
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Senzor.az xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulanıb. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olunub. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın bu il də uğurla davam etdirildiyi bildirilib.
Görüşdə əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
**14:37
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Senzor.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

**14:35

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Senzor.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Qurbanqulu Berdiməhəmmədov dedi:
- Hörmətli qardaşım İlham Heydər oğlu, Sizi qonaqpərvər Türkmənistanda, xüsusən böyük Xəzərin sahilində salamlamağa çox şadam. Bu gün dost, qardaş ölkələr – Türkmənistan, Azərbaycan və Türkiyə arasında ilk dəfə Zirvə Görüşü keçirilir. Hesab edirəm ki, bu Zirvə Görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq və səmərəsini verəcək.
Bizim ölkəmiz Azərbaycan və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi diqqət yetirir. İlk dəfə keçirilən bu üçtərəfli Zirvə Görüşü, fikrimcə, ölkələrimiz arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli olacaq. Dövlətlərimiz arasında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı bir sıra iqtisadi məsələlər var. Humanitar istiqamətə gəldikdə isə dövlətlərimiz arasında ortaq cəhətlər çoxdur – dil, dini etiqad, mədəniyyət və bir sıra başqa məsələlər. Qardaşım İlham Heydər oğlu, mən ölkələrimiz arasında parlamentlərarası əlaqələri də qeyd etmək istəyirəm.
x x x
Prezident İlham Əliyev dedi:
- Sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç. Yenidən Sizinlə görüşməyimə çox şadam. Mən artıq ikinci dəfədir ki, bu il qardaş Türkmənistana səfər edirəm və Sizinlə görüşmək hər zaman çox xoşdur. Biz Sizinlə uzun illər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atmışıq və bu gün iki qardaş ölkə öz əlaqələrini yeni səviyyəyə qaldırır. Mən çox şadam ki, bütün sahələrdə qardaşlıq, dostluq əlaqələri özünü göstərir. Biz həm siyasi sahədə strateji tərəfdaşıq, həm iqtisadi sahədə son vaxtlar böyük uğurlara imza atmışıq, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Siz də qeyd etdiyiniz kimi, nəqliyyat, tranzit sahəsində də böyük irəliləyiş var.
Əsas odur ki, xalqlarımız qardaş xalqlardır və bu gün müstəqil Türkmənistan və müstəqil Azərbaycan öz münasibətlərini bu qardaşlıq əsasında qurur. Bu, həm ölkələrimiz, eyni zamanda, bölgə üçün çox önəmlidir və bu gün üç qardaş ölkə Türkmənistanda, bu gözəl Avazada görüşür. Hesab edirəm ki, bu da əcdadlarımızın ruhunu şad edən bir hadisədir. Çünki bu, təbiidir, belə də olmalıdır, qardaş xalqlar bir yerdə olmalıdırlar.
Fürsətdən istifadə edərək burada gördüklərimlə bağlı fikrimi bölüşmək istərdim. Burada qurduğunuz çox gözəl şərait bizi sevindirir. Avaza doğrudan da beynəlxalq turizm mərkəzinə çevrilir, həm səliqə-sahman, həm gözəllik, həm də yaşıllıq. Xəzər dənizinin sahillərində belə möhtəşəm mərkəzin yaradılması şəxsən Sizin böyük nailiyyətinizdir. Bu münasibətlə Sizi və qardaş türkmən xalqını təbrik edirəm. Dəvətə görə bir daha təşəkkür edirəm.
**14:02

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
Senzor.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib.
“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar.
“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”nı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurməhəmməd Amannepesov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.
“Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu” Türkmənistanın Dövlət Gömrük Komitəsinin sədri Maksat Xudayqulıyev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar.
“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
“Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzalayıblar.

**13:55
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub.
Senzor.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.
- Hörmətli Türkmənistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov.
Hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.
Əziz dostlar.
Bu il ikinci dəfə qardaş Türkmənistana səfər edirəm və yenidən burada olmaqdan çox məmnunam. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürümü bildirirəm.
Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.
Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır.
Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır.
Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir.
Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.
2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.
Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.
Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik.
2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.
Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.
Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.
Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.
2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.
Sağ olun.
**13:46
Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq.
Bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40%-i, avtomobil yolu üzrə 70%-i icra olunub.
“Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, - Prezident İlham Əliyev vurğulayıb.
**13:03
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud tərkibdə görüşü keçirilib.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

**12:20

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
**12:00

Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü başlayıb.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.
Zirvə görüşündə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş 3 ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunur.
Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalanacaq.

**11:10

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
**09:34

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfəri başlayıb.
Senzor.az bildirir ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.