
“Sülh danışıqlarının bir gündəliyi vardı. Onu da diqqətə çatdırmaq istəyərəm ki, sülh gündəliyinin irəli aparılması ilə bağlı ilk gündən başlayaraq məhz Azərbaycan tərəfindən təşəbbüs olub”.
Senzor.az bildirir ki, bu sözləri 20 Yanvar şəhidlərini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Hələ 2021-ci ilin yanvar ayından Prezident bu istiqamətdə çağırış edib. 44 günlük Vətən müharibəsindən sonra düşmənçiliyin üstündən xətt çəkməyə, sülhə hazır olduğumuzu bəyan edib. Məlum beş baza prinsipinin təşəbbüskarı da Azərbaycan olub və qarşı tərəfə təqdim edilərək ictimailəşdirilib.
Ötən ilin avqust ayında Brüsseldə Avropa İttifaqının sədrinin iştirakı ilə xarici işlər nazirlərinə tapşırıq verilmişdi ki, sülh hazırlıqlarına başlansın. İlk görüş Cenevrədə oktyabrda baş tutdu. Danışıqlar prosesinin ikinci raundu noyabr ayında Vaşinqtonda oldu və qarşılıqlı razılıq əldə edildi ki, üçüncü görüş 23 dekabrda Moskvada keçirilsin. Görüşə bir gün qalmış Ermənistan görüşdən imtina etdi, beləliklə, Ermənistan danışıqlar prosesini dalana dirədi. Bu, Ermənistanın qeyri-ciddi addımlarının bariz nümunəsidir.
Biz son günlər ərzində də Ermənistan tərəfinin manipulyasiya siyasətinin başqa nümunəsini görürük. Onlar məsələni Azərbaycan tərəfinin üzərinə atıb beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və çaşqınlıq yaratmağa çalışırlar. Azərbaycan tərəfi danışıqlara sadiq olduğunu bəyan edir. İstənilən qısa zamanda növbəti görüşün keçirilməsinə hazır olduğumuzu bildiririk”, - deyə C.Bayramov qeyd edib.
Nazir Laçın-Xankəndi yolundakı aksiyadan da danışıb. Bildirib ki, hər kəs bu aksiya ilə maraqlanır, narahatlığını ifadə edir. Bir sıra xarici ölkələrdən bəlli çağırışlar olur. Ermənistan tərəfi isə orada blokada təsəvvürü yaratmağa çalışır. Halbuki dövlətimizin mövqeyi açıqdır: “Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçirlər. Eyni zamanda ehtiyacı olan insanlar da oradan çıxarılır və ya gəlir. Məsuliyyətli dövlət olaraq humanitar böhranın qarşısının alınması üçün atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış hansısa fakt barədə müzakirə aparmaq doğru yanaşma deyil. İnsanların niyə etiraz etməsinin sadə cavabı var. Əsas hədəf Azərbaycanın təbii sərvətlərinin talanması, ekoloji fəlakətlərin dayandırılmasıdır. Azərbaycan dövləti təbii sərvətlərin talanmasının qarşısını almaq üçün bir ilə yaxındır danışıqlar aparırdı”.
Ceyhun Bayramov onu da əlavə edib ki, Azərbaycan dövləti Laçın yolunda təhlükəsiz hərəkətə zəmanət verir: “Üçtərəfli Bəyanatda konkret olaraq üç məqsəd göstərilib. Bu isə insanların, yükləyin və nəqliyyat vasitələrinin keçididir. Burada dördüncü məqsəd yoxdur. Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Lakin o yolla silah-sursat və minaların daşınması yolverilməzdir”.