İsrail XİN-in siyasi direktoru Azərbaycan saytına müsahibə verdi və... ƏLİYEVİN NETANYAHU İLƏ XÜSUSİ MÜNASİBƏTLƏRİNDƏN DANIŞDI
+ İRAN TƏHDİDİ VƏ TƏHLÜKƏSİ HAQDA İLGİNC AÇIQLAMALAR

Azərbaycanla İsrail arasında münasibətlərdə yeni mərhələ başlayıb. Məlum olduğu kimi, ikitərəfli diplomatik münasibətlərin qurulmasından 30 ildən artıq müddətdə Azərbaycan nəhayət ki, yəhudi dövlətində öz səfirliyini açır, artıq ilk səfir təyin olunub. Eyni zamanda, bu yaxınlarda Bakıda İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin-Nunun da iştirak etdiyi İsrailin Avrasiya ölkələrindəki səfirlərinin illik görüşü keçirilib.

Xanım Bin-Nun Azərbaycana səfəri çərçivəsində haqqin.az saytına eksklüziv müsahibə verib.

 

Senzor.az bildirir ki, o, ilk növbədə saytın əməkdaşı Fərhad Məmmədovun Azərbaycana səfərinin məqsədləri, Bakıda keçirilən görüşlər və müzakirələrin təfərrüatları barədə sualını cavablandırıb. 

Xanım Aliza Bin-Nun bildirib ki, bu onun Azərbaycana ilk səfəridir: “Bildiyiniz kimi, bu il biz Avrasiya regionu ölkələrindəki səfirlərimizin görüşünə ev sahibliyi etmək üçün Bakını seçmişik. Bu seçim, əlbəttə ki, təsadüfi deyil, bu, İsraillə Azərbaycan arasında dostluğun, dərin münasibətlərin nəticəsidir.

 

Bakıda Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramovla çox gözəl görüşümüz oldu. Bundan əlavə, İsrail-Azərbaycan strateji dialoqu çərçivəsində xarici işlər nazirinin müavini Araz Əzimov, Prezidentin köməkçisi Hikmət Hacıyev və Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovla görüşdük. Yeri gəlmişkən, mən bir vaxtlar Elçinlə Fransada işləmişəm (diplomatik karyerası illərində Aliza Bin-Nun ardıcıl olaraq Macarıstanda, Fransada və Monakoda İsrailin səfiri olub – red.). Xarici işlər nazirinin müavini Fariz Rzayevlə də görüşüm olub. onunla bu yaxınlarda İsraildə də görüşdük. Azərbaycanın ölkəmizdə yeni təyin olunmuş səfiri Muxtar Məmmədovla görüşmək çox xoş oldu. 

Bu görüşlər zamanı biz Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etdirilməsi strategiyasını müzakirə etdik. İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başladığı bir vaxtda bu müzakirələr xüsusi məna kəsb edir və ölkələrimiz arasında turizm, elm, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əla fürsətdir”.

 

“Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulması təxminən 30 il əvvəl baş verib. Nəhayət, İsraildə səfirliyimiz açılır. Bu, şübhəsiz ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Başqa hansı hadisələri gözləmək olar? Bakıda siyasi məsləhətləşmələrinizin yekunlarına əsasən Azərbaycan və İsrail arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ehtimalı nə qədərdir”sualına cavabında İsrail diplomatı bildirib ki, Bakıda keçirilən görüşlər və dialoqlar bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişafına yönəlib: “Biz mövcud əməkdaşlığı genişləndirmək və ölkələrimizin birgə işləyə biləcəyi yeni sahələr axtarmaq istəyirik. Məsələn, Azərbaycana səfərimdən əvvəl mən İsrail Səhiyyə Nazirliyinin nümayəndəsi ilə görüşdüm və o dedi ki, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənəd hazırlanır. Bu sənədin Azərbaycan xarici işlər nazirinin səfirliyin rəsmi açılış mərasimində iştirak etmək üçün Təl-Əvivə qarşıdakı səfəri zamanı imzalanması planlaşdırılır.

 

Təbii ki, ölkələrimiz arasında strateji məsələlər və təhlükəsizlik üzrə əməkdaşlıq üzrə dialoqlar illərdir ki, davam edir. Bircə onu qeyd edim ki, biz onları yaxın dost kimi müzakirə edirik”.

