
Azərbaycan illərlə ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb.
Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
O, qeyd edib ki, konsensusa əsaslanan qərar qəbuletmə prinsipi aydın şəkildə ATƏT bütün əsas qərarlarında əks olunub: “Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb. Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq”.
Nazir qeyd edib ki, Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.
“Sədrlik və katiblik də daxil olmaqla ATƏT-in bütün institutları bütün iştirakçı ölkələr üçün ortaq aktiv kimi təsis edilib. Buna uyğun fəaliyyət göstərilməməsi etimadı sarsıdır. Azərbaycan bu institutları öz mandatlarının kobud surətdə pozulmasını düzəltməyə çağırır” – deyə diplomat vurğulayıb.
**21:39

1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Rumıniya ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətləri, energetika, nəqliyyat, tranzit, iqtisadi-ticarət və s. istiqamətlərdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Ölkələrimiz arasında artan yüksək səviyyəli səfərlər və siyasi dialoqdan məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmkarına post-münaqişə dövründə bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh sazişinin hazırlanması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir, mövcud mina təhlükəsini, bunun yaratdığı ciddi humanitar fəsadları diqqətə çatdırıb.
Nazir Auresku bu il Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, energetika və enerji təhlükəsizliyi sahəsində praktiki əməkdaşlığın daha da inkişaf etməsinin vacib olduğunu qeyd edib.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər və regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
**20:40

1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Anniken Huitfeldt ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində müxtəlif istiqamətlərdə, xüsusilə də energetika, neft və qaz sənayesinin inkişafı sahəsində münasibətlərin inkişaf etdiyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regional vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səyləri, Ermənistan tərəfinin təxribatları, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir Anniken Huitfeldt cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə keçirilən tədbirlərin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini qeyd edib. Nazir Anniken Huitfeldt, Norveçin bölgədə sülh və təhlükəsizliyə qarşı təhdid törədən gərginliyin azaldılması, sülhün bərqərar olunması istiqamətində səyləri alqışladığını vurğulayıb. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyi ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**17:54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə olunub.

Tərəflər, iki ölkə arasında mövcud əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfindən mina təhdidi daxil olmaqla davam edən təxribatların sülh quruculuğuna mane olduğu bildirilib. Qanunverici orqanlar tərəfindən qərəzli yanaşmaların normallaşma və sülh prosesinə xidmət etmədiyi vurğulanıb.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**14:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in tviter səhifəsində məlumat paylaşılıb.
Tərəflər Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində bir araya gəliblər.
**14:05

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-ci iclası çərçivəsində Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
Bu barədə Senzor.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan və Çexiya arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edilib və mövcud münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.
C.Bayramov Azərbaycanla Çexiya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Nazirlər iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə, o cümlədən enerji təhlüləsizliyi, iqtisadi-ticarət sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
C.Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə davam edən mina təhdidləri barədə məlumat verib. Görüşdə tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
**12:43

ATƏT-in Nazirlər Şurasının 29-cu iclası bu gün Polşanın Lodz şəhərində işə başlayıb.
İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.
Dekabrın 1-2-də keçiriləcək plenar iclasların iştirakçıları bu il üçün ATƏT məkanında təhlükəsizlik və böhran məsələlərinin bütün spektrini nəzərdən keçirəcəklər.