
Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Kto protiv” siyasi tok-şousunda Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirilib.
Belə ki, canlı yayımda çıxış edən erməni əsilli ekspert Araik Stepanyan iddia edib ki, guya Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərib və bununla da onlardan xilas olmağa çalışıb.
Qeyd edək ki, həmin gün yayımlanan “Kto protiv” tok-şousunda müzakirə edilən mövzu Türkiyə-NATO münasibətləri və Ukraynadakı müharibə olub. Yəni Azərbaycan ümumiyyətlə müzakirə mövzusu olmayıb.
Bununla belə, Ukraynadakı macarların rəsmi Kiyev tərəfindən guya bilərəkdən Ukraynanın şərqindəki müharibəyə göndərildiyini iddia edən Stepanyan həmin vaxt canlı efir imkanından istifadə edərək Azərbaycan əleyhinə fikirlər səsləndirməyi unutmayıb.
Qəribədir ki, özünü “Geosiyasi Problemlər Akademiyasının prezidenti” kimi təqdim edən “ekspert”in Azərbaycan əleyhinə təxribatçı fikirlərinə digər spikerlərdən reaksiya gəlməyib.
Məlumat üçün əlavə edək ki, Araik Stepanyan 1968-ci ildə İrəvanda doğulub. O, Birinci Qarabağ müharibəsinə qatılaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib. Müharibədən sonra isə Rusiya köçərək orada ali təhsil alıb. Araik Stepanyan tez-tez Rusiyanın federal kanallarında yayımlanan siyasi verilişlərə qonaq qismində dəvət alır.
Onu da xatırladaq ki, Rusiyanın dövlət tərəfindən maliyyələşən televiziya kanallarında, kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə təxribatlar mütəmadi baş verir. Bu təxribatlar İkinci Qarabağ müharibəsi zamanı, ondan əvvəl və sonra da müşahidə olunub.