
"Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb".
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov deyib.
“Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanırdılar.
Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyətimiz üçün şərait yaradılmamışdı”, - deyə Məsim Məmmədov vurğulayıb.
O qeyd edib ki, onların getdikləri ikinci obyektin giriş qapısında da böyük bir kütlə toplaşıbmış: “Biz baxanda gördük ki, eyni şəxslər həmin obyektlərdən başqa, bizim hərəkət etdiyimiz istiqamətdə də yolu kəsmişdilər. Rusiya sülhməramlı qüvvələrin nümayəndələri, rəhbərlik, komandanlıq onlarla danışıq aparmalarına baxmayaraq, nəticə əldə edilmədi. Hesab edirik ki, bu, iki tərəflin təşkil etdiyi təxribatdır”.
Daha ətraflı REAL TV-nin süjetində:
**20:41(10.12.2022)
Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb.
"Report" xəbər verir ki, sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib.
Belə ki, heyət Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər.
Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşıblar.
Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və Şuşa şəhərinə qayıdıb.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi.
**13:04
Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə monitorinqə başlayır

Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ilkin monitorinqə başlayır.
Senzor.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlayır.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdur.