
Yaxın vaxtlarda ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tuta bilər.
Virtualaz.org bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
"Daha əvvəl biz bildirdik ki, yüksək səviyyədə görüşməyə və problemləri müzakirə etməyə hazırıq. Qarşı tərəf (Azərbaycan) həqiqətən də hazır olduğunu bildirsə, ümid edirik ki, ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirələr başlayacaq və görüş yaxın vaxtda baş tutacaq”, - Qriqoryan Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupu çərçivəsində Paşinyanla görüşə hazır olması ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Senzor.az xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Fransnanın “France 24” kanalına verdiyi müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyin əleyhinə olmadığını bildirmişdi. Azərbaycan lideri vurğulamışdı ki, əgər ATƏT-in Minsk Qrupu belə bir görüş təşkil etmək təşəbbüsü ilə çıxış edərsə, o buna etiraz etməyəcək.