
Monteneqroda saxlanılan “Çerkizovski” bazarının keçmiş direktoru Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Report” bildirir ki, bunu T. İsmayılovun vəkili Marina Rusakova deyib.
Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib: “Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”
Vəkil bildirib ki, Monteneqro hökuməti T. İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər.
Qeyd edək ki, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.
**15:52
Tanınmış azərbaycanlı iş adamı, milyarder Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib.
“İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istədi. Bu səbəbdən onun Rusiya Federasiyasına ekstradisiyası şübhəli olacaq”, - deyə “Vijesti” portalı hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
Bir müddət əvvəl Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi T.İsmayılovun Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Podqoritsada saxlanıldığını xəbəri yayılıb.
Rusiya səfirliyindən bildiriblər ki, T.İsmayılovun Monteneqroda saxlanılması barədə rəsmi məlumat almayıblar.
Sahibkarın oğlu Ələkbər İsmayılovun 2018-ci ildə Budvada eyni adlı oteldə “Casino Avala”nın səhmlərinin yarısını əldə etdiyi aydınlaşdırılır. Ancaq “Vijesti”nin mənbələri bu vaxta qədər İsmayilovlar ailəsinin bu aktivi müəyyən edilməmiş üçüncü tərəfə verdiyini bildiriblər.
Rusiyanın ən varlı iş adamları reytinqinə daxil olan T.İsmayılov 2009-cu ildə hüquq-mühafizə orqanlarından əsas aktivinin - o vaxt paytaxtın ən böyük topdansatış mərkəzi olan “Çerkizov” bazarının fəaliyyətinə qarşı genişmiqyaslı iddialar aldı. Səhiyyə orqanları orada çoxsaylı pozuntular aşkar etdikdən sonra bazar bağlandı.
Telman və qardaşı Vaqif hazırda beynəlxalq axtarışdadır. Rusiyada onlar qətl və qanunsuz silah alverində ittiham olunublar və məhkəmə onlar barəsində qiyabi həbs qərarı çıxarıb. İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir, cinayəti törədən Mehman Kərimov isə 13 il sərt rejimli koloniyada həbsə məhkum edilib.(“RİA Novosti”)