 

“Bir neçə il əvvəl ABŞ nəşrlərindən biri yazmışdı ki, Azərbaycanla İsrail arasındakı münasibətlər aysberqin görünən hissəsinin üst qatına bənzəyir. Yəni ilk baxışdan göründüklərindən daha dərindirlər. Səfirliyin açılmasından və münasibətlərdə yeni mərhələnin başlamasından sonra nə gözləmək olar? “Aysberqin” su altında gizlənən o hissəsi tədricən üzə çıxmağa başlayacaqmı?”.

 

Bunu “çox yaxşı sual” hesab edən diplomat əvvəla, vurğulayıb ki, yəhudi icması ilə Azərbaycan xalqı arasında çox yaxşı, möhkəm əlaqələr yaranıb:”Bu, sonda çox güclü, strateji münasibətlər kimi formalaşan münasibətlərimizin əsasını təşkil edir. Təbii ki, səfirliyin açılması, ilk növbədə, turizm sahəsində əməkdaşlığın inkişafına təkan verəcək. Mənə verilən məlumata görə, təkcə ötən il İsraildən Azərbaycana 50 minə yaxın turist gəlib ki, bu da yaxşı göstəricidir. Səfirliyin açılması şübhəsiz ki, bu göstəricini yaxşılaşdıracaq. 

Ümumiyyətlə, ikitərəfli əlaqələr təkcə dövlətlərarası münasibətlərdən yox, həm də insanlar arasında xoş münasibətlərdən ibarətdir. Səfirliyin açılması ilə Azərbaycan və İsrail arasında əlaqələr bir çox sahələrdə genişlənəcək.

 

Yaxın vaxtlarda birgə Hökumətlərarası Komissiyanın iclasının keçiriləcəyi gözlənilir. Azərbaycan tərəfdən iclasa iqtisadiyyat naziri Mikayıl Cabbarov sədrlik edir. İsraildən isə ona həm də iqtisadi sahədə təcrübəsi olan və əvvəllər İqtisadiyyat Nazirliyinə rəhbərlik edən xarici işlər naziri Eli Koen rəhbərlik edir. Vurğulamaq istəyirəm ki, cənab Cabbarov peşəkar və təcrübəli, İsraildə böyük hörmətə malik bir insandır. Bu görüşdən müsbət nəticələr gözləyirəm.

 

Biz həmçinin təhsil, xüsusilə akademik təhsil, eləcə də kibertəhlükəsizlik sahəsində əməkdaşlığımızın əhəmiyyətli dərəcədə inkişafını gözləyirik.

 

Mədəniyyət sahəsi də önəmlidir, insanlar arasında qarşılıqlı ünsiyyəti genişləndirəcək. Mənə dedilər ki, Azərbaycanda çox yaxşı caz qrupları var, məncə, onlar İsrailə qastrol səfərinə gələ bilərlər. Demək istəyirəm ki, Azərbaycan mədəniyyəti ölkəmizdə yaxşı tanınır və qiymətləndirilir. Və ümumiyyətlə, Azərbaycanın İsraildə imici çox müsbətdir.

 

Amma daha çox iş görülməlidir və gənclər əlaqələr qurmaq üçün səy göstərməlidirlər. Bizim çox bacarıqlı səfirimiz var (Corc Dik, İsrailin Bakıdakı səfiri - red.). Bu yaxınlarda Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla da görüşdüm. Gözəl insandır. Düşünürəm ki, səfirlər öz fəaliyyətlərində bunu nəzərə alacaqlar, bu da o deməkdir ki, yeni layihələr yaranacaq və yüksək nəticələr əldə olunacaq”.

 

“Artıq vurğuladınız ki, region ölkələrində İsrail səfirlərinin görüşü üçün Bakının seçilməsi təsadüfi deyil. Həm bu görüş, həm də 30 ildən sonra Azərbaycanın İsraildə səfirliyinin açılması təsdiq edir ki, ölkələrimiz arasında münasibətlər son iki ildə, yəni İkinci Qarabağ müharibəsindən sonra xüsusilə dərinləşib. Azərbaycan Ordusunun qələbəsində İsrail silahlarının rolu barədə çox danışılıb. Sual olunur ki, İsrailin Azərbaycana dəstəyi yalnız silah tədarükü ilə məhdudlaşırdı, yoxsa o qədər aydın olmayan başqa məqamlar da var idi?”.

 

Aliza Bin-Nun jurnalistin bu sualına cavabında bildirib ki, o, humanitar sahədə dəstəyin göstərilməsi, məsələn, müharibə zamanı səfirin Gəncəyə səfəri, mərmilərdən zərər çəkmiş əhaliyə orada humanitar yardımın göstərilməsi haqda danışa bilər. Hərçənd, bu barədə səfirin özü danışsa, daha yaxşı olar: “Əlavə olaraq deyə bilərəm ki, müharibə başa çatdıqdan sonra “Yaşat” Fondunun dəstəyi ilə İsraildən Azərbaycana bir qrup oftalmoloq gəlib və onlar Azərbaycan Ordusunun döyüş zamanı yaralanan çoxlu sayda əsgərinin görmə qabiliyyətini bərpa edə biliblər. Bundan əlavə, İsrailin "Maşav" təşkilatı Gəncədə bombalanmadan zərər çəkmiş mülki əhaliyə istilik cihazları və digər yardımlar çatdırıb. Ümumiyyətlə, Azərbaycan ilə İsrail arasında bu münasibətlər təkcə müharibə dövrü ilə bağlı deyildi.

 

Onlar əvvəllər də olub, bu gün də davam edir və onu göstərir ki, təkcə hökumətlərimizi deyil, xalqlarımızı da isti münasibətlər bağlayır”. 

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistan İsraillə siyasi münasibətlərin genişləndirilməsi istiqamətində addımlar atıb. Daha sonra Yerevanda İsrailin müharibədə Azərbaycana dəstəyini gördülər və məyus oldular. Yerevan hazırda İsrail ilə münasibətləri inkişaf etdirmək üçün hər hansı təşəbbüs göstərirmi?

 

İsraillə Ermənistan arasında diplomatik münasibətlərin kifayət qədər sabit olduğunu xatırladan diplomat qeyd edib ki, İsraildə qədim erməni icması yaşayır: “Hamıya məlumdur ki, Azərbaycanla əlaqələrimiz strateji xarakter daşıyır. O da məlumdur ki, İsrail bir ölkə ilə digərinin hesabına münasibət qurmur. Biz Azərbaycan və Ermənistanın sülh, əmin-amanlıq və firavanlıq şəraitində yaşamasını ürəkdən arzu edirik”.

 

Saytın əməkdaşı bu cavabdan sonra soruşub ki, “Belə olan halda Azərbaycanın Avrasiyada İsrailin əsas strateji tərəfdaşı olduğunu söyləmək olarmı?”. Üstəlik əlavə edib ki, bu sualı Azərbaycanın yerləşdiyi regionu, eləcə də qonşularını nəzərə alaraq verir...

 

İsrailin Azərbaycanla münasibətlərinin həqiqətən çox xüsusi olduğunu vurğulayan diplomat deyib: “Bu gün, bildiyiniz kimi, Yaxın Şərqdə və ondan kənarda problemlər var. İranın İsrail üçün böyük təhlükə yaratdığı da heç kimə sirr deyil. Bu, əsasən Tehranın nüvə silahı istehsalını qurmaq cəhdləri ilə bağlıdır. Bundan əlavə, İran “Hizbullah” və “Həmas” terror qruplaşmalarını dəstəkləyir, həmçinin bütün dünyada israilliləri öz diqqət mərkəzində saxlayır. Bir sözlə, İsraillə Azərbaycanın ümumi regional problemlərinin olduğu tamamilə aydındır. Amma biz bu problemlərdən təkcə danışmırıq, həm də onlara qarşı fəal əməkdaşlıq edirik.

 

İsrailin İran xalqı ilə heç bir probleminin olmadığını vurğulamaq lazımdır. İsrailin problemi öz xalqına zülm edən İslam Respublikasının rəhbərliyidir. İran dünyada yeganə ölkədir ki, nəinki açıq şəkildə başqa bir dövləti yer üzündən silməklə hədələyir, hətta buna cəhd edir. Bildiyiniz kimi, Tehran xarici münaqişələrdə iştirak edir və günahsız mülki insanları öldürən pilotsuz təyyarələr verir. Beynəlxalq ictimaiyyət bütün bunları görür və biz hesab edirik ki, İranın təcavüzkar siyasətinin qarşısını almaq üçün beynəlxalq səylər daha effektiv olmalıdır”. 

