermənistan baş naziri Nikol Paşinyanı cəzalandırmaq istəyi idi.
Kreml, bəlkə də, keçmiş “Dağlıq Qarabağ” istisna olmaqla digər ərazilərimizin işğaldan azad olmasına razı olardı. 1994-cü ildə imzalanan Madris müqaviləsinin prinsiplərinə görə də konflikt belə həll edilməli, “Dağlıq Qarabağ”a daxil olmayan ərazilər Azərbaycanın nəzarətinə keçməli idi. Sonradan bu məsələ “donduruldu”. Madrid sazişinin gündəmdə qalmamasında Ermənistanın destruktiv regional siyasəti aparıcı rol oynamışdı.
Bilindiyi kimi, Şuşa “Dağlıq Qarabağ”a daxil deyil. Elə buna görə də Şuşanın azad edilməsi Rusiya üçün “soyuq duş” oldu. Təsadüfi deyil ki, Qala şəhərin azad olunmasından sonra həm ora, həm də Bakıya raket atıldı. Bu, şimal qonşumuzun proseslərə münasibətinin, aqressiyasının təzahürü idi.
Şuşaya atılan “İsgəndər” raketinin haradan- Ermənistandan və ya Rusiyadan buraxılması dəqiq müəyyənləşmədi. Amma bu o qədər də əhəmiyyətli deyil. Məsələ ondadır ki, Ermənistanda “İsgəndər- M” modifikasiyalı raket yoxdur. Deməli, hətta oradan atılmışdısa belə, silahlı Ermənistana verən Rusiya olub. Həm də Moskvanın xeyir-duası olmadan İrəvan nəinki raket, heç güllə də ata bilməz.
Azərbaycan Ordusunun Şuşanı azad edəcəyi Qərb dövlətləri, xüsusilə ABŞ və Franda üçün də arzuolunmaz oldu. Çünki onlar anladılar ki, Azərbaycan artıq öz işini özü həll etmək yolundadır və daha kiminsə vasitəçiliyinə ehtiyac yoxdur. 
Bundan başqa, məhz Şuşa zəfəri nəticəsində İranın məkrli planları da puç oldu. Məlum olduğu kimi, rəsmi Tehran 44 günlük müharibə dövründə qonşuluq və müsəlmanlığa ziddi olaraq bütün imkanları ilə İrəvanı dəstəkləyir, xüsusilə silah dəstəyini təmin edirdi. Məqsəd regionda “düyünlərin açılmaması” idi. Amma Ermənistanın digər havadarları kimi, İran da çirkin niyyətinə çata bilmədi.
Adı çəkilən üçüncü tərəflər Azərbaycanın daha irəli gedəcəyindən, Xankəndi və ətraf əraziləri də azad edəcəyindən narahat idilər. Başa düşürdülər ki, bu, daha utopiya deyil. Azərbaycan Ordusu cəmi bir neçə gün içində Xankəndini düşməndən təmizləyə bilərdi. Xüsuilə ordumuzun Şuşaya girməyi buna imkan verirdi. Hərbi ekspertərin də dediyi kimi, Xankəndi aşağıda yerləşdiyinə görə, Şuşadan ora nəzarət etmək çox asandır, obyektlər aydın görünür.
Biz daha çox itki olmasın deyə 9-10 noyabrda Rusiyanın da iştirakı ilə üçtərəfli sənəd imzaladıq. Ermənistan kapitulyasiyanı etiraf etdi və üzərinə konkret öhdəliklər götürdü. Həmin razılıqlara əsasən, Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşməsi ilə paralel olaraq erməni birləşmələri ərazini tərk etməli idi. Lakin terrorçular hələ də Qarabağdadırlar.
Rəsmi İrəvan indi də zaman-zaman destruktiv regional siyasət yeridir. Yuxarıda adını çəkdiyimiz dövlətlər yenə də “suları bulandırmağa”, uğrunda çalışdığımız regional sabitlik idealına qarşı çıxmağa çalışırlar. Lakin unutmaq olmaz ki, Şuşa əməliyyatı Azərbaycanın hərbi və siyasi gücünü konkret olaraq nümayiş etdirdi. Əgər digər tərəflər, o cümlədən Ermənistan yenə səbrimizi, gücümüzü yoxlamaq istəsə, əlbəttə, “Dəmir Yumruq” növbəti dəfə havaya qalxacaq, Şuşa zəfəri təkrarlanacaq, üçrəngli bayrağımız məhz antiterror əməliyyatı nəticəsində Xankəndidə dalğalanacaq.
Kənan Novruzov,
siyasi ekspert