
Fransa Senatı hökuməti qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sənədin lehinə 295, əleyhinə isə cəmi 1 senator səs verib.
“Biz Fransa hökumətini avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına ən güclü və adekvat cavab vasitələrini, o cümlədən Azərbaycan siyasi liderlərinin əmlaklarının müsadirə edilməsi, eləcə də Azərbaycan qazının və neftinin idxalına dair qadağanın tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırırıq”, - sənəddə deyilir.
Qeyd edək ki, qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.
Onu da xatırladır ki, son iki ildə bu, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü qətnamədir. 2020-ci il noyabrın 25-də Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan əraziləri azad etdikdən bir neçə gün sonra Fransa Senatı qondarma “DQR”in “müstəqilliyinin” tanınması ilə bağlı qətnamə qəbul edib. 2020-ci il dekabrın 3-də isə Milli Məclis və parlamentin aşağı palatası da Azərbaycan əleyhinə qətnamə qəbul edib.