             İsrailin Azərbaycandakı səfiri İkinci Qarabağ müharibəsi zamanı - Gəncədə ön sıralarda

“Dediniz ki, İran da Azərbaycan üçün təhlükə mənbəyidir. Məlum olduğu kimi, Tehranın Bakını təhdid etməsinin səbəblərindən biri də İsraillə münasibətlərimizdir. İran vaxtaşırı Azərbaycanı "İsraili regiona cəlb etməkdə" ittiham edir, bunu təhdidi kimi qiymətləndirir və ordusunun ötən ilin yayında Azərbaycanın sərhədləri yaxınlığında genişmiqyaslı təlimlər keçirməsini də bununla əsaslandırır. Tehran həqiqətən İsrail-Azərbaycan əməkdaşlığından, o cümlədən hərbi-texniki sferada, təhlükəsizlik məsələlərində və digər sahələrdə qorxmalıdır?”.

 

İsrail XİN-in siyasi direktoru suala cavabında rəsmi Tehrana xəbərdarlıq edib: “İran bilməlidir ki, nə beynəlxalq ictimaiyyət, nə də İsrail onun Suriya, Cənubi Qafqaz və Ukraynadakı siyasətini qəbul edə bilməz və heç vaxt da qəbul etməyəcək. Azərbaycan da, İsrail də sülhə, sabitliyə inanır. İranın siyasəti bunun əksidir, məhv, ümidsizlik və ölüm deməkdir. Ona görə də sülhə və sabitliyə inanan ölkələr İrandan gələn təhdidlərə ciddi yanaşmalı və müvafiq tədbirlər görməlidirlər.

 

Son illərdə Yaxın Şərq regionunda bir çox dəyişikliklər baş verib, İsrail bölgədəki Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn kimi ölkələrlə sülh müqaviləsi imzalayıb. Xoşbəxtlikdən dünya dəyişir və regionun bir çox ölkələri öz xalqlarının mənafeyi naminə İsraillə münasibətləri yaxşılaşdırmağa hazırdır. Bu xüsusda vurğulanmalıdır ki, Azərbaycan regionda 30 il əvvəl İsraillə diplomatik əlaqələr quran ilk ölkələrdəndir. O vaxtdan bu əlaqələr yalnız inkişaf edib, dərinləşib və inanıram ki, səfirliyin açılması onlara əlavə təkan verəcək”.

 

Sayt əməkdaşının son sualı Benyamin Netanyahunun İsraildə hakimiyyətə qayıdışı ilə bağlı olub: “Netanyahunun özü İslam Respublikasına qarşı ənənəvi sərt mövqeyi ilə tanındığından, onun Kabinetinin İrana qarşı daha barışmaz mövqe tutacağına dair fikirlər var. Xarici İşlər Nazirliyində yüksək vəzifə tutan şəxs kimi Tehranla bağlı siyasətin getdikcə sərtləşdiyini görürsünüzmü? İsrail Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı göstəriş alıbmı?”.

 

Aliza Bin-Nun bir daha xatırladıb ki, İran İsraili məhv etmək istəyən ölkədir: “Bu baxımdan İsrail siyasi isteblişmentində hökumətə hansı partiya və ya koalisiyanın rəhbərlik etməsindən asılı olmayaraq, Tehranın siyasəti ilə bağlı konsensus mövcuddur. Yəni bu məsələdə fikir ayrılığı yoxdur.

 

Hesab edirəm ki, biz əmin ola bilərik: Azərbaycanla xüsusi münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Və bu baxımdan, Baş nazir Benyamin Netanyahu ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında uzun illər ərzində formalaşmış çox yaxşı, konstruktiv münasibətlər, şübhəsiz ki, faydalı olacaq.

 

Çağırış və təhdidlərdən danışdıq. Ancaq hesab edirəm ki, eyni zamanda, İsrailin Azərbaycanla və regionun digər ölkələri ilə yeni və perspektivli imkanları var. Məsələn, mən su ehtiyatlarının idarəçiliyi, kənd təsərrüfatı, kibertəhlükəsizlik və digər sahələrdə daha sıx əməkdaşlıq görmək istəyirəm.

 

Azərbaycan rəsmiləri ilə görüşlərin birində demişdim ki, münasibətlərimizdən üstün yalnız səmadır. Amma dediklərimə düzəliş verdilər ki, “hətta səma da hüdud deyil”. Mən bu fikirlə tam razıyam”.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.