
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar dünən Azərbaycanı ittiham edən bəyanat yayıb. Rəsmi İrəvan bəyanatda Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham edir.
Diqqətçəkən məqam isə Ermənistan XİN-in bəyanatı ilə paralel xaricdə fəaliyyət göstərən erməni diasporu və lobbisinin də Laçın-Şuşa yolunun bir hissəsində “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyasının məğzini təhrif edən kampaniyaya başlamasıdır.
Erməni dezinfomasiya maşını yenidən işə düşür
Prinsip etibarilə həm Ermənistanın əsassız bəyanat irəli sürəcəyi, həm də erməni lobbisi və diasporunun xarici ölkələrdə aksiyaların məğzini təhrif edərək dezinfomasiya və iddialarl çıxış edəcəyi gözlənilirdi. Bənzər prosesləri iki il öncə 44 günülk Vətən müharibəsi gedişində də müşahidə etmişdik.

Erməni lobbisi və diasporu artıq Avropanın və dünyanın bir sıra nüfuzlu təşkilatlarına, siyasi dairələrinə həqiqəti əks etdirməyən iddialar ilə müraciət edib. Diqqətçəkən məqam isə ermənilərin müraciətlərində qeyd etdiklərinin 44 günlük müharibə zamanı irəli sürdükləri “əsaslar” ilə eynilik təşkil etməsidir. Misal üçün “Xankəndinə qaz verilişi dayandırılıb”, “Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib”, “Tibbi ləvazimatlar bir neçə günə qurtaracaq”, “İrəvana aparılması planlaşdırılan ağır xəstələr var” və s. Yəni nə iddialar dəyişib, nə prosesləri manipulyasiya etmək cəhdləri, nə də anti-Azərbaycan kampaniyaları.
Ümumiyyətlə, Ermənistan 10 noyabr bəyanatının 4-cü bəndinə zidd olaraq silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb. Bəyanatın 6-cı bəndinə zidd olaraq isə Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edir. 9-cu bəndə də əməl ermir-bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədir.
Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir?
Erməni tərəfinin bu iddia ilə çıxış etməsinin əsas səbəbi Laçın yolunun bağlanmasıdır. Əslində isə Laçın yolu Azərbaycan tərəfindən deyil, ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. 
Bununla belə, Azərbaycan tərəfi rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
O ki qaldı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda keçirdikləri etiraz aksiyasına, o, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığın nəticəsidir.
Bakının cavab zərbəsi
Azərbaycan erməni tərəfinin bu və ya başqa formada təxribatlarına, dezinformasiya yaymasına, hadisəni təhrif etməsinə artıq alışıb. Buna görə də hər zaman erməni tərəfindən bir addım öndəyik. Məsələ ondadır ki, Bakı ermənilərin bu addımının qarşısını almaq üçün də müvafiq tədbirlər görüb. 
Birincisi, yuxarıda da qeyd etdiyim kimi, Bakı rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Bu, ermənilərin Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir iddiasını çürütməyə kifayət edir.
İkincisi, Azərbaycan ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə hadisə ilə bağlı lazımi məlumatları verib. Bu da öz növbəsində rəsmi Bakının İrəvanın yaratmaq istədiyi beynəlxalq təzyiqlərin qarşısını almağa yönəlib.
Turan Rzayev,
politoloq