
Azərbaycanın bir qrup ictimai-siyasi fəal şəxsləri dekabrın 3-də “Caspian PlatForum”da yığışaraq İranda baş verən siyasi prosesləri, habelə İran-Azərbaycan münasibətlərinin hazırkı durumunu və gələcəyini müzakirə ediblər.
Media üçün qapalı keçirilən müzakirədə İrandakı gərginlik, vətəndaş qarşıdurması, ziddiyyətli və mürəkkəb proseslərin mahiyyəti geniş təhlil olunub. İrandakı olayların Azərbaycan Respublikasına mümkün təsirləri, regionda yarana biləcək təhdidlər və buna hazırlığımız istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycan hakimiyyətinin Güney Azərbaycanda yaşayan çoxmilyonlu soydaşlarımızın pozulan təməl hüquqları ilə bağlı son günlər açıqladığı mövqeyinə İrandakı reaksiyalar da diqqət mərkəzində olub. Beynəlxalq və regional güclərin, Azərbaycan hakimiyyətinin, siyasi və ictimai qurumların, vətəndaş cəmiyyətinin və ayrı-ayrı müstəqil şəxslərin İrandakı proseslərə yanaşması, bu istiqamətdə ümumi hazırlıqlar analiz olunub. Bununla yanaşı Güney Azərbaycandan mühacirət etmiş şəxslərin və onların yaratdıqları təşkilatların İrandakı siyasi proseslərə baxışı, hazırlığı barədə də informasiyalar səslənib.
Müzakirədə siyasi və elmi cəhətdən əsaslandırılmış çox maraqlı çıxışlar edilib.
Hüquqşünas Əli Mustafa, professor Adil Qeybulla, meydan hərəkatının lideri Nemət Pənahlı, tədqiqatçı alim Yasəmən Qaraqoyunlu, politoloq Hüseyn Naibov, araşdırmaçı jurnalist Nazir Əhmədli, jurnalist Rüfət Muradlı, politoloq Taleh Əliyev, konfliktoloq Elxan Mehdiyev, beynəlxalq münasibətlər üzrə ekspert Nazim Cəfərsoy, hərbi ekspert Tərlan Eyvazov və digər şəxslər çıxış ediblər.
Toplantıda qərara alınıb ki, bu istiqamətdə müzakirələr fərqli formatlarda da davam etdirilsin. Müzakirənin nəticəsində analitik təhlil aparılması və bu analizlərə əsasən müvafiq qərarların qəbul olunması məqsədəuyğun sayılıb.

Turan xatırladır ki, müzakirəni təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl və siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli təşkil ediblər.