Radikal “Taliban” hərəkatı öz döyüşçülərinə Əfqanıstanın paytaxtı Kabilə daxil olmamaqla bağlı göstəriş verib. Hazırda hökumət üzvləri ilə şəhərə sülh yoluyla daxil olmaq barədə danışıqlar aparılır.
Bu barədə radikallara istinadən 1TV News telekanalı məlumat yayıb.
Hakimiyyət orqanları radikallarla danışıqların başlaması barədə hər hansı xəbər yaymayıblar.
Daha əvvəl xəbər verilib ki, silahlılar paytaxtın qərbindəki Kabil Universitetinə nəzarəti ələ alıblar.
Öz növbəsində “Taliban”ın rəsmi nümayəndəsi Zabihulla Mücahid özünün tvitterdəki hesabında bildirib ki, “Taliban” rəhbərliyi döyüşçülərinə Kabilə hücum etməmək barədə əmr verib.
“Biz döyüşçülərimizə Kabilin girişində dayanmağı, şəhərə hücum etməməyi əmr etdik”, - Z.Mücahid sosial şəbəkədə yazıb.(report.az)