"Azərbaycanda məhkəmə islahatları aparılmadan iqtisadi sahədəki təşəbbüslər ciddi nəticələr verməyəcək" - QÜDRƏT HƏSƏNQULİYEVDƏN İLGİNC TƏKLİFLƏR

İqtisadi islahatların nəzərəçarpacaq nəticələr verməsi üçün məhkəmə sistemində də islahatlar aparılmalıdır. 

 

Senzor.az bildirir ki, bunu yerli KİV-ə müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

 

Parlamentari qeyd edib ki, bu islahatlar hakimiyyətin bölünməsi prinsipinin faktiki həyata keçirilməsindən başlamalıdır: “İlk növbədə dövlətin idarə olunmasında hakimiyyət bölgüsü prinsipinə real məzmun verilməlidir. Dövlət idarəetməsində “checks and balances” adlanan bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hakimiyyətin qanadları (qanunverici, icra və məhkəmə) qarşılıqlı nəzarət və balanslaşdırma əsasında fəaliyyət göstərirlər. Bizdə parlamentin hökumət üzərində nəzarəti yoxdur. 2002-ci ildə “Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanunu qəbul etmişik, amma qanunla müəyyən edilmir ki, Milli Məclis Nazirlər Kabinetinə etimadsızlıq göstərsə bu hansı hüquqi nəticə doğurur”.

 

Q.Həsənquliyev həmçinin deyib: “Məhkəmələrin özünüidarə orqanı olan Məhkəmə Hüquq Şurasının (MHŞ) başında hökumətin üzvü, ədliyyə naziri dayanır. O isə təqribən bir il öncə mətbuata verdiyi açıqlamada bildirmişdi ki, MHŞ fəaliyyəti dövründə 13 hakimi vəzifəsindən kənarlaşdırıb, 104 hakimə isə töhmət verilib. Bu rəqəmlər 2022-ci ildə bir qədər də böyüyüb. Sanki uşaq tərbiyə edirlər...  Müqayisə üçün bir misal çəkim: ABŞ-da 200 ildən artıq zaman kəsiyində cəmi 7 hakim impiçment qaydasında vəzifəsindən kənarlaşdırılıb”. 

 

Deputat əlavə edib ki, ölkədə qanunun aliliyini yalnız müstəqil və güclü məhkəmə hakimiyyəti təmin edə bilər. Güclü məhkəmə hakimiyyətinin olmadığı ölkələrə xarici investorlar böyük məbləğdə maliyyə yatırmırlar və mülkiyyətə təminat olmadığı üçün yerli iş adamları valyutanı ölkədən müxtəlif yollarla çıxarırlar.

 

"Bu gün vergi və gömük orqanlarında şəffaflıq artırılıb, inzibatçılıq təkmilləşdirilib. Bu səbəbdən, büdcə daxilolmaları artıb. 2023-cü ildə 30.72 milyardlıq büdcə gəlirlərinin 6.4 milyar manatını mənfəət vergisi kimi hüquqi şəxslər ödəcəyək. Amma dövlətin nəzarətində olan iqtisadiyyatın əsas sahələrinin (istehsal və xidmət sahəsində fəaliyyət göstərən dövlət müəssiələrinin) birlikdə nə qədər mənfəət vergisi ödəməsi büdcə zərfində birbaşa göstərilmir. Çünki onlar ya rentabelli deyillər, ya da az gəlirlə işləyirlər. Bir çox dövlət müəssisələrinin borcu büdcə vəsaitləri hesabına qaytarılır, onlar müxtəlif vergi və rüsumlardan azad olunurlar. Bəzən kömək məqsədilə onlara, hətta dövlət büdcəsindən də vəsait ayrılır.

 

Vəziyyəti dəyişmək üçün həmin müəssiələri özəlləşdirib ədalətli rəqabət mühitinə əsaslanan bazar iqtisadiyyatına keçid təmin edilməlidir. İqtisadi inkişaf naziri hakimiyyət daxilindəki nüfuzundan istifadə edib Prezidenti həm buna, həm də məhkəmə islahatlarına inandırmalıdır. Məhkəmə islahatları aparılmadan iqtisadi sahədəki istənilən təşəbbüs ciddi nəticələr verməyəcək. Mikayıl Cabbarov savadlı hüquqşünas kimi bunu bilməmiş deyil”, - deyə millət vəkili vurğulayıb.

 

Eyni zamanda, Q.Həsənquliyev bildirib ki, islahatlar geosiyasi vəziyyət  nəzərə alınmaqla aparılmalıdır: “Gürcüstan, Ukrayna və Ermənistan nümunələri göz önündədir. O da nəzərə alınmalıdır ki, biz müsəlman ölkəsiyik. Qərb bu ölkələri müdafiə etdiyi kimi bizi müdafiə etmir və etməyəcək, ərazi bütövlüyümüzün bərpasında da maraqlı deyil”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.