
“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışlayır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan işğaldan azad edilmiş ərazilərini fəal şəkildə bərpa edir. Bu il ərzində həmin ərazilərə Rusiya biznes nümayəndə heyətlərinin çoxsaylı missiyaları həyata keçirilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışlayırıq".

Nazir qeyd edib ki, bugünkü görüşdə “Şimal-Cənub” layihəsinin təşviqinin zəruriliyi ayrıca müzakirə olunub.
"Hesab edirik ki, bu layihənin və tranzit marşrutunun potensialı daha böyükdür", - Bayramov bildirib.
**15:51

Tərəflərin sülh müqaviləsinin Almata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir.
APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Lavrov qeyd edib ki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan vardı: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Almata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir", deyə Rusiya XİN başçısı vurğulayıb.
**15:09

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üçün Məsləhətləşmələr Planı imzalanıb.
APA xəbər verir ki, Məsləhətləşmələr Planını Azərbaycan və Rusiya XİN rəhbərləri imzalayıb.

**14:37

"Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında fəal dialoqun sübutudur".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib. O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.
"Bugünkü müzakirələrin mühüm mövzusu münaqişədən sonrakı problemlər, üçtərəfli razılaşmaların həyata keçirilməsində irəliləyişlər olacaq".

**14:15
Rusiya Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə deyib.
“Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıyıq”, - o bildirib.
O söyləyib ki, bugünkü görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin noyabr, həmçinin 2021-ci ilin yanvar və noyabr aylarında və bu ilin oktyabrında Soçi görüşü zamanı imzalanmış üçtərəfli bəyanatların icrası olacaq.
“Gündəlikdə duran digər məsələlər - regional əməkdaşlıq, Xəzərətrafı dinamika, ATƏT, MDB və digər proseslərlə bağlıdır”, - Rusiya XİN rəhbəri əlavə edib.
**13:43

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
Senzor.az xəbər verir ki, XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə yola düşüb